YAP isə aksiyaya min nəfərin qatıldığını elan etmişdi
Daxili İşlər Nazirliyi dünən müxaifətin keçirdiyi mitinqlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat ximdətinin yaydığı açıqlamada bildirilib ki, sentyabrın 22-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. “Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də, bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.
Maraqlıdır ki, DİN-in mitinqçilərin sayı ilə bağlı rəqəmi YAP-ın rəqəmindən iki dəfə çoxdur. YAP rəsmisi Səyavuş Novruzov açıqlama verib ki, mitinqdə min nəfər iştirak edib.
AzPolitika.info-nun mitinqdə müşahidə aparan əməkdaşı isə aksiyada təxminən 8-10 min adamın iştirak etdiyini qeyd edib. Təşkilatçılar bu rəqəmi 15-20 min kimi göstərirlər.
Lakin nəzərə alaq ki, bu, Milli Şuranın ilk təbliğat mitinqi idi. Qarşıdakı mitinqlərdə iştirakçıların sayının artacağı proqnozlaşdırılır.



Şərhlər