"Seçkinin indidən bəlli olan nəticələrinə qarşı aparacağımız mübarizə də İlyas müəllimin şəxsi mənafeyinin müdafiəsinə yox, qanunun pozulmasına qarşı yönələcək”

106 saylı Tovuz-Qazax-Ağstafa seşki dairəsindən deputatlığa namizəd, Ədalət Partiyasının sədri İlyas İsmayılov seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ağstafanın Köçəsgər, Qazaxın Xanlıqlar və Cəfərli kənd sakinləriylə görüşüb. Görüşdə seçicilərin problemlərini dinləyən namizəd onları öz seçki platformasıyla tanış edib.

Bunu Moderator.az-a namizədin seçki qərargahının rəhbəri Ayaz Əfəndiyev bildirib. O, həmçinin deyib ki, mətbuatda İlyas İsmayılovun qarşısında hakimiyyət tərəfindən heç bir maneə yaradılmadığı barədə yazılanların əsası yoxdur: “Hakimiyyətin bu dairədən keçirmək istədiyi öz namizədi var. Prezident Aparatında işləyən bu namizədin xeyrinə rayonların icra aparatları qanunazidd fəaliyyətlə məşğuldurlar. Onun bütün görüşləri inzibati vahidlərin köməkliyi ilə təşkil olunur, toplantılarına xeyli insan gətirilir. Bunlar isə seçki qanunlarına zidd əməllərdir”.

Ayaz Əfəndiyevin sözlərinə görə, İlyas İsmayılovun qarşısına bu bölgədə tanınmayan bir adam çıxarılıb və bölgənin ən tanınmış adamının ona uduzdurulması niyyəti var: “Bununla hakimiyyətdəki bəzi dairələr sanki İlyas İsmayılovdan parlament üzvü kimi apardığı prinsipial mübarizənin qisasını alırlar. Məlumdur ki, sədrimiz deputatlıq fəaliyyəti zamanı Milli Məclisə bir çox deputatların qanunsuz seçildiklərini öz hüquqi təcrübə və məntiqiylə dəfələrlə sübuta yetirmişdı. Bununla da o, hakimiyyətdəki bəzi dairələrin maraqlarına toxunmuşdu. Görünür, bu cür qanunsuz fəaliyyətləriylə indi həmin dairələr İlyas İsmayılovdan öz aləmlərində qisas almaq istəyirlər”.

Namizədin vəkili deyir ki, rayon icra aparatlarının seçki prosesinə bu cür kobud müdaxilələrini yalnız İlyas İsmayılovdan yox, həm də hüquqsuzluğun hüquqdan alınan qisası kimi qəbul edirlər: “İlyas İsmayılov ömrünün böyük hissəsini ən ali vəzifələrdə keçirmiş adamdır. İndiyə qədər tutduğu vəzifələrdə hər zaman qanunun, hüququn yanında olub. Öz şəxsi mənafeyini ümumxalq maraqlarına qurban verməyi bacaran bu adamı bu cür cılız metodlarla narahat etmək olmaz. Sədrimiz kimlərdənsə fərqli olaraq vəzifəyə gözü doymuş biridir. O, deputatlıq fəaliyyəti boyunca da bunu ən bariz şəkildə sübuta yetirib, qayəsinin öz maraqları olmadığını ortaya qoyub. Ümumxalq mənafeyi uğrunda mübarizənin bu cür cılız metodlarla cəzalandırılması da onu qətiyyən narahat etmir. Nəinki təmsilçisi olmaq istədiyi rayonların insanları, həm də bütün Azərbaycan xalqı bu nadir ziyalını yaxşı tanıyır, ona həmişə sayqı və hörmətlə yanaşır. Bizim üçün də bu ümumxalq rəğbəti daha əsasdır. Hakim komandada kimlərinsə rəğbəti heç zaman bizi maraqlandırmayıb. Seçkinin indidən bəlli olan nəticələrinə qarşı aparacağımız mübarizə də İlyas müəllimin şəxsi mənafeyinin müdafiəsinə yox, qanunun pozulmasına qarşı yönələcək”.

İlyas İsmayılovun keçidiyi son görüşlərdən çəkilmiş fotoları təqdim edirik: