2007-ci ildə eks-spiker Rəsul Quliyev və silahdaşlarının təsis etdikləri Açıq Cəmiyyət Partiyası (ACP) qurucularının bu təşkilatı tərk etməsindən sonra adını da dəyişməyə hazırlaşır. Bu haqda AzPolitika.info-ya partiyadan verilən məlumata görə, yaxın günlərdə ACP Məclisinin iclası keçiriləcək və Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi formalaşdırılacaq. Təxminən mart ayında partiyanın qurultayı keçiriləcək.

Partiyanın hazırki sədri Sülhəddin Əkbər təşkilatın adını dəyişmək niyyətində olduğunu elan edib. Hazırda bununla bağlı müzakirələr gedir.

Xatırladaq ki, ACP 6 il əvvəl təsis olunsa da, lideri Rəsul Quliyevə görə bu günə qədər dövlət qeydiyyatına alınmayıb. Çox guman ki, Sülhəddin Əkbər qeydiyyat məsələsində problem çıxmaması üçün partiyanın adını da dəyişmək, Rəsul Quliyevin “izini” tamamilə silmək niyyətindədir.

S.Əkbər bu ilin may ayında ACP-nin sədri seçilib. Onun Rəsul Quliyevlə uzun müddət birlikdə ola bilməyəcəyi haqda proqnozlar özünü doğrultdu və cəmi 4 aydan sonra R.Quliyev gözlənilmədən özünün qurucusu olduğu partiyadan istefa verdi. Bu istefanı dəyərləndirənlərin əksəriyyətinin qənaəti belə oldu ki, 4 aylıq Rəsul Quliyev-Sülhəddin Əkbər ittifaqından qazanan ikinci oldu. Lakin belə görünür ki, 6 il əvvəl təsis olunan, az-çox cəmiyyətdə tanınan bir partiya olan ACP heç Sülhəddin Əkbərə də lazım deyil. Bu partiyanın adını dəyişmək, faktiki olaraq ondan imtina eləmək, yeni partiya quruculuğuna başlamaqdır.

V.Nəsibov

AzPolitika.info