AXCP sədrindən partiya fəallarının həbsinə münasibət: “Sizi əmin edirəm ki, həbslərlə heç nəyə nail ola bilməyəcəksiniz”
Fevralın 28-də Xəzər Rayon Məhkəməsində AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynlinin işinə baxılıb. “Mediaforum” saytı xəbər verir ki, İlham Hüseynliyə 20 sutka inzibatı həbs cəzası kəsilib. İlham Hüseynli xırda xuliqanlıq və polisə müqavimətdə təqsirli bilinib.
Cəbhəçini fevralın 27-də Xətai Rayon Polis İdarəsinin 2-ci bölməsinin əməkdaşları tutub.
Fevralın 27-də Bakıda AXCP-nin bir neçə fəalı saxlanıb. Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənliyə 20 sutka, AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli 15 sutka həbs verilib.
“Azadlıq” qəzetinin yazdığına görə, həbs olunan partiya üzvləri fevralın 26-da Xocalı abidəsini ziyarətdən qayıdan AXCP sədri Əli Kərimliyə polisin hücumu zamanı onun müdafiəsində aktivlik etmiş şəxslərdir.
“Özlərini ələ almağa çalışsalar da əslində Ukrayna inqilabından sonra qorxu içindədirlər. Bu tərəfdən də bizim AXCP olaraq ciddi təşkilatlanmağımız, ilin sonuna kimi 2 dəfə böyümək hədəfimz narahatçılığı artırıb. Milli Şuranın Xocalı ziyarətində yaratdığımız izdiham isə bunları isterika həddinə çatdırıb. Həbslərə göstəriş verilib” deyə bu bəyanatla AXCP sədri Əli Kərimli partiya fəallarının fevralın 27-də saxlanmasına münasibətini bildirib.
Ə.Kərimlinin öz facebook səhifəsində yaydığı bəyanatında deyilir: “Tamamilə uydurma ittihamlarla mənim mühafizəçim Bəhruz Həsənli 20 sutka, AXCP Cəlilabad şöbəsinin sədri, rejimin repressiya qurbanı (hazırda oğlu və atası həbsdədir) Təzəxan Mirələmli 15 sutka müddətinə həbs olunub. AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn isə hazırda polis idarəsində saxtakarların qərarını gözləyir. Bir neçə gün əvvəl də gənc cəbhəçi Tofiq Dadaşa 10 sutka həbs cəzası vermişdilər.
Həqiqətən də tarix onu öyrədirmiş ki, bəziləri tarixdən heç nə öyrənmir. Elə son illərdə neçə inqilabı canlı olaraq izləyiblər, neçə-neçə inqilab haqda eşidiblər (oxumaqla araları olmadığından, şübhəsiz, inqilablar haqda da oxumayıblar, ya televiziyadan görüblər, ya da eşidiblər), hələ də başa düşməyiblər ki, inqilabları partiyalar yox, xalq edir. Heç bir vaxtı çatmış, “yetişmiş” diktatoru, avtoritar dövlət başçısını isə repressiyalar qoruya bilmir.
Bu yerdə çaşa bilərlər ki, bəs o zaman AXCP niyə belə ciddi təşkilatlanır? İzah edirəm: Sizlər öz acgözlüyünüzlə, haqsızlığınızla, ədalətsizliyinizlə, cəmiyyətdə nifrəti, ədavəti artırmağınızla sosial partlayış hazırlayırsınız. Bu ölkəyə ona görə güclü AXCP, Milli Şura, real müxalifət strukturları lazımdır ki, xalqı sizin özbaşınalıqlardan qoruya bilsinlər, sizləri isə istəməsəniz də, addım-addım dəyişikliklərə, islahatlara məcbur etsinlər. Yox, birdən bu alınmasa, ölkə sosial partlayış yaşayası olsa, o zaman da güclü müxalifət ölkəni xaosdan, idarəolunmaz vəziyyətdən, nəhayət, azğın məmurları linc edilməkdən qoruya bilsin. Sizi əmin edirəm ki, həbslərlə heç nəyə nail ola bilməyəcəksiniz. Yel qayadan nə aparacaq ki? Əksinə, on minlərlə narazı və fəal vətəndaşa birləşmək üçün ünvan göstərmiş olacaqsınız" deyə, bəyanatda qeyd edilir.

Şərhlər