ELŞAD ABDULLAYEVDƏN YENİ SENSASİYALAR - "Gülər Əhmədova oğlunu yanıma göndərdi..."

 "Sevinc Güləri bir dəfə mənim yanımda ifşa elədi. Mənə dedi ki, “sən bilirsən, bu nə işlə məşğul olur? Bunlar Cabir Novruzun oğlunu zəhərlədilər..."

Fəaliyyəti dayandırılmış ABU rektoru, hazırda Fransada siyasi mühacirətdə olan Elşad Abdullayevin "Yeni Müsavat" qəzetinə yeni sensasiyalarla dolu müsahibəsinin ikinci hissəsini təqdim edirik.

(Əvvəlini buradan oxuyun: 

- Əminsiz ki, haqqında danışdığınız Səlcuq məhz Ağlayandır? Dünyada Səlcuqlar çoxdu axı...

- Xeyr. Məhz həmin Səlcuqdu. Kürdəsillidir. İndi bizimkilər də gedib onun restoranında oturub, yeyib-içib, şəkil çəkdiriblər. Əks halda, onun bu işdə bu qədər maraqlı olması nədir? Onun öz pullarını prokurorluq vasitəsilə alması da hakimiyyətin nüfuzlu adamlarının hesabına olub. Bu Səlcuq o Səlcuqdur ki, Gülər Əhmədova ona pul atmışdı və o da həm Sevinci, həm də onu Azərbaycan prokurorluğuna vermişdi. O da Sevincin maşınını “Partşkola”nın qabağında vurdu. Bir də gördüm Sevinc mənə zəng edir ki, maşınımızı sən vurmusan? Dedim, sizi prokurorluğa kim verib? Dedi, Səlcuq bəy. Dedim, ondan şübhələnin. Həmin vaxt Sevinc də, Gülər də maşında olub. Bu, o vaxt mətbuatda da çıxmışdı ki, deputatın maşınını vurublar. Nüşabə Mirzəyeva var ha, bax onun videosunu bir neçə gün sonra yayacağıq.

“Bundan sonra daha kəskin videolar yayacağıq”

Sevinc Babayeva məsələsində də əsas sübut onun ailəsinin -bacısının, oğlunun, xalasının dedikləridir. Mən durub desəm ki, Sevincə yaxınam, yalandır. Bunun ailəsi deyir, zəhərlənmədir. Oğlu deyir ki, Səlcuq necə mənim anamın adını bilmirdi? O, anasının adından ona etibarnamə alıb. Bu, onu göstərir ki, ona saxta pasportu da Səlcuq düzəldib. Böyük bir mütəşəkkil cinayətkar dəstə ilə üzləşmişik. Günah hüquq-mühafizə orqanlarının və mətbuatın onun əlində aciz qalmasıdır. Sizi də qınamıram. Axı ölkədə hər şey kriminal qaydalarla həll edilir, insanları sındırmaqla məşğuldurlar. Eynulla Fətullayev mənimlə görüşəndə and içdi ki, bizim işimizlə bağlı gedib bütün sənədləri Avropa Məhkəməsinə verəcək. Bakıya gedəndə isə gedib onların tərəfində oturdu. Axtarmaq lazımdır ki, bunlar Eynullaya necə təzyiq ediblər.

- Elşad bəy, siz fasilə vermədən bir mövzudan digərinə sürətlə keçirsiniz və mənim suallarım cavabsız qalır. Gəlin, məsələlərə bir-bir aydınlıq gətirək...

- Yox, niyə ki? Siz mənə məhkəmə ilə bağlı sual verdiniz. Mən də dedim ki, Gülər Əhmədova Mahirin oğurlanması ilə bağlı mənimlə danışıb. Mahiri oğurlayıblar, amma o, məndən universiteti tələb edib. Sən kimsən ki, məndən universitet tələb edirsən? Deputatlıq, Sevincin ölümü ilə bağlı məsələlər də göz qabağındadır. Mənim qardaşım oğlunu həbs ediblər, 10 il iş veriblər. Mən ondan şikayət etməmişəm. Halbuki Kürdəmirin polis rəisi məni aldadıb aparıb Kürdəmirə, məndən Mahirin geri qaytarılması üçün 5 milyon istəyib. Prezidentə yazdım, bir az tədbir gördülər. Sonra xəbərdarlıq etdilər ki, ərizəni geri götürməsən, yaxşı olmayacaq. Ərizəmi geri götürmədim, qardaşım oğluna 10 il iş verdilər. O da götürüb türmədən zəng edib ki, mənim dişimi sındırıb töküblər, işgəncə veriblər. Azərbaycanda haqqın tərəfində durmaq çətin məsələdir. Bu cinayət gedib elə adamlarda dirənir ki, insanlar çaş-baş qalır. Necə olur ki, bir cinayəti 10 ildir üzə çıxara bilmirlər?

- Sevinc Babayevanın sizin şantajınız qarşısında dayana bilmədiyi üçün videolarda çəkilməyə razılıq verməsi ilə bağlı bayaqkı suala aydınlıq gətirək, mümkünsə. Bu iddianı Gülər Əhmədova məhkəməsində bildirmişdi.

- Mən şəxsən Sevinci bu məsələlərdə günahsız adam hesab edirəm. Onun bu işdə günahı yoxdur. Sevinci də heç nədə şantaj eləməmişəm. Sadəcə olaraq, Sevincin bu videoların çıxmasından da məlumatı olmayıb. Mən Gülər Əhmədovanı prokurorluğa, istintaqa verməmişdən qabaq yazılı şəkildə MTN-ə ondan şikayət etmişəm ki, bu adamın qardaşımın geri qaytarılması, universitetin məndən alınması, deputat seçilməyim üçün aldığı pulların qaytarmasını təmin edəsiniz. Bu söhbətlər mən Bakıda olanda baş vermişdi. Həmin görüntülər də 2007-ci ildə, hələ mən Bakıda olanda MTN-ə göndərilib. Bunun da nəticəsi olmadı. Sonra bura gələndən sonra Elnur Məcidlinin facebook ünvanından Gülər Əhmədovanın facebook ünvanına yazdıq ki, bacı, ya məsələləri həll elə, ya da pulu qaytarmaq lazımdır. O da oğlunu Lüksemburqa göndərdi. Biz danışdıq, mənə deyildi ki, pul qaytarılacaq. Sonra Əli Həsənov dedi ki, Elşad Abdullayev qələt edir. Mən də onun adekvat cavabını verdim və bu, mətbuatda çıxdı. Sonra məsələ belə oldu ki, Gülər Əhmədova pulu özü qaytarmalıdır. Pul Gülər Əhmədovada deyildi. Ona görə də o, ölkədən qaçmaq istədi ki, pulu alan özü ödəsin. Gülər Əhmədovaya da bunu imkan vermədilər, sərhəddə saxladılar, təhqir elədilər. Bu gün Gülər Əhmədova ona görə həbsdədir ki, alınan pulu özündən qaytarmayıb.

- Amma pul onda deyil deyirsiniz...

- Xeyr, pul onda deyil. Tam zərərçəkmiş kimi deyirəm: pulu kimə veribsə, ondadır. Mən bir az fərqli adamam, sözümün də üstündə dayanıram. Bu yaxınlarda da bununla bağlı kitab yazmışam, o, çıxacaq.

- Sevinc Babayeva ölkədən çıxanda Gülər Əhmədovaya, Tavat Şirinovaya sizinlə bağlı xeyli mesaj yollayıb. Onlardan birində “”Yaşasam Elşadın vayına oturacam" yazıb, digərində “Ürəyim çox pis ağrıyır. Allah Elşadın evini yıxsın. Alçaq gör nə həyasızdır ki, qalıb bizim pulumuzu qaytarmaqdan, şər-böhtan atır. Mən onu mütləq tapacam” yazıb. Sizdən niyə narazı idi bu qədər?

- Hər şeyin bir səviyyəsi var. Mən onlarla oturub-duran adam olmamışam. Onlara da özlərinə görə yox, hakimiyyətdə onların arxasında dayanan şəxslərə görə etibar eləmişəm. Mənim Sevinclə heç bir qərəzli münasibətim yoxdur. Sadəcə olaraq, Gülərin ilk dəfə məni şantaj etmək üçün çəkdirdiyi videoda iştirak edib. Ordakı qadınlar deyir, guya ABU-da çalışıblar. Heç biri ABU-da çalışmayıb. Gülərin bacısının dalaşma videosunu gördüm o gün saytlarda. O da başqa bir görünüşdə videoya çıxıb ki, guya ABU-da işləyib, ABU-da rüşvətxorluq olub və sair. Onlar hamısı yalandır. Tavat Şirinova işləyib bizdə. O da yeganə adamdır ki, 2005-ci ildə təhsil nazirinin əmri ilə işdən azad edilib. Gör bu hansı səviyyəyə qalxıb ki, Misir Mərdanov mənə məktub yazaraq “bu adamı təcili işdən çıxar” bildirdi. Mən də təhsil nazirinin əmrini əsas götürüb işdən çıxardım.

- Nəyə görə? Nə etmişdi Tavat Şirinova?

- Görünür, belə fırıldaq işlərdə çox iştirak edib. Ya da oyunlarda çox olub, ona görə də nazirin əmri ilə işdən çıxarıldı. Gülər Əhmədova deyir ki, guya mənim yanıma tələbələrlə bağlı gəlirdi. Heç vaxt mən onunla tələbə söhbəti etməmişəm. Zahid Oruc bir dəfə mənim yanıma gəldi, dedi ki, filan qrupda bir qohum tələbə var, ona qiymət yaz. Telefonla zəng etdi. Mən də dedim, baş üstə. Bir də gördüm bir diplomat, içində də qrupdakı 25 tələbənin “zaçot” kitabçası, deyir, bunlara da qiymət yaz. Mən də dedim, bir deputat kimi sənin sözünü nəzərə alıb, birinə qiymət yazaram. Amma sənə quzu kəsim, bütün qrupa qiymət yazdıra bilmərəm axı. Bu deputatlar belə olublar da. Bunlar sumka ilə “zaçotka” gəzdirənlər olub da, mahiyyətləri budur.

- Videoların montaj olunması ilə bağlı iddia da var, bilirsiz...

- Xeyr, onun cavabını məhkəmə ekspertizası öz rəyində bildirib. Çünki məcbur oldular desinlər ki, originaldır. Fransa daha öncə bunun orijinal video olmasını sübut etmişdi.

- Amma rəydə göstərilmişdi ki, kəsintilər var, sinxronluq pozulub...

- Xeyr, mən istintaqa, məhkəməyə orijinallarını təqdim etmişəm. Əldə olanlar təbii ki, surətidir. Mən hamıya orijinal videoları göndərməyəcəm ki? Sonra mən orijinalı necə geri alacam?

- Vəkil iddia edir ki, videonun yayılmayan hissəsində Gülər Əhmədova ilə sizin aranızda qalmaqal düşüb. Siz bir nəfəri, eləcə də onun atasını təhqir etmisiz, Gülər Əhmədova da buna görə sizinlə dalaşıb. Və siz videonun həmin hissələrini yaymamısız. Doğrudurmu?

- Məni tanıyanlar bilir, mən heç kimi təhqir etmirəm. Kiminsə qüsuru varsa, bunu deyirəm ki, qüsurunu düzəltsin. İnsanlarla normal səviyyədə danışmışam. Mən videoları ona görə yaydım ki, mənim üstümə gələn sıravi oğrular deyil, paqonlu əcinnələrdir. Hamısını da tanıyıram, hüquq fakültəsində dərs demişəm.

- Elşad müəllim, o qalan 4-5 saatlıq videoda nələr var? Onu nə zaman yayacaqsız?

- Yayanda görəcəksiz. Biz onu Azərbaycan məhkəmələri üçün yaymırıq ki, əsl azərbaycanlılar üçün yayırıq.

- Son yaydığınız videodan xeyli vaxt ötüb, müraciətləriniz səngiyib, susqunsuz...

- (Müdaxilə edir) Allah canınızı sağ etsin, mən sizinlə danışmıram deyə susqunam? Danışacaq o qədər yerim var ki. Bura Avropadır. Bir videogörüntü kifayətdir ki, bu cinayətin üstü açılsın. Sizə də ciddi iradım var: o videoda mütəşəkkil cinayətkar təşkilatın üstünə getmirsiz. Bir dəfə biriniz gedib Mətanət İsgəndərlidən, Sənan İbrahimovdan, Qulu Cəfərovdan, Akif Çovdarovdan, Hilal Əsədovdan bir şey soruşmursuz.

- Biz müstəntiq deyilik ki, kiminsə üstünə gedək. Baş verənləri yazmaqdır funksiyamız.

- Heç olmasa mətbuatımız xalqın tərəfində olsun. Azərbaycanda 800-ə yaxın qəzet var, onun üç-dördü normal qəzetdir, qalanı mütəşəkkil cinayətkar dəstənin sifarişini yerinə yetirir.

- Elşad bəy, biz də sizin kimi Fransada rahat otursaydıq, bu dediklərinizi deyərdik. Siz burda yaşaya bilmədiyiniz üçün ora getmisiz, düzdür?

- Yox, mən son nəfəsimə qədər vuruşdum Azərbaycanda...

- Son nəfəsinizə qədər vuruşmadız axı.

- Hər ərizə ilə müraciətimdə qara maskalılar üstümə düşürdü. Prezident Aparatından Fikrət Əliyevi prorektor təyin etdilər, universitetin maşınını aldılar. Canımı aldılar, malımı aldılar, universiteti əlimdən almaq üçün yalançı təşkilatlar yaratdılar. Dünyanın malı dünyada qalacaq. Bakıda qalsaydım, qərar verilmişdi ki, məni aradan götürsünlər. Çünki bütün faktları açmışdım.

- Bundan sonrakı mübarizəniz necə olacaq?

- Bundan sonra yayacağımız videolar daha kəskin və konkret olacaq.

 

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar