İstintaq Komissiyası “MTN işi”ndə prinsipiallıq göstərirmi?
Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunmasından və bu orqanda kök salmış təhlükəli kriminal qruplaşma əleyhinə xüsusi istintaq-əməliyyat tədbirlərinin başlanmasından 2 ay ötdü. İndiyədək aralarında generalların da olduğu 20-dək qruplaşma üzvü həbs olunub, yüzlərlə adam vəzifəsindən və xüsusi xidmət orqanından qovulub, yüzlərlə zərərçəkən rəsmən qeydə alınıb, nəhayət, MTN ləğv olunaraq, onun bazasında 2 müstəqil qurum – Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb. Baş Prokurorluqda yaradılmış xüsusi istintaq komissiyası isə işini davam etdirir.
Nardaran hadisələri, ardınca “Günəşli” yatağında baş verən faciə, bu günlərdə isə manatın növbəti kəskin devalvasiyası “MTN işi” adlanan son 10 ilin ən sensasion cinayət işindən diqqəti bir qədər yayındırsa da, son illər ərzində MTN-də baş verən dəhşətlərlə bağlı yeni-yeni faktlar ortaya çıxmaqda davam edir. Az qala hər gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun “General bandasının” ötən illər ərzində həyata keçirdiyi saysız cinayətlərin yeni qurbanları tapılır, onların mətbuatda açıqlamalarına rast gəlinir.
Ancaq bunlar belə MTN-dəki bandanın soyğunculuğuna, şantajına məruz qalmış insanların kiçik bir hissəsini təşkil edir. Vaxtilə üzləşdiyi şantajlardan, Mahmudovun bandası ilə bir yerdə işləyənlərin bəzilərinin hələ də vəzifədə olmasından və ya hansısa başqa bir səbəbdən çəkinərək mətbuata çıxmaqdan, şikayət etməkdən çəkinənlərin sayı-hesabı yoxdur.
Lakin hələlik ölkə prezidentinin Eldar Mahmudovu işdən çıxarmasından dərhal sonra Respublika Prokurorluğunda yaradılan xüsusi istintaq komissiyasında cəmi 57 nəfər zərərçəkən kimi tanınıb, MTN-nin 19 yüksək rütbəli əməkdaşına konkret maddələr üzrə cinayət ittihami irəli sürülüb.
Ancaq təbii ki, bunlar nə MTN-dəki bandanın soyğunçuluğu ilə üzləşənlərin, nə də cinayətlərdə iştirak edən banda üzvlərinin tam sayını əks etdirmir.
2 ayın ən böyük müəmması: Eldar Mahmudovun həbs olunmaması...
Son 2 ayın ən böyük müəmması isə, 10 ildə MTN-də baş verən ağır cinayətlərin başında duran, bu cinayətlərin təşkilatçısı və sifarişçisi olduğu şübhə doğurmayan keçmiş nazir Eldar Mahmudovun hələ də həbs olunmamasıdır. Bəzi ehtimallara görə, E.Mahmudovun həbsinin yubanması istintaqın onun əleyhinə materiallar toplamasının vaxt alması, həmçinin, keçmiş nazirin həbsinin doğura biləcəyi nəticələri dərindən götür-qoy etmək zərurəti ilə bağlıdır. Başqa sözlə, E.Mahmudovun özünü həbsdən sığortalamaq üçün tədbirlər görüb-görmədiyini dəqiqləşdirmək mümkün olmadığından, radikal addımın atılması riskli hesab olunur. Lakin mötəbər mənbələrdən “AzPolitika”ya verilən məlumata görə, E.Mahmudovun həbsi qaçılmaz olsa da, hakimiyyətdaxili müəyyən qüdrətli çevrələr, hələ ki, bu addımın atılmasını əngəlləyə bilirlər.
İstintaq Komissiyası prinsipial mövqe tuturmu?

Mövlan Şıxəliyev müəmması

Məsələn, 2 gün əvvəl mətbuat konfransı keçirən vəkil Türkel Süleymanlı bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs, hazırda həbsdə olan Elçin Abdullayev keçmiş MTN Baş İstintaq İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov tərəfindən təqibə məruz qalıb və əsassız olaraq həbs edilib. Vəkilin sözlərinə görə, bu cinayət işi yalnız maddi maraq əsasında MTN tərəfindən başlanıb.
"Bunlara şamil olunmuş cinayət işi CM-nin 177-ci maddəsidir. Bu oğurluqdur. Bu maddənin istintaq işini DİN aparmalıdır. İstintaqı DİN-ə verməmək üçün Transmilli Cinayətkar qrup adlandırıb işi özləri aparıblar. İşin içində bir nəfər zərərçəkən şəxs və ya tərəf yoxdur. Məqsəd dəstə başçısı adlandırılan Rəhman Musayevi həbs etmək olmayıb. Məqsəd onun mülkünü, əmlakını ələ keçirmək olub. İstintaq gedib, adamlar həbs olunub. Sonra Rəhman Musayev barəsində həbs qəti imkan tədbiri dəyişdirilib".
Dəstənin başçısı kimi həbs olunan Rəhman Musayev barəsində həbs qətimkan tədbiri dəyişdiriləndən sonra o yoxa çıxır və məhkəmə proseslərində belə iştirak etmir. Halbuki, istintaq işində Rəhman Musayev başda olmaqla bu şəxslərin guya Hindistan, Rusiya, ABŞ və digər ölkələrin vətəndaşlarından ibarət cinayətkar qrup formalaşdırdığı, heç bir xarici bank və fiziki şəxsin şikayəti, hətta adı olmadığı halda, Elçin Abdullayevin 140 min, Emin Zəkiyevin isə 40 min manat mənimsədikləri yazılaraq, onlar özgə əmlakını talamaqda ittiham ediliblər.
“Sahib Ələkbərov oğlumu girov götürdü...”
“AzPolitika.info”ya daxil olan konkret şikayət və əldə olunan digər məlumatlar göstərir ki, sözügedən Baş İstintaq İdarəsinin müstəntiqi Sahib Ələkbərov və idarənin rəisi Mövlan Şıxəliyev vətəndaşların mal-mülkünü, pulunu ələ keçirmək üçün bütün yaramazlıqları etməyə hazır olublar, o cümlədən, onların tələblərini yerinə yetirməyən insanların övladlarını girov götürüb, məqsədlərinə nail olana kimi heç bir rəsmiləşdirmə aparmadan MTN-in zirzəmisində saxlamaqdan belə çəkinməyiblər. Belə bir ağır cinayətlə üzləşmiş sahibkar “AzPolitika”ya şikayətində yazır ki, Baş İstintaq İdarəsinin müstəntiqi Sahib Ələkbərov şər və böhtanla ondan tələb etdiyi külli miqdarda vəsaiti ala bilməyəndə yeniyetmə oğlunu girov götürüb, MTN-in zirzəmisində ona işgəncə verdirdikdən sonra məqsədinə nail olub: “Oğlumu o vəziyyətdə görəndən sonra sanki dünya başıma uçdu. Gözümə heç nə görünmədi. Evimi satdım, üstünü də borcla düzəldib aparıb MTN-in arxa qapısında Sahib Ələkbərova verdim. Həyasızcasına dedi ki, 30-40 min özünə götürüb, qalanını rəisinə (Mövlan Şıxəliyevə-red) verəcək. Bir neçə saatdan sonra oğlumu MTN-in zirzəmisindəki girovluqdan azad etdilər”.
Hacı Məmmədova qarşı haqsızlıq...

Sahib Ələkbərov həbsdədirmi?
Yeri gəlmişkən, bəzi KİV-lərdə Sahib Ələkbərovun hazırda həbsdə olduğu haqda məlumat verilib. Bu məlumat doğru deyil. S.Ələkbərov azadlıqdadır və Bakıda sərbəst həyatını yaşayır. Bəzi məlumatlara görə, S.Ələkbərov bir neçə ay əvvəl Eldar Mahmudov tərəfindən qurban verilərək, işdən çıxarılıb. Belə ki, şərlənərək 200 min dollar pulu əlindən alınmış sahibkarın nüfuzlu şəxs vasitəsilə Prezidentə Şikayətindən sonra E.Mahmudov Sahib Ələkbərovu qurban verməyə məcbur olub. Həmin vaxt onun barəsində cinayət işinin açıldığı bildirilsə də, bu məlumat öz təsdiqini tapmayıb.
MTN-in Baş İstintaq İdarəsinin banditlərinin cinayətləri haqda şikayətin şokedici təfərrüatlarını yaxın günlərdə “AzPolitika”dan izləyin...
Rasim ƏLİYEV
AzPolitika.info

Şərhlər