“Milli Məclisimizin sədri dinlədiyi sözləri belə düzgün qəbul edə bilmir”
Milli Məclisin deputatı İlyas İsmayılovun parlament sədri Oqtay Əsədov haqqında müsahibəsinə qarşı tərəfdən cavab gəlib. Maraqlıdır ki, İlyas İsmayılova Oqtay Əsədovun özü deyil, Rafiq Qənbərov adlı birisi cavab verib. Müəllif Modern.az saytında dərc olunan yazısında daha çox keçmiş günləri yada salır və İlyas İsmayılovun Vəzirov hakimiyyəti dövründə fəaliyyətinə qiymət verir. Müəllifin yaşanan son hadisə ilə bağlı yeganə arqumenti isə Oqtay Əsədovun Milli Məclisin Daxili Nizamnaməsinin 9-cu Maddəsinə əsaslanaraq İlyas İsmayılovun sözünü kəsməsidir.
Bu yazıya münasibət bildirən İlyas İsmayılovun müavini Heydər Oğuz isə yenidən Oqtay Əsədovu hədəfə götürüb. “Yazının ruhundan bəllidir ki, onu hansısa bir obyektiv jurnalist yazmayıb. Sadəcə Oqtay Əsədovun göstərişiylə, heç bir dəlil və arqumentə əsaslanmadan, necə deyərlər, “xala xətrin qalmasın” bir cavab hazırlanıb. Görünür, Milli Məclisdəki məlum insident zamanı ciddi səhvə yol verdiyini anlayan Oqtay müəllim öz zəifliyini bu cür mənasız, cəfəng yazılarla gizlətməyə çalışır və özü önə çıxa bilmir, hansısa müəllifin diliylə qarşı tərəfin ünvanına daş atır”.
Heydər Oğuz Oqtay Əsədovun qanunsuz və yersiz hərəkətini pərdələmək üçün Milli Məslisin Daxili Nizamnaməsinin 9-cu maddəsinin arqument kimi irəli sürülməsinə belə münasibət bildirib: “Həmin maddədə göstərilir ki, deputat intizam qaydalarını pozarsa iclas sədri danışanın sözünü kəsə və son tədbir kimi onu toplantı zalından uzaqlaşdıra bilər. Həmişə etik normalara riayət etməyi özünün ziyalı borcu hesab edən İlyas İsmayılov isə heç bir qayda pozuntusuna yol verməmiş, müzakirə olunan məsələylə bağlı öz münasibətini bildirmişdir. Onun hərəkətlərinin həmin maddəylə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur”.
Bununla belə, “Ədalət” yetkilisi Oqtay Əsədovun həmin maddəni bu cür qəbul etməsini də təəccüblü saymır: “Əslində Oqtay Əsədovun məlum çıxışa münasibətindən də görə bilərik ki, Milli Məclisin sədri oxuduqlarını və dinlədiklərini düzgün qəbul etməkdə çətinlik çəkir. Xatırlayırsınızsa, insident zamanı bu adam İlyas müəllimi hökumətin yaxşı işlərini görməməkdə, yalnız pisləri tənqid etməkdə günahlandırmışdı. Halbuki həmin çıxışda İlyas müəllim hökumətin müsbət fəaliyyətini də qeyd etmiş və sonra tənqidi münasibətini dilə gətirmişdi. Atıq mətbuatda dərc olunan həmin çıxışı oxuyan hər kəs bundan xəbərdar olduğundan təfsilata girmək istəmirəm. Yalnız bunu bildirmək istəyirəm; belə çıxır ki, Milli Məclisimizin sədri dinlədiyi sözləri belə düzgün qəbul edə bilmir.”
O ki qaldı keçmişdə baş verən hadisələrin xatırladılmasına, Heydər Oğuz bunu İlyas İsmayılova bir təhdid kimi anladıqlarını qeyd etdi: “Kimlərsə köhnə palan eşməklə İlyas müəllimi tutduğu haqq yoldan çəkindirməyə çalışırlar. Amma heç kim unutmasın ki, Ədalət Partiyasının heç bir üzvünün nə keçmişində, nə də bu günündə zərrə qədər ləkə yoxdur. Kimlərsə köhnə palan eşməyə davam etsə, onun içindən çıxan zir-zibilin altında qala bilər. Bizim məqsədimiz isə keçmişlə uğraşmaq deyil. Məqsədimiz önə baxaraq getdiyimiz yolu düzgün görmək, hədəflədiyimiz ünvana gecikməməkdir. Bizi məcbur etməsinlər ki, yerişimizi yavaşıdıb geriyə nəzər salaq.”
Keçmişlə bağlı konkret ittihamlara gəlincə isə Heydər Oğuz bunları söylədi: “Böhtan dolu bu yazıda İlyas müəllimə qarşı heç bir konkret fakta əsaslanmayan ittihamlar irəli sürülür. Guya o, Respublika prokuroru olan vaxt Vəzirov rəhbərliyinin göstərişlərini yerinə yetirməklə millətin taleyinə laqeydlik göstərib. Bu tamamilə böhtan və yanlışdır. İlyas müəllim həmişə kiminsə göstərişini yox, qanunun tələblərini yerinə yetirib. Böhtançılara isə bunu məsləhət görərdim: iftiradan əl çəkib, səhvlərinizi etiraf edin. Vaxtilə Senekanın dediyi kimi, səhvlərin etirafı düzgün yola gəlməyin ilkin şərtidir”.

Şərhlər