Milli Məclisin deputatı, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev deputat həmkarı Bəxtiyar Əliyevin gömrük orqanları barədə tənqidi çıxışının arxasında onun olması haqda məlumata münasibət bildirib. O, "AzPolitika.info"nun bu barədə məlumatını təkzib edib.

İ.Əliyev Publika.Az-a açıqlamasında deyib:  “Mən Bəxtiyar Əliyevə çıxış üçün heç bir təlimat və ya göstəriş verməmişəm. Bu barədə yayılanlar uydurma və cəfəngiyyatdır”.

Xatırladaq ki, saytımıza daxil olan məlumatda deyilirdi: “Bəxtiyar Əliyevin gömrüklə bağlı qalmaqallı çıxışı Ramiz Mehdiyevin kürəkəni, deputat İlham Əliyevin sifarişi ilə meydana gəlib. Sonradan Bəxtiyar Əliyev öz çıxışını geri oxumağa məcbur olub.

Diqqət edin: O, bildirmişdi ki, açıqladığı faktlar hökumətlərarası komissiyaların iclaslarında vurğulanıb. Lakin nəzərə alın ki, Bəxtiyar Əliyevin hökumətlərarası komissiyaların işində iştirakı yoxdur. Bu məlumatlar ona İlham Əliyev tərəfindən ötürülmüşdü və məhz onun təhriki ilə həmin çıxış meydana gəlmişdi.”