Arif Hacılının rəhbərliyindəki yeni komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı arayış verib!
AzPolitika.info mühacir jurnalist, müsavatçı Elbəyi Həsənlinin Müsavat Partiyasının yeni rəhbərliyinə qarşı şokedici ittihamlarla dolu məqaləsini təqdim edir.
Mayın 16-da İsveçrədə yaranmış “Ocaq” Mədəniyyət Mərkəzinin sədri vəzifəsindən istefa verdim. Mətbuatda getmiş bəyanatımda bildirdim ki, “Ocaq” təşkilatına üzv olan mühacir müsavatçılara Bakıdan zəng edərək, onlardan seçim etmələri tələb olunur:

Yəni, Müsavat Partiyasının indiki rəhbərliyinin mühacirət biznesini ifşa edəcəyimizə dair söz vermişdik. Qolumuzu çırmayıb, araşdırmağa başlamışdıq ki, Rauf Arifoğlu Avropaya gəldi. Bizimlə uzun-uzadı danışdı. Arif Hacılının legitimliyini tanıdığını dedi, bizi də ona biətə səslədi.
Əlimdəki faktların bəzilərini ona dedim. İndiki rəhbərliyin partiyamızı özünün biznes qurumuna çevirdiyinin aşkar olduğunu, bunlara susa bilməyəcəyimi söylədim.
Üz vurdu. Onun Avropada olduğu müddətdə bir şeylər yazmadım.
Lakin həqiqət qardaşlıqdan da irəlidədir. Ona görə də məni qınasa da yazıram.
Həm də ona görə ki, Müsavat Partiyasının hazırkı rəhbərliyi, xüsusi ilə də Arif Hacılı və Gülüğa Aslanlı ortaqları qabaqdangəlmişlik edərək, özləri bəyanat yayaraq, “saxta mühacirləri ifşa etməyə” başlayıblar.
Şəkilli arayış 1500 manat, şəkilsiz 800 manat
Ortaya biabırçı nəticələr çıxıb. Əslində heç deyiləsi deyil – səhnə utancvericidir. Lap “Badenbadenin mavi gecələri”ni xatırladır...
Məlum olur ki, artıq neçə illərdir Müsavat rəhbərliyi, özəlliklə də Arif Hacılı və Gülüğa Aslanlı, o cümlədən də onların ətraflarında olan bir sıra funksionerlər - Razim Əmiraslanlı, Səxavət Soltanlı, Rafiq İsmayıl (Sabunçu rayon təşkilatı), Vaqif Davud (Oğuz rayon təşkilatı), Nemət Kərimli (Binəqədi rayon təşkilatı) və bir neçə başqa rayon təşkilat sədrləri mühacirət biznesinə girişiblər.
Mexanizm sadədir. Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapırlar, onlarla cinayət əlaqəsinə girərək, öncə onları partiyaya yazdırırlar, müəyyən kritik say düzələndən sonra, piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropaya “müsavatçı” ixrac edirlər.
Bu prosesdə onlara Avropada dəstək verənlər də var. Məsələ dəqiqləşdirildiyi və əlimizdə faktlar olduğu üçün adları açıq yazırıq:
1. Əli Ağayev. Stokholmda yaşayır. Çetenin ən fəal üzvlərindəndir. Mühacirət biznesində Arif Hacılı və Gülağa Aslanlının ən inanılmış adamlarındandır. Geydirmə müsavatçıları İsveçə yönəldən də budur. Əli Ağayev həm də novatordur. Bir neçə il öncə İsveçdə topladığı, lakin oturum ala bilməyən “müsavatçılara” dəstək üçün Müsavatın o zamankı başqanı, bu çirkin biznesdən xəbəri olmayan İsa Qəmbəri və indiki başqan Arif Hacılını Stohkolma dəvət etdi, oturum gözləyən “müsavatçıların” başqanla fotolarını görüntüləməyə nail oldu və işləri çözdü.
Yeri gəlmişkən: Bu hadisədən sonra təcrübədən çıxış edən Gülaga Aslanlı daha ehtiyatlı tərpənir. Mühacirətə getmək istəyən vətəndaşlara bildirilir ki, sadə arayış 800-1000 manat civarındadır. Lakin İsa Qəmbərlə kabinetdə şəkil çəkdirmək istəyənlər varsa, onlara fərqli qiymət oxunur. 1500-2000 manat. Sonra da bu çirkin əməllərdən xəbərsiz İsa Qəmbərə deyirlər ki, Müsavata bu gün 6 nəfər (məsəlçün ) qəbul etmişik, onlar sizinlə xatirə şəkli çəkdirmək istəyirlər.
Cəmi 3-4 gün sonra bu fotolar Avropa ölkələrindən birinin miqrasiya xidmətlərinə təqdim olunur....
2. Eldəniz Yusibov. Çetenin ən məhsuldar üzvü, əslində, ortağı. Hollandiyada yaşayır. Eldəniz Yusibov mühacirət biznesində olduqca fəaldır. Almaniyada, Belçikada, Hollandiyada olan yerliləri vasitəsi ilə Oğuz, Qəbələ rayonlarından olan vətəndaşların “müsavatçı” kimi Avropaya köçünü qüsursuz təşkil edir. Arif Hacılıya ən çox para qazandılran da məhz Eldəniz Yusibovdur. O, Almaniyanın Mainz şəhərində yaşayan yerlisi, qonşu rayonlusu Yusif Abulovun vasitəsi ilə yalnız son illərdə 30-dan çox oğuzlu və qəbələli ailəsini Avropaya gətirdə bilib. Hər birinə də Müsavat Partiyasindan üzvlük arayışı alıb!
Yeri gəlmişkən onu da yazaq: “Yeni Müsavat” qəzetinin müxbiri Sevinc Telmanqızı Avropaya səfər edərkən, bir baxımlı xanımdan - Belçikada yaşayan və oturumunu gözləyən Ləman Talıbovadan müsahibə almışdı.
Xanıma baxan kimi bilinir ki, belə siyasi mühacir, xüsusi ilə də müsavatçı siyasi mühacir olmaz. Avropada bilməyən yoxdur ki, bu xanım Eldəniz Yusibovun sevgilisidir, onun müsavatçılığı da elə bundan ibarətdir. Eldəniz Yusibov da utanmadan, öz sevgilisinin oturum alması naminə Müsavat başqanı İsa Qəmbəri də vaxtilə məkrli planına alət etmişdi - Ləman Talıbovanın Brüssel şəhərində səfərdə olan İsa Qəmbərlə birgə fotosunu çəkmişdi. Hazırda Belçika miqrasiya idarəsi skandal Elnur Mirzəyev işindən başqa, həm də bu xanım və qızının da saxta müsavatçı olmasını araşdırır. Elnur Mirzəyev işindən qıvıran və oxları yazıq Tofiq Yaqubluya yönləndirən Gülağa Aslanlı-Arif Hacılı tandemi Eldənizin sevgilisi məsələsinə hansı rəyi verəcək, maraqlıdır? Belçika Miqrasiaya xidmətinin araşdırdığı işin içində isə bu gözəl xanımların Müsavatın o zamankı başqanı İsa Qəmbərlə fotoları var. “Məni polislər zorlayılb”, deyə polislərə də, özünə də şər atan bu biabırçı personanın Müsavatın simvolu olan İsa Qəmbərlə nə işi vardı, Eldəniz Yusibov?! Əməlindən, saxtakarlıq və cinayətlərindən utanırsanmı?
3. Yusif Abışov. Almaniyanın Mainz şəhərində yaşayır. Oğuz rayonundan çoxsaylı köçün təşkilatçısı, vasitəçisi. Son vaxtlar siyasi görüş etibarı ilə Əli Kərimliyə meyllənsə də, Müsavat Partiyasının mühacirət biznesində yenə də əsas simadır.
4. Qabil Rzayev. İsveçrənin Bazel şəhərində yaşayır. Üzdə Müsavat Partiyasına düşmən kəsilib. Lakin Gülağa Aslanlı və Arif Hacılının mühacir biznesi ortaqlarından biridir. Yalnız özünə yaxın qohum olan ən azı 2 vətəndaşa “endirimli” qiymətlərə Müsavat Partiyasının üzvlük vəsiqəsi və Miqrasiya İdarəsinə təqdim etmək üçün lazım olan qaydada tərtib edilmiş arayış alıb.
Aclıq aksiyası da biznes üçün təşkil edilmişdi
Bu bandanın gözünü pul elə örtüb ki, onun üçün müqəddəs heç nə qalmayıb. Bu yaxınlarda keçirilən aclıq aksiyasını da Arif Hacılı–Gülaga Aslanlı-Razim Əmiraslanov məhz biznes məqsədi ilə həyata keçiriblər. Sadəlövh müsavatçıların canlarına qıyaraq etdiyi aksiyadan, Hacılı qardaşları və Gülağalar para qazanıblar. Belə ki, aclıq aksiyası bitəndən iki gün sonra 5 “müsavatçı” İsveçin Yöteborg şəhərində peyda olub. Özlərini İsveç miqrasiaya xidmətinə təslim edən “azüllər” son aclıq aksiyasında aksiya keçirdənlər və Müsavat rəhbərləri ilə birgə çəkdirdikləri fotoları da işlərinin arasına qoyublar...
DAHASI DA VAR...
Tofiq Yaqublunun müsibətli günlərində Bakıda idim. Ozüm orada bilavasitə müşahidə edirdim ki, Gülağa Aslanlı bir qrup şəxsə İsa bəylə, Tofiq Yaqublu ilə foto çəkdirmək üçün necə dirijorluq edirdi. Bu insanlar sadəcə cinayət etmirlər. Onlar bundan da betərini edirlər.
İnsanların inamı, əqidəsi, ümidi ilə oynayırlar.
Onlar Müsavatı o günə salıblar ki, 1-2 il sonra həyatları gerçəkdən də təhlükədə olan müsavatçılar başlarını və ailələrini götürüb, Avropaya qaçsalar, onları kimsə qəbul etməyəcək....
Onlar 100 ilin Müsavatına elə bir zərbə vurublar ki, bu zərbəni Lenin-Stalin və Azərbaycanın Əliyev hakimiyyəti vurmamışdı, vura bilməmişdi.
Arif Hacılı və onun bandası bir cinayətkar kimi həbsə alınmalı, Müsavat partiyası bu murdar dəstənin əlindən xilas edilməlidir.
Hər kəsi, xüsusi ilə müsavatçıları ayıq olmağa, bu bandaya qarşı mübarizə aparmağa çağırıram.
Qeyd: Bütün iddialarımızı təsdiqləyən sənədlər, feys və votsap yazışmalarına malikik. Həmin sənədləri yalnız İsa Qəmbərə göndərə bilərik. Çünki o, bu işin içində yoxdur...
Elbəyi Həsənli

Şərhlər