Fuad Qəhrəmanlı:"Bu, AXCP-yə qarşı siyasi terror aksiyasıdır"
AXCP nin bu gün boşaldılan qərargahı hazırda sökülür. Bu barədə AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Ədilov facebook hesabında yazıb. Qərargahın söküntü prosesindən şəkilləri təqdim edirik.
Martın 4-də səhər saatlarından AXCP-nin qərargahı boşaldılmağa başlayıb. Əraziyə Çevik Polis Alayının qüvvələri gətirilib. AXCP üzvlərinin qərargahı boşaltmaqdan imtina etməsi isə gərginliyə səbəb olub. Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri AXCP-yə binanın qəzalı olması ilə bağlı rəsmi sənəd təqdim edib. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov is’ son qərarı açıqlayıb: bina söküləcək.
Qeyd edək ki, AXCP uzun illərdir qərargahsız fəaliyyət göstərib. Partiyanın toplantıları ayrı-ayrı üzvlərin evlərində keçirilib və qurum ofissiz xeyli çətinliklərlə üz-üzə qalıb. Sözügedən ofisi isə cəbhəçilər cəmi altı ay əvvəl tutmuşdular. Milli Şuranın bir çox toplantıları, görüşləri və məhz həmin qərargahda keçirilirdi. Bundan sonra AXCP-nin və Milli Şuranın durumu necə olacaq? Partiya başqa müxalifət partiyalarının ofisindən istifadə edəcəkmi? Bu kimi suallarla bir neçə siyasətçiyə müraciət etdik. Cavablar düşündürücüdür.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, baş verənlər onu göstərir ki, AXCP yenə qərargahsız fəaliyyət göstərməli olacaq: “Qərargahsız qalacağıq. Biz əvvəl də cəbhəçilərin evlərində toplanırdıq, toplantıları, iclasları ayrı-ayrı mənzillərdə keçirirdik. İndiki halda yeni qərargah icarəyə götürmək riskli görünür. Çünki bu qərargah şəxsi mülk idi və biz onu sənədlərlə, qanuni şəkildə icarəyə götürmüşdük. Bu, AXCP-yə qarşı siyasi terror aksiyasıdır. Görünən odur ki, hakimiyyət bizim normal siyasi fəaliyyətimizə imkan vermək niyyətində deyil. Baş verən hadisə həm də mülkiyyətçinin hüquqlarına da hörmətsizlikdir, bura şəxsi mülk idi və onun mülkiyyətinin sökülməsinə qanunsuz olaraq qərar verilib. Ancaq biz FHN orada yoxlama apararkən eşitdik ki, binaya əsaslı zərər dəyməyib. Bununla belə, söküləcək. bu, siyasi qərardır. Partlayış da binanın sökülməsinə əsas yaratmaq məqsədi güdürdü. Onsuz da illərdir ki, AXCP qərargahsız fəaliyyət göstərirdi, cəmi altı ay idi ki, qərargahımız vardı. AXCP-nin gücü daşda-divarda deyil, partiya üzvlərinin əzmindədir”.

MŞ-nin mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev isə qeyd edib ki, qurumun indiyədək ofisinin olmaması təəssüfedicidir: “Biz AXCP-nin qəragahından iclasların keçirilməsi üçün istifadə edirdik. Həmin qərargahdan ofis kimi istifadə etmirdik. Koordinasiya mərkəzinin toplantıları və MŞ-nin sessiyaları orada keçirilirdi. AXCP-nin qərargahının hakimiyyət tərəfindən zəbt olunmasını pisləyirik və qurum bununla bağlı bəyanat yayıb. Hesab edirik ki, bu, həm də MŞ-nin fəaliyyətinin zəiflədilməsinə yönələn addımdır. Düşünürəm ki, MŞ, o cümlədən AXCP vəziyyətdən çıxış yolu tapacaq”.
Qeyd edək ki, bir neçə dəfə AXCP müttəfiq Müsavat Partiyasının qərargahından toplantılarının keçirilməsi üçün istifadə edib. Həmçinin Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahı da Müsavat partiyasında yerləşirdi. MŞ-nin toplantıları əksər hallarda burada keçirilirdi. Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, onlar həmişə haqqı pozulanın müdafiəsinə və ona kömək etməyə hazırdırlar: “Bizim qapımız müxalifət qüvvələrinin üzünə həmişə açıqdır”.

Şərhlər