“Məndən uzaq olun. Necə ki, mən bacardığım qədər bütün ətrafınızdan uzaq olmağa çalışıram”

Təxminən 1 il əvvəl hansısa məmurun zəng olunaraq təhqir olunması işinin araşdırılması çərçivəsində Milli Təhlükəsizlik Nazirliyində İqbal Ağazadənin əleyhinə ifadə verdikdən sonra “Ümid” partiyasından uzaqlaşdırılan Könül Quliyeva, keçmiş sədrini “yenidən səbrim daşacaq”, deyə hədələyib.

AzPolitika.info-nun məlumatına görə, Ümid Partiyası sədrinin ailə, qadın və uşaq məsələləri üzrə keçmiş müavini Könül Quliyeva bu gün özünün Feysbuk səhifəsində yazıb:

“"Kitayski müxalifət" rolunu peşəkarcasına oynayıb, özünüzü cəmiyyətə sırıyırsınız, əcəb edirsiniz. Bunun müqabilində hakimiyyətdən mandat mükafatı alırsınız, yenə əcəb edirsiniz. Çünki bu sizin vəzifə borcunuzdur. Bəs bu qədər haqsızlıqlar, ədalətsizliklər, böhtanlarınız da vəzifə borcunuzdur? Ya yetmədimi? Ya bitmədimi? Bu ölkədən baş alıb hara gedək? İşıq gələn hər tərəfə əlləriniz uzandı, susduq, dinmədik. Silsilə böhtanlarınız hər dəfə fərqli istiqamətdə davam etdi, yenə dinmədik. Yetər... yetər... yetər!!!

Vallah-billah yenə səbr kasam dolacaq. Bu dəfə dolsa, çox şeyi göz önünə alacam! Sonra əziz dostlarınızı başınıza yığıb özünzü çox məsum insan kimi qələmə verərək, deyəcəksiniz ki, sifariş yerinə yetirir. Bunun üçün məndən uzaq olun. Necə ki, mən bacardığım qədər bütün ətrafınızdan uzaq olmağa çalışıram. İcazə verin başımızı aşağı salıb 5-3 manat qəpik-quruşumuzu qazanaq. Bu arada onu da qeyd edim ki, hazırda göründüyüm düşərgənin bir üzü var. Gündüz müxalifət, gecə iqtidar deyil. Sizdən fərqli olaraq günün 24 saatı iqtidardır.”

Xatırladaq ki, Könül Quliyeva bir qədər əvvəl 23 may 2014-cü il tarixində bacısı ilə birlikdə Milli Təhlükəsizlik Nazirliyinə aparıldığnı, orda məcbur qalaraq İqbal Ağazadənin əleyhinə ifadə verdiyini bəyan etmişdi.

“Məndən tələb olundu ki, sən bizə İqbal Ağazadənin E. Ə. ilə şəxsi yaxınlıqlarını təsdiq edən izahatı imzalamalısan. Mən bundan imtina etdikcə təzyiqlər atrmağa başladı. Əlacsız qalmışdım…

Yeganə ilə bacımın evə buraxılması müqabilində çox böyük mənəvi əziyyət çəkərək onların dediklərini imzalamağa razılaşdım…”, deyə, o bildimişdi.

Şübhə yoxdur ki, K.Quliyevanın yuxarıda təqdim etdiyimiz Feysbuk statusu məhz keçmiş sədri İqbal Ağazadəyə ünvanlanıb.

Rasim ƏLİYEV

AzPolitika.info