“Rusların məşhur atalar sözü var: “Hет худа без добра”. Mənası təxminən belədir ki, hər pis işin içində bir yaxşı da olur. Sözüm Eldar Mahmudovun məlum dəstəsi haqqındadır. Hər kəs də olmasa, çoxları aydın şəkildə dərk edir ki, bu banda addım-addım hakimiyyəti ələ keçirməyə doğru irəliləyirdi."
Bunları keçmiş MTN işçisi, politoloq Ərəstun Oruclu hazırda MTN-də baş verənlərə həsr etdiyi növbəti Feysbuk statusunda yazıb. Politoloqun fikrincə, Eldar Mahmudov və bandasının hakimiyyəti ələ keçirmək niyyətini göstərən çoxsaylı faktlar var.
"Elə deyilsə, o zaman media məkanına bu qədər dərindən nüfuz edərək onlarla saytlar açmaq, loyal olmayan ictimai-siyasi kəsimi sıradan çıxarıb yerini öz agentura şəbəkəsi ilə doldurmaq, dövlətin ən yüksək pillələrində duran şəxslərə və onların ailə üzvlərinə dosyelər açmaq, bir sıra xarici dövlətlərin müxtəlif qurumları ilə sıx əlaqələr qurmaq, mətbuatda MTN rəhbərliyinin "uğurlu əməliyyatları" barədə müntəzəm piar-kampaniyalar aparmaq, xeyli nazir və rəsmiləri özləri, ailə üzvləri haqqında topladıqları ifşaedici məlumatlarla şantaj edərək öz iradələrinə tabe etmək, bir sıra dövlətlərin başında duran şəxslərin yaxın ailə üzvləri ilə biznes əlaqələri qurmaqla onlara külli miqdarda rüşvət vermək, Azərbaycanın əksər ölkələrdə fəaliyyət göstərən səfirlik və nümayəndəliklərinə özünün çoxlu sayda adamlarını yerləşdirmək, Avropanın müxtəlif dövlətlərində siyasi sığınacaq almaq yolu ilə öz geniş şəbəkəsini qurmaq və nəhayət, parlament seçkilərində iştirak üçün böyük bir qrupu hazırlayıb siyasi arenaya çıxarmaq bunların nəyinə lazım idi? Sözsüz ki, biz hələ bu cinayətin ifşasının başlanğıc mərhələsindəyik və əminəm ki, burda sadalanan bəndlərdən daha ciddiləri var və onların da açılacağına şübhəm yoxdur. Sabah bu miqyaslı cinayətin içindən hansısa siyasi partiya(lar)ın adı çıxanda, hansısa projelərin arxasında Mahmudov-Çovdarov dəstəsinin durmuş olduğu deyiləndə, güc strukturlarından hansınınsa onlarla bir bağlamada olduğu açıqlananda (bunun da ilkin əlamətləri artıq görünməkdədir) hay-küy, haray-həşir aləmi götürəcək və hətta xeyli adam da bütün bunların böhtan olmasına inanacaq. Amma bəndəniz bilir ki, bu, belə deyil və oxuduğunuz postu da bu gün, indi təsadüfən yazmır. Bütün bunlar nə medianın təhlilindən, nə də kimlərinsə fikirlərinin öyrənilməsindən əldə etdiyimiz nəticə deyil, bunlar İllər boyu bizə daxil olan məlumatlara əsaslanaraq gəldiyimiz qənaətdir”.


Şərhlər