Ədalət Partiyası yenidən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə məktubla müraciət edib. Partiya İcra Başçısını ölkə qanunlarına hörmət göstərməyə çağırıb.

Bir nüsxəsi AzPolitika.info-ya daxil olan məktubda deyilir:

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə uyğun olaraq, Ədalət Partiyasının Gəncə şəhərində yaşayan üzv və tərəfdarları ilə 30 mart 2013-cü ildə görüş keçirmək, “Sərbəst Toplaşmaq Azadlığı” haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 08 iyun 2013-cü il tarixdə saat 16.00-dan 18.00-dək “Demokratiya” “Qarabağ”, “Ədalət” şüarları altında min nəfərin iştirak edəcəyi mitinq keçirmək məqsədilə sizə müraciət ünvanlamışdıq.

Qeyd edilən müraciətlərimizin heç birinə bu günədək cavab verilməmişdir. Bu isə “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikasının Qanununun və “Sərbəst toplaşmaq azadlığı” haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsi ilə ziddiyyət təşkil edir. Onu da diqqətinizə çatdırırıq ki, hər iki müraciətimizdə qeyd edilən tədbirləri keçirmək niyyətindəyik və sizdən müvafiq cavab gözləyirik.

Ona görə də, bir daha sizə müraciət edərək “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında və “Sərbəst toplaşmaq azadlığı” haqqında Azərbaycan Respublikasının Qanunlarının tələblərinə uyğun olaraq, müraciətlərimizə cavab verməyinizi və məqbul hesab etdiyiniz gündə saatları dəyişmədən hər iki tədbirin keçirilməsinə razılıq verməyinizi xahiş edirik.”