“Rusiyanın Ukrayna ilə müharibəyə girməsi onlar üçün fəlakətlə qurtarar”
Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev ehtimal olunan Ukrayna-Rusiya hərbi qarşıdurmasına dair proqnoz açıqlayıb. AzPolitika.info-nun məlumatına görə, Rusiya Federasiyasının “qərəzli və ağlasığmaz” bəyanatlarına baxmayaraq, Ukraynanın Avropa İttifaqına doğru qətiyyətli addımlarla irəlilədiyini qeyd edən eks-spiker, iki ölkənin hərbi potensialını müqayisə edib, Rusiyanın 10 dəfəyə yaxın güclü olmasına baxmayaraq, üstünlüyü Ukraynaya verib.
“Dünyanın siyasi arenasında çəkisini itirməkdə davam edən RF-nın rəhbərliyi görünməmiş səhvlər buraxır, hərbi manevr adı altında hərbi texnika və silahlı qüvvələrini Ukraynanın sərhədlərində toplayır, Krım respublikasında provokasiyalarla məşğuldur. Aydın məsələdir ki, RF-nın aqressiv addımları onların növbəti məğlubiyyəti ilə qurtaracaqdır. Bəli, bu gün Ukrayna silahlı qüvvələri Rusiyanın silahlı qüvvələri ilə müqayisədə kəmiyyət etibarı ilə 10 dəfə azdır. Ukraynada silahlı qüvvələrin total sayı 200 min adam, RF-da isə 2 milyondur. Ancaq RF-nın silahlı qüvvələri Vladivastokdan tutmuş Kalininqrada, Arxangelskidən tutmuş Dərbəndə qədər səpələnib və faktiki olaraq Ukrayna ilə sərhədə 100 mindən artıq qoşun toplaya bilməz. Rus əsgərinin həmişə zəif olduğunu, ancaq sayla uğur qazandığını nəzərə alsaq, Rusiyanın Ukrayna ilə müharibəyə girməsi onlar üçün fəlakətlə qurtarar.”
R.Quliyev onu da nəzərə almağa çağırır ki, müharibə olacağı halda NATO Ukraynanı müasir silahlarla təmin edəcək:
“Ukrayna ilə sərhəddə olan NATO ölkələrindən Ukraynanın müasir silahlarla təmini başlayacağı halda həmin andan RF-nın heç bir şansını görmək mümkün deyildir.”
R.Quliyevin fikrincə, Krımda rusların üstünlük təşkil etməsinə baxmayaraq, Rusiyanın burda da üstünlük qazanması mümkün deyil.
“Krımda 2 milyon əhali yaşayır. Rusiya 1850-ci ildən zorla Krım tatarlarını öz vətənlərindən çıxarmaq və rusları burada yerləşdirmək hesabına 20-ci əsrin ortalarında rusların sayını 80 faizə çatdırmışdır. Ancaq 1990-cı ildən sonra Krım tatarlarının yenidən öz torpaqlarına qayıtması hesabına bu gün Krımda 1 milyon yüz min rus, 500 min ukrain və 400 min Krım tatarı yaşayır. Rusların arasında alkoqolizmin yuxarı olduğu faktoru nəzərə alınsa aktiv əhali arasında Ukraynadan ayrılmaq istəməyənlərin sayı paritet vəziyyətdədir. Ukraynada cəmi 7 milyon rus yaşayır. Əgər Krımda ruslar tatarlar və ukraynalılara qarşı hər hansı bir addım atsa, Ukraynada yaşayan yerdə qalan 6 milyon rusun vəziyyəti necə olacaq? Təbii ki, bu günə qədər milyonlarla başqa respublikaları məcburən tərk etmiş rusların taleyindən heç bir şeylə fərqlənməyəcək. Ona görə də, RF-nın rəhbərliyi açıq-aydın bleflə məşğuldur, Qərblə alver etmək istəyir - nəyi, hələki bilmirəm.”
V.Nəsibov
AzPolitika.info

Şərhlər