«A.M.A.Y. Abdulla» ilə Abdulbari Gözəl arasında məhkəmə çəkişməsi başlayıb

İş adamı 6 milyonluq girovunu azad etmək üçün məhkəməyə üz tutdu

Bir müddət əvvəl ciddi problemlərlə üzləşən «A.M.A.Y.» ticarət mərkəzinin sahibi Abdulla Abdullayev həmin ərəfələrdə itirdiyi milyonlarla manat məbləği ilə ölçülən əmlaklarını geri qaytarmaq üçün yeni hüquqi varianta əl atıb.

Bu barədə mia.az-a daxil olan məlumata görə, «AMAY Abdulla» vaxtı ilə «Azərsun» şirkətinin sahibinə bağlı olan «Azərbaycan Sənaye Bankı» ASC-nin girovunda olan milyonluq əmlakını geri almaq yenidən məhkəməyə üz tutub. Abdulla Abdullayev bu dəfə "Azərbaycan Sənaye Bankı”nı özü və ya yaxınlarının adı ilə deyil, 2011-ci ildə Mərkəzi Bank tərəfindən qapadılan «Birlikbank»ın adı ilə məhkəməyə cəlb eləyib: «Bilirsiniz ki, Mərkəzi Bank 2011-ci ilin əvvəlində bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə fəaliyyətdə olan «Birlikbank»ın lisenziyası ləğv edib. Bu hadisə o məqama təsadüf etdi ki, həmin vaxt Abdulla Abdullayev «Azərbaycan Sənaye Bankı» ASC və «Texnikabank»la da həm məhkəmədə, həm də mətbu orqanlarının səhifələrində «vuruşurdu». Bir sözlə, o zaman «A.M.A.Y.» ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevlə Azərbaycan Sənaye Bankının simasında «Azərsun», «Texnikabank» və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında mal-mülk, pul qalmaqalı yüsələn xətt üzrə davam edirdi. A.Abullayev sözüedən qurumların ona qarşı qanunların deyil, qanunsuz vasitələrin gücü ilə təzyiqlər edildiyini, məqsədin isə bütün əmlakına sahiblənmək olduğunu bəyan edərək, ölkə rəhbərliyindən və ictimaiyyətdən dəstək istəyirdi. Məsələyə qarışan «Azərsun holdinq»in prezidenti, əcnəbi iş adamı Abdulbari Gözəl də Abdulla Abdullayevi günahkar bilərək, ya krediti ödəməli olduğunu, ya da müqaviləyə uyğun olaraq girov qoyulan əmlakı müsadirə etdirəcəklərini bəyan etdi. Aradan ötən illər isə göstərir ki, «Azərsun» rəhbərliyi Abdulla Abdullayevin girov əmlaklarını ələ keçiriblər. Lakin Abdulla Abdullayev bu dəfə əmlakını geri qaytarmaq üçün tamam başqa bir vasitəyə əl atıb. Bu «saman çöpündən» yapışmaq sayılsa da, ən azı girovda olan əmlakın bir müddətlik də olsa, ələ keçirilməsinə mane ola bilər».

Məlumata görə, A.Abdulayev Gözələ məxsus olan "Azərbaycan Sənaye Bankı”ndan illər əvvəl götürdükləri 6 milyona yaxın kreditə görə qoyulan girovun bazar qiymətindən xeyli aşağı dəyərləndirilməsini əsas edərək, işi yenidən məhkəməyə daşıyıb: «Abdulla Abdullayev sahibi olduğu "Birlikbank” ASC-nin adı ilə məhkəməyə üz tutub. O, bu dəfə "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC və Xətai rayon İcra Şöbəsini əsas cavabdeh qismində məhkəməyə verib. "Azərbaycan Sənaye Bankı”ASC isə üçüncü şəxs qismində prosesə cəlb olunub. Abdullayev məhkəmədən və cavabdehlərdən girovda olan əmlakları ilə bağlı keçirilən qiymətləndirmənin nəticələrinin ləğv edilməsini tələb edir».

Mia.az-ın xəbərinə görə, iş adamının iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi məhkəmədə baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır: «1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qətnaməsindən verilmiş şikayət hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə araşdırılır. İddiaçı qismində çıxış edən "Birlikbank” ASC-nin "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC, Xətai rayon İcra Şöbəsi və "Azərbaycan Sənaye Bankı”ASC (üçüncü şəxs) qiymətləndirmənin nəticələrinin ləğv edilməsindən bəhs edən tələbi üzrə sentyabrın 5-də proses də keçirilib. Lakin hakim həmin günü qərarını elan etməyib. Hakim prosesi başqa tarixə keçirib. Növbəti iclas isə sentyabrın 12-də keçiriləcək».(mia.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar