2013-cü ilin oktyabr ayında əfv edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev Almaniyadan sığınacaq alıb. Bu sensasion məlumatı musavat.com-a verən mənbənin sözlərinə görə, Əliyev qardaşları ən azı 5 il Azərbaycana qayıda bilməyəcəklər.
F.Əliyev 2001-ci ildə iqtisadi inkişaf naziri təyin olunmuşdu. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində onu öz xidməti kabinetində həbs etmişdilər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Rafiq Əliyev də 2005-ci ildə həbs olunmuşdu və məhkəmə onu 9 il azadlıqdan məhrum etmişdi.
Azadlığa buraxıldıqdan sonra Əliyev qardaşlarının həbsdən əvvəl sahib olduqları bəzi biznes obyektlərinin onlara geri qaytarılması ilə bağlı xəbərlər yayılsa da, əks proses baş verdi. Belə ki, qardaşlar Bakıdakı biznes obyektlərində olan paylarını da satdılar. Məsələn, R.Əliyev “Bank of Baku” ASC-də ona məxsus iki səhm paketini satdı.
F.Əliyevin həbsdən buraxıldıqdan sonra ölkəni tərk edəcəyi barədə xəbərlər yeni deyildi. Çünki hakimiyyətlə belə bir anlaşma da olmuşdu ki, sabiq nazir və qardaşı əfv edildikdən sonra xaricdə yaşayacaqlar. Üstəlik, belə bir anlaşma da vardı ki, milyarder statusunu həbsdə də itirməyən, xaricdə də xeyli əmlak sahibi olan Əliyevlər heç bir siyasi fəallıq göstərməyəcəklər, susacaqlar.
Redaksiyamıza məlumat verən mənbənin dediyinə görə, sığınacağı Almaniyadan almalarına baxmayaraq, hazırda Əliyev qardaşları bu ölkədə yaşamırlar. Bəzi mənbələr iddia edir ki, Fərhad və Rafiq Əliyevlər İngiltərədə yaşayırlar. Bəzi mənbələr isə onların hazırda İsveçrədə məskunlaşdıqlarını iddia edirlər. Sabiq nazirin yaxın adamları da bir neçə ay əvvəl mətbuatda verdiyi açıqlamada F.Əliyevin Almaniyada müalicə olunduğunu təsdiqləmişdilər.

Ümumiyyətlə, dünyanın dörd bir tərəfindən olan zəngin siyasi mühacirlər adətən hansısa Avropa ölkəsindən sığınacaq alır, lakin daimi yaşama yeri kimi başqa ölkəni seçə bilirlər. Məsələn, Rusiya prezidentinin uzun illər həbsdə saxladığı məşhur YUKOS şirkətinin prezidenti Mixail Xodorkovski əfv edildikdən sonra Almaniyadan siyasi sığınacaq almasına baxmayaraq, İsveçrənin Sürix şəhərində, özünə məxsus olan villada yaşayır.
Əllərində böyük vəsait olan Fərhad və Rafiq Əliyevlərin də Avropanın ən müxtəlif şəhərlərində biznes qurumları, çoxsaylı tərpənməz əmlakları var. Onlar üçün ev, iş qurmaq problem deyil. Problem budur ki, Azərbaycan iqtidarı ilə gizli anlaşmalarına baxmayaraq, Əliyevlər yenə də “siyasətə” qoşulublar.
"Yeni Müsavat"ın məlumat verən mənbə iddia edib ki, qardaşlar yenidən Milli Şuranın sədri, uzun illər Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri olmuş Cəmil Həsənli ilə bu və başqa formada əlaqələrini davam etdirirlər. Bu da onların siyasətə qayıtmasına hazırıq kimi xarakterizə olunur.

Şərhlər