Arif Hacılı ciddi rəqiblə üz-üzə gəlib
Mayın 24-də Müsavat partiyasının qurultayı keçiriləcək. Qurultayda partiya nizamnaməsinə uyğun olaraq Isa Qəmbər başqanlıqdan gedəcək və qurultay yeni başqan seçəcək. Artıq Müsavatda başqanlıq uğrunda savaş start götürüb və namizədlər öz iddialarını ortaya qoyublar. Müsavat başqanının müşaviri Səxavat Əlisoy, Divan üzvləri Qubad Ibadoğlu, Tural Abbaslı, Partiya Icra Aparatının rəhbəri Arif Hacılı, Divanın sədri Arzu Səmədbəyli, başqanın müavini Gülağa Aslanlı və digərlərinin öz namizədliyini irəli sürəcəyi ehtimal olunur.
Hətta son günlər Müsavat Gənclər Təşkilatından 8 nəfərin uzaqlaşdırılmasını da başqanlıq uğrunda aparılan savaşın tərkib hissəsi sayırlar.
Namizədlər arasında ən çox adı hallanan Arif Hacılı mətbuata açıqlamasında bildirmişdi ki, o başqan seçilərsə partiyanın hakimiyyətə qarşı mövqeyi daha sərt olacaq və buna görə də hökumət onun başqan seçilməsində maraqlı deyil. Arif Hacılı bu fikirləri səsləndirməklə həm digər namizədlərin hakimiyyətə loyal münasibət sərgilədiyini ifadə etmiş oldu, həm də sıravi müsavatçıların dəstəyini qazanmaq istədi.
Bütün bunlara baxmayaraq hələ ki, pariya daxilində tanınmış şəxslərin heç biri konkret olaraq Arif Hacılını dəstəklədiyini ifadə etməyib. Görünür, hazırki vəziyyətdə Arif Hacılının partiya daxilində nüfuzu o qədər də yüksək deyil.
Yaranmış mənzərə onu göstərir ki, başqan postuna daha çox şanslı olan Qubad Ibadoğludur. Qubad Ibadoğlu tanınmış iqtisadçıdır, ictimai-siyasi sektorda kifayət qədər hörmətə malikdir. Eyni zamanda partiyanın nüfuzlu şəxsləri də Qubad Ibadoğlunun namizədliyini dəstəkləyir.
Belə ki, Müsavat Məclisinin üzvü Hüseyn Məlik başqanlığa namizədlər arasında seçim etdiyini bildirib: “Başqanlığa namizədlər arasında Qubad Ibadoğlunu dəstəkləyəcəm. Çünki, Qubad bəy birləşdirici fiqurdu, dağıdıcı fiqur deyil. Ziyalıdır, Müsavatın dəyərlərindən biridir. Intellektual səviyyəsi çox yüksəkdir. Indiyə qədər Müsavat partiyası daxilində heç bir konfliktdə iştirak etməyib. Ona görə də onu dəstəkləyəcəm və təbliğatçısı kimi çıxış edəcəm” - deyə Hüseyn Məlik bildirib.
Müsavat partiyasının divan üzvü, partiyanın nüfuzlu şəxslərindən hesab olunan Vurğun Əyyub da Qubad Ibadoğlunu dəstəklədiyini bildirib. O, “Reytinq”ə açıqlamasında fikrində dəyişiklik olmadığını bildirib: “Qurultaya hazırlıq işlərinə start veriləndə mövqeyimizi daha açıq formada bildirəcəyik. Qubad bəyi dəstəkləməklə bağlı fikrimi dəyişməmişəm. Zamanı çatanda son qərarımı da açıqlayacağam” - deyə Vurğun Əyyub bildirib.
Ümumi təhlillər onu göstərir ki, Arif Hacılı və digərlərinin şansı, Qubad Ibadoğlu ilə nisbətdə az görünür. Nəzərə alsaq ki, ən iddialı namizəd Arif Hacılıdır, o zaman bu qənaətə gəlmək olar ki,o ciddi rəqiblə üz-üzə gəlib.(azadlıq.info)

Şərhlər