SÜRÜCÜSÜNÜN ADINA 5 MİLYONA MƏNZİL ALDI - Yoxlamalar başladı
Hacıbala Abutalıbovun kadrı Qüdrət Şükürovun “Alov qüllələri” kompleksində sürücüsünün adına ev alması aranı qatıb
Neftin və manatın ucuzlaşması hakimiyyəti korrupsiyaya xüsusi diqqət ayırmağa, oğurlanmış büdcə pullarının geri qaytarılması istiqamətində daha sərt tədbirlər görməyə vadar edir. Bildirilir ki, qeyri-rəsmi olaraq məmurların var-dövləti, daşınmaz əmlakları ilə bağlı məlumatların toplanması və müvafiq yoxlamalar aparılması barədə ən yüksək səviyyədə tapşırıq verilib.
"Yeni Müsavat"qəzetinin məlumatına görə, belə bir yoxlama zamanı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovla bağlı heyrətamiz məlumatlar ortaya çıxıb. Məlum olub ki, baş direktorun özünün yox, sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak var! Özü də Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində! İzahat üçün dərhal deyək ki, həm “Alov qüllələri” kompleksində, həm də “Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.
Müdirindən maksimum 1000 manat məvacib alan sürücünün adına olan həmin əmlakın əsl sahibinin kimliyi haqda uzun-uzadı araşdırma aparmağa gərək olmayıb. Qüdrət Şükürovun iqtidardakı adamlarının əlaqələrini işə salması da nəticə verməyib. Ona yoxlamanın “yuxarıdan” və heç kimə fərq qoyulmadan aparmaq göstərişinin verildiyini deyiblər.
Belə bir vəziyyətdə baş direktorun sürücüsünün adına 5 milyon manatlıq mənzil alınması böyük qalmaqal yaradıb. Büdcə pullarının yeyintisinin hansı səviyyədə olması aranı qatıb. Məsələnin ölkə rəhbərliyinin diqqətində olduğu barədə də artıq məlumatlar var.
Araşdırmalarımız zamanı öyrəndik ki, Q.Şükürov hazırda tutduğu vəzifəyə 2012-ci ilin yanvarında Bakı meri Hacıbala Abutalıbovun əmri ilə təyin edilib. Ona qədər ilk baxışdan əhəmiyyətsiz görünən bu postu Vaqif Xəlilov tutub. H.Abutalıbovun kadr seçiminin “özəlliyi” haqda məlumatı olanlar bilir ki, Bakı meri ən əhəmiyyətsiz posta belə təyinat zamanı əmrləri imzalamaqdan yayınır. Namizədin kimliyini müxtəlif yollarla araşdırır. Bu baxımdan Q.Şükürovun da təsadüfən baş direktor vəzifəsinə təyinat almasını söyləmək olmaz. Onu da demək olmaz ki, Q.Şükürov hansısa addımı Bakı merinin xəbəri olmadan atıb. Ola bilər ki, o, özünə əmlak alanda H.Abutalıbovla məsləhətləşməyib, amma indi Bakı meri də əməllicə cəncələ düşüb...
Q.Şükürovun bu təyinata qədər hansı vəzifəni tutduğu haqda məlumat yoxdur. Bilinən odur ki, 2010-cu ilin aprelində ona məxsus olan “Range Rover” markalı maşından şüşəni sındırmaq yolu ilə 100 min ABŞ dolları və 60 min manat oğurlanıb. Sonradan polis oğruları tutub. Onun deputatlardan biri ilə qohumluq əlaqələrinin olduğu da bildirilir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.