Parlamentin sabiq sədri Rəsul Quliyevin Ukraynaya səfəri gözlənilir. Bu barədə eks-spikerin Bakıdakı tərəfdarlarından biri AzPolitika.info-ya onun özünə istinadən məlumat verib.
R.Quliyev yaxın günlərdə Kiyevə gələcəyini deyib və bir neçə tərəfdarından bu səfər zamanı onu müşaiyyət etmələrini xahiş edib.
Xatırladak ki, bu günlərdə Müsavat başqanı İsa Qəmbər də Kiyevə səfər edib və avrointeqrasiya tərəfdarlarının mininqində çıxış edib. Müsavat başqanı, həmçinin Kiyevdə olan ABŞ senatoru Makkeyn, Ukrayna müxalifətinin liderlərindən Vitali Kliçko və digər siyasətçilərlə görüşüb, mətbuat üçün brifinq keçirib.
Azərbaycan müxalifətçilərinin Ukraynaya səfərləri təqdir olunur. Bu səfərlər həm Ukrayna xalqına dəstək ifadə etmək, həm də hazırda bu ölkəyə tuşlanmış beynəlxaq diqqəti Azərbaycandakı vəziyyətə də yönəltmək baxımından faydalı hesab olunur. İsa Qəmbərin ardınca Rəsul Quliyevin də Kiyevə getməsi və onlarla yerli və xarici telekanalla canlı yayımlanan mitinqlərdə çıxış etməsi Azərbaycan müxalifətinin xeyrinə olar. Lakin Rəsul Quliyevin ətrafına vəd verməsinə baxmayaraq, belə bir risqli addım atacağı az inandırıcıdır. Ukrayna eks-spiker üçün təhlükəsiz məkanlardan biri deyil. Ümumiyyətlə, R.Quliyevin bu regiondakı hər hansı ölkəyə səfəri zamanı onun həbsi ehtimalı yüksəkdir. Təsadüfi deyil ki, eks-spiker neçə müddətdir vəd verməsinə baxmayaraq region ölkələrindən heç birinə gələ bilmir. Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna kimi ölkələr R.Quliyevi öz sərhədlərindən içəri buraxmırlar. Türkiyə isə bununla bağlı hətta rəsmi qadağa da tətbiq edib.
V.Nəsibov
AzPolitika.info

Şərhlər