"Məgər insanlara “ölmə” deyə bilərik?"- Vaqif Əsədov

“Mən kiməm ki, toya-yasa qadağa qoyam, ancaq...”

“Biz Bakı 2015 Avropa Oyunlarına görə nə yasa, nə də toylara qadağa qoymuşuq”. Bunu modern.az saytına açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

O qeyd edib ki, məsələ mətbuatda işıqlandırıldığı kimi deyil: “Biz qadağan etməmişik. Məgər insanlara “ölmə” deyə bilərik?

Məsələ burasındadır ki, yas mərasimlərinin keçirilməsi üçün şəhər mərkəzində, yol kənarlarında çadırlar qurulur. Bu başdan deyirəm, ölənlərə Allah rəhmət eləsin! Amma yas mərasimlərini keçirmək üçün hər bir standarta cavab verən, hər şəraiti olan mərasim zalları var”.

Şöbə rəisi onu da vurğulayıb ki, hərəkətə mane olan yerlərdə çadırların qurulması qanun pozuntusudur: “Birinci növbədə yolların hərəkət hissələrini, səkiləri çadır qurmaqla zəbt etmək qanunların tələbinin pozulmasıdır. Bunu edənlər məsuliyyət daşıyır. Digər tərəfdən, sıxlığın, tıxacların yaranması kimi problem baş verə bilər. Ötən illər ərzində bunu etmək üçün şərait yox idi, mərasim zallarının sayı az olduğundan dərinə getmirdik. Maşallah, Allah uzaq eləsin, indi hər rayonda 4-5 mərasim zalı var. Lap Təzəpir məscidindən tutmuş bütün ərazilərdə sərfəli qiymətlərlə mərasimlərin keçirilməsi üçün inzibati binalar fəaliyyət göstərir. Gəlirsən, maşını saxlayıb, başsağlığı verib gedirsən. Təkcə Babək prospektində bir-birindən fərqli 5 mərasim zalı var, Nərimanov, Nəsimi, Səbayel və digər rayonlarda da var”.

Vaqif Əsədov Olimpiya Oyunları ərəfəsində toy mərasimlərinin də keçirilməsinə qadağa qoyulmasına aydınlıq gətirib: “Biz tövsiyə etmişik ki, həmin günlərdə kim toy edəcəksə, sözsüz ki, tıxacda qalma, hərəkət mümkünsüzlüyü ehtimalı var. Biz vətəndaşları düşündüyümüzdən bu tövsiyələri vermişik. Əhalidən xahiş edirik ki, çalışın Avropa Oyunlarının keçirildiyi ərəfələrdə toy mərasimlərini etməyin. Səbəbini deyim. Çünki oyunların keçirildiyi ərazilər üzrə təhlükəsizlik tədbirləri məqsədilə məhdudiyyətlərin qoyulması və istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Həmin vaxt yolu bağlayıb idmançıların, ora gələn tamaşaçıların təhlükəsizliyilə bağlı tədbirləri görək, yoxsa toy karvanlarını idarə edək?”.

Maraqlıdır, toy mərasimləri üçün məhz həmin tarixə yer götürənlərin aqibəti necə olacaq? Əgər restoran, şadlıq evi mərkəzdən kənardadırsa, toyu etmək olarmı?

Vaqif Əsədov deyib ki, əgər restoran kənar qəsəbələrdədirsə, toy etmək mümkündür: “Toyunuzu edin. Amma yenə sual ortaya çıxır: bəy-gəlin o restorana həmin küçələrdən keçərək gəlməyəcəkmi, tıxacda qalmayacaqmı? Bunu da toy sahibləri fikirlərşsin. Kim bəy-gəlinin toya gecikməsini gözə alırsa, getsin toyunu etsin. Şadlıq evi kənarda olsa belə, Heydər Əliyev prospekti, Ziya Bünyadov prospekti, Neftçilər prospekti, 3-cü kənar dairəvi yoldan və digər ərazilərdən mütləq keçəkəklər”.

“Vətəndaşlar həmin günlər toy edərsə, kimsə gəlib onun qarşısını alacaqmı” sualına Vaqif Əsədov belə cavab verib: “Məni siyasi söhbətlərə qatmayın. Mən "qadağandır" demirəm, sadəcə tövsiyə edirəm. İnsanlar özü düşünsün, bəy-gəlin tıxacda qalar, yaxud toya gələn olmaya bilər. Bunu vətəndaşın şəxsi düşüncələrinin öhdəsinə buraxırıq. Mən kiməm ki, toyu qadağan edim?! Sabah məni məhkəməyə verməzlərmi ki, sən kimsən, toyu qadağan edirsən?!”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar