Qalmaqallı milyarder namizəd prezident olarsa, miqrantları ölkədən çıxaracağını deyib
ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd milyarder Donald Tramp seçki kampaniyasına 1 milyard dollar xərcləməyə hazırdır. ANS-in məlumatına görə, jurnalistlərdən biri ona seçkiqabağı kampaniyaya bu qədər pul xərcləyə bilcəyini soruşanda Tramp müsbət cavab verib.
"Bəli, əgər lazım olarsa, mən o pulu xərcləməyə hazıram. Mən ildə 400 milyon dollar qazanıram, nə fərqi var ki? Mən tək bir şey istəyirəm - öz ölkəmi daha əzəmətli edəm", - deyən Respublikaçı namizəd əlavə edib ki, onun digər namizədlərdən üstünlüyü öz kampaniyasını özünün maliyyələşdirməsidir.
Bundan başqa Tramp dövlət başçısı seçilərsə, ABŞ-da qeyri-qanuni yaşayan bütün miqrantları ölkədən çıxaracağını deyib. "Biz çalışacağıq ki, ailələr bir yerdə olsun. Amma onlar ölkəni tərk etməlidirlər", - deyən milyarder namizəd ABŞ prezidenti Barak Obamanın miqrantlar haqqında qərarını da ləğv etmək niyyətindədir. Həmin qərara əsasən, ABŞ-a gələn miqrantların sənədləri olmasa belə, onların uşaqlarının ölkədən çıxarılması qadağandır.
Keçirilən sorğuya əsasən, Donald Tramp respublikaçı namizədlər arasında liderdir. İndiyədək seçki kampaniyalarında səbəbkar olduğu qalmaqalların onun reytinqinə müsbət, yoxsa mənfi təsir etdiyi isə hələ də bilinmir. Belə ki, Donlad Tramp kampaniyalar zamanı cəmiyyət içində rəqiblərindən birini təhqir edib, teledebat işçiləri ilə mübahisə edib və Respublikaçılar partiyasının bir neçə üzvü ilə dalaşıb.

Jurnal yazır ki, Donald Tramp “öz vəzifəsindən ailəsinin varlanması üçün istifadə etməkdə” ittiham olunan Azərbaycan hökumət məmurunun oğlu ilə əməkdaşlıq edir.
Donald Trampın adını daşıyan dəbdəbəli otellər dünyanın bir çox şəhərlərində var. Ancaq onlardan biri diqqəti xüsusi cəlb edir.
“Bu da neftlə zəngin Azərbaycanın paytaxtında ucalan “Tramp Hotel”dir. Trampın biznes-müttəfiqi 34 yaşlı pleyboy-milyarderdir, onun atası Azərbaycanın nəqliyyat naziridir. KİV-lərin yazdığına görə, Məmmədovların sərvəti atasının siyasi əlaqələrinin nəticəsidir”- deyə jurnal yazır.
“Mother Jones” qeyd edir ki, neft milyardları sayəsində Bakı son onillikdə tanınmaz dərəcədə dəyişib. Bir-birinin ardınca ucalan göydələnlərdən biri də yelkən formasında tikilən 33 mərtəbəli “TrampTowers” otelidir. Otelin əvvəlcə ötən ay açılması planlaşdırılmışdı, lakin otelin mətbuat katibi deyib ki, açılış bu ilin sonunda olacaq.
2014-cü ildə D.Tramp bəyan edib ki, “Trump İnternational Hotel & Tower Baku” “Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir. D.Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı otel də ona məxsus deyil. Bina Məmmədovun nəzarət etdiyi “Garant Holding” tərəfindən tikilib və onun şirkətinə məxsusdur.
Lakin Tramp adının bu oteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komissiyon qazanıb. ABŞ prezidentliyinə iddiaçı kimi bu yaxınlarda açıqladığı maliyyə hesabatına əsasən Donald Tramp ən azından ötən il Bakıdakı otellə bağlı işlərə görə 2,5 milyon dollar alıb. Otel Trampın dəbdəbəli otellər zəncirinin bir hissəsi kimi idarə olunacaq.
Maliyyə sənədlərindən məlum olur ki, Anar Məmmədovun otelini idarə etmək üçün “THC Baku Hotel Manager Services LLC”, “THC Baku Hotel Manager Services Member Corp.” , “THC Baku Services LLC” və “THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir.
“Mother Jones” qeyd edir ki, Donald Trampın mətbuat katibi onun Anar Məmmədovla işgüzar münasibətlərinə dair suallara cavab verməkdən imtina edib.

Məqalədə Məmmədovun ABŞ-dakı lobbiçilik fəaliyyəti də xatırladılır.
“Tramp kimi Məmmədov da koloritli fiqurdur. Təhsilini Londonda alıb, ölkəsinin qolf federasiyasının rəhbəridir və öz veb-saytında iddia edir ki, “liderlik, qərarların qəbulu, strategiyalar, beynəlxalq işlər, siyasət, rabitə, insan haqları, ətraf mühitin mühafizəsi, vəsaitlərin cəlb edilməsi, ictimaiyyətlə əlaqələr, sponsorluq münasibətləri və publika qarşısında çıxışlar” sahəsində geniş təcrübəyə malikdir”- deyə məqalədə bildirilir.

“Mother Jones” A.Məmmədov haqda sualları onun lobbi təşkilatına – Azərbaycan Amerika Alyansına göndərib, lakin suallara cavab verilməyib.
Vaqif
AzPolitika.info

Şərhlər