Azərbaycan Prezidenti Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin bəzi məsələləri haqqında fərman imzalayıb.

Sərəncama əsasən, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.

Sərəncama əsasən, Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı və mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarəti, Kompleksin fəaliyyətinin təmin olunması, habelə Kompleksə dair proqnozlaşdırma və planlaşdırma işlərinin təşkili və kompleksin perspektiv inkişafının təmin olunması Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçirəcək.

Bundan əlavə Prezident İlham Əliyev dünən “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadiyyat Nazirliyi adlandırılıb. Dövlət başçısının digər sərəncamı ilə Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilib.

Eyni zamanda ölkə başçısı Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında da fərman imzalayıb. Agentliyin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.

Prezidentin atdığı addımlar gözlənilən struktur islahatlarının başlanğıcı kimi qiymətləndirilir. Böhran vəziyyətində xərclərin azaldılması, lazımsız qurumların ləğvinin zəruriliyi haqda ölkə başçısı bir neçə gün öncəki çıxışında anons vermişdi. Artıq bu istiqamətdə işlərə başlanılıb. Yaxın müddətdə daha bir neçə qurumun ləğv ediləcəyi, bəzilərinin birləşdiriləcəyi, həmçinin ixtisarlara start veriləcəyi gözlənilir.

AzPolitika.info