Eks-spiker Rəsul Quliyev 8 illik həbsdən sonra azadlığa çıxan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə zəng edərək ona keçmiş olsun diləklərini çatdırıb, həmçinin planları ilə maraqlanıb. Bu barədə “AzPolitika.info”-ya Rəsul Quliyevə yaxın mənbədən məlumat daxil olub.
Məlumata görə, bu günlərdə R.Qulyevin Bakıdakı tərəfdarlarından biri ona artıq azadlıqda olan Fərhad Əliyev və bu yaxınlarda azadlığa çıxacağı gözlənilən Əli İnsanovla əməkdaşlığın mümkünlüyü haqda sual verib. R.Quliyev deyib ki, bu günlərdə Fərhad Əliyevlə danışıb, lakin hiss edib ki, sabiq nazir siyasətlə məşğul olmaq niyyətində deyil.
Əli İnsanovla isə, Avropa Məhkəməsinin qərarı əsasında onun azadlığa buraxılması baş tutarsa, əməkdaşlıq etmək mümkündür.
Xatırladaq ki, həm Əli İnsanov, həm də Fərhad Əliyev 2005-ci ildə məhz Rəsul Quliyevlə gizli işbirliyi ittihamı ilə həbsə atılmışdılar. F.Əliyev bu yaxınlarda Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb və hazırda ailəsi ilə birlikdə Londondadır. Əli İnsanov isə ondan fərqli olaraq mübarizəsini davam etdirir. Lakin onun da yaxın vaxtlarda azadlığa çıxacağı gözlənilir. Bu barədə Avropa Məhkəməsinin qərarı var.
Fərhad Əliyevin siyasətlə məşğul olacağı gözlənilməsə də, Əli İnsanovun azadlığa çıxacağı halda müxalifətə qoşulacağı və yaxud özü partiya yaradacağı ehtimalı güclüdür.
Vaqif NƏSİBOV
AzPolitika.info

Şərhlər