Beynəlxalq Bankdan kredit adı ilə talanan külli miqdarda vəsaitin 2 MİLYARD MANATI Eldar Mahmudovun “ayağındadır”!

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun 17 oktyabr tarixində işdən çıxarılmasında müəyyən qədər mistika axtarmaq olar, lakin hadisələrin sonrakı inkişafı ilə mistikanın heç əlaqəsi yoxdur – hər şey qanunauyğunluqdur. MTN rəhbərliyində formalaşmış mütəşəkkil cinayətkar dəstə cəzasızlıq mühitində özünü dəryada balıq kimi hiss etməkdə və tədricən Azərbaycan dövlətçiliyi, vətəndaşı üçün təhlükə mənbəyinə çevrilməkdə idi. Bir gün bu qüvvənin siyasi hakimiyyətin özü üçün də təhlükə törədəcəyini uzaqgörən müşahidəçilər çox böyük müdrikliklə proqnozlaşdırmaqda idilər. Lakin reallıq belə idi ki, bu son dərəcə təhlükəli kriminal dəstəyə qarşı getmək, KİV-lərdə onunla bağlı ifşaedici materialları, məlumatları paylaşmaq mümkün deyildi...

MTN-də oktyabrın 17-də gecə saatlarından başlayaraq davam edən xüsusi əməliyyat və həbslərlə bağlı şokedici məlumatların ardı-arası kəsilmir. İşdən çıxarılaraq həbs edildiyi bildirilən yüksək rütbəli MTN əməkdaşlarının sayı 6-7 nəfərə çatıb. Bir neçə yüksək rütbəli MTN əməkdaşının həbs olunduğu, onların evlərində axtarışlar aparıldığı haqda məlumatları artıq təsdiq olunmuş hesab etmək olar – çoxsaylı mənbələr bu barədə sorğuları astadan təsdiq edir. Hətta bu gün AzPolitika.info-ya verilən məlumatlarda MTN-də başlayan həbslərin kütləvi xarakter aldığından da bəhs olunur. Lakin hələlik yalnız 5-6 ad çəkilir və onların sayı artmaqdadır. Bunlar MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Monitorinq Xidmətinin əməkdaşı, general-mayor Natəvan Məmmədova, nazir müavini, general-leytenant Hilal Əsədov, idarə rəisi general-mayor Akif Çovdarov və digərləridir. Hazırda adıçəkilən şəxslərin bir qrupu həbs edilib, Eldar Mahmudov başda olmaqla Akif Çovdarov, Hilal Əsədov və digər generallar nəzarətə götürülərək əməlləri araşdırılır.

Şübhəsiz ki, MTN-də belə bir əməliyyatın keçirilməsini zərurətə çevirən çox ciddi əsaslar olub. Bu əsaslar nədən ibarətdir, hələ ki, məlum deyil. Bəlkə də heç vaxt məlum olmayacaq, axı söhbət ölkənin xüsusi xidmət orqanından gedir. Hələlik ən tutarlı səbəb kimi MTN-in Azərbaycan Prezidenti və onun ailə üzvlərinin telefon danışıqlarını dinləməsi göstərilir. Təkcə bu informasiyanın ucundan tutaraq, əminliklə söyləyə bilərik ki, Eldar Mahmudov indiyədək həbs olunmayıbsa da, qarşıdakı günlərdə mütləq həbs olunacaq və yol verdiyi bağışlanmaz xəyanətə, Azərbaycan dövlətçiliyinin əsaslarını sarsıdan bu və digər əməllərinə görə cavab verməli olacaq. Ölkənin və təbii ki, həm də ölkə başçısının təhlükəsizliyinə cavabdeh olan bir şəxsin Azərbaycan Prezidentini və onun ailəsini dinləməsi – BU XƏYANƏTİN, HARINLIĞIN VƏ NANKORLUĞUN ZİRVƏSİ OLSUN GƏRƏK.

Bu hadisə bir daha sübut edir ki, kimliyindən, keçmişdə hansı xidməti göstərməyindən asılı olmayaraq, hər hansı bir şəxsin sərhəd tanımayan səlahiyyətlərlə silahlandırılması dövlətçilik üçün nə qədər təhlükəlidir. 10 il ərzində Eldar Mahmudovun və onun cəlladlardan ibarət dəstəsinin Azərbaycanda “kəsdiyi başa” sorğu-sual olmadı. Bu adam illərlə əslində Türkiyə xəfiyyələrinin xidməti olan “Qara kəmər” əməliyyatının kölgəsində istədiyini etdi.

Son 10 ildə irili-xırdalı minlərlə sahibkarın yolu MTN-dən düşdü, niyə, nə üçün? Kimsə qorxusundan səsini çıxara bilmədi. İnsanlar sakitcə intihar yolunu tutdular...

Son dərəcə mötəbər qaynaqlardan AzPolitika.info-ya verilən məlumata görə, Beynəlxalq Bankdan kredit adı ilə talanan külli miqdarda vəsaitin nə az-nə çox, DÜZ 2 MİLYARD MANATI Eldar Mahmudovun “ayağındadır”. Ən dəhşətlisi isə odur ki, bu məbləğdə vəsait, təkcə “şapkası” alınmaqla “qudanın” barmaq tuşladığı sahibkarlara kredit kimi verilməyib. Çox əhəmiyyətli hissəsi müxtəlif iş adamlarının, sahibkarların adına kredit kimi rəsmiləşdirilərək, “diri-diri udulub”. Məsələn, belə: Hansısa böyük sahibkarın “cinayəti” ifşa olunub, onun qarşısında konkret məbləğ qoyulub. Lakin həmin sahibkarın əzı 6-7 rəqəmlə ifadə olunan bu məbləği vermək imkanı olmayıb. Bu zaman həmin sahibkara Beynəlxalq Bankdan (Bəzən də digər banklardan) “kredit” təşkil olunub. Sənədlərə sahibkar imza atıb, ayrılan pulu çekistlər qamarlayıb. Bütün bunlar Beynəlxalq Bankla bağlı “Bandotdel”də aparılan istintaqdan sonra ortaya çıxıb və Prezidentə məruzə olunub.

NƏTİCƏ GÖZ QABAĞINDADIR...

“AzPolitika”