Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı növbəti qurultayda başqanlıqla bağlı mövqeyinin necə olacağını “Yeni Müsavat” qəzetinə açıqlamasında bəyan edib. G.Aslanlı bildirdi ki, başqan seçkisi məsələsində indiyə qədər ona ünvanlanan suallara konkret cavab verməyib. Lakin artıq situasiya bir az dəyişdiyi üçün konkret mövqeyini “Yeni Müsavat” vasitəsilə cəmiyyətə çatdırmaq qərarına gəlib:
“Mən görürəm ki, artıq bir çoxları özlərinin namizədliyini və yaxud da öz namizədlərini irəli sürmək haqqında fikirlərini müxtəlif media orqanlarında səsləndirirlər. Bizim fikrimizin isə ”Yeni Müsavat"da getməsi həm “Yeni Müsavat” qəzeti, həm də Müsavat Partiyası üçün daha maraqlıdır. Müsavat Partiyasının qurultayının günü təyin olunan gündən təbii ki, namizədlər irəli sürüləcək. Amma müxtəlif partiya funksionerləri müxtəlif şəxslərin namizədliyini irəli sürəcəklərini və yaxud da öz namizədliklərini irəli sürəcəklərini bildirirlər. Mənim də təbii ki, başqanlığa öz namizədim var. Mən yalnız o halda öz namizədliyimi irəli sürə bilərəm ki, mənim istədiyim namizəd bu və ya başqa şəkildə namizədliyini irəli sürməkdən imtina eləsin. Bu məsələlər dostlar, həmfikirlər arasında müzakirə olunur".
G.Aslanlı bəyan etdi ki, şəxsi fikrincə hazırda Müsavat Partiyasının başqanı olmağa namizədlər içərisində ən şanslı namizəd Arif Hacılıdır: “Arif Hacılı bunu özünün təşkilatçılıq bacarığı, siyasi qabiliyyəti, siyasi iradəsi, insanları öz arxasınca apara bilmək qabiliyyəti ilə, eyni zamanda gənc yaşlarından Azərbaycanın azadlığı uğrunda mübarizədə aktiv iştirakı, gənc yaşında istiqlalçı millət vəkili ola bilməsi ilə sübut edib. İndi mən hesab edirəm ki, əgər Arif Hacılı namizədliyini irəli sürərsə, onu dəstəkləyərəm. Əgər Arif Hacılı namizədliyini irəli sürməzsə, o zaman dostlarla məsləhətləşib öz namizədliyimi irəli sürmək haqqında düşünürəm”.

Şərhlər