“Mən məhkəmədə başıma gətirilən əhvalatları danışdım. Bu zaman Vəli Ələsgərov ağlaya-ağlaya məhkəmənin sədrinə dedi ki, mənim evdə 5 gözləyənim var, göydə Allah var, mənə yazığınız gəlsin”.
"AzPolitika"nın məlumatına görə, bunları Naxçıvan şəhər sakini, Naxçıvan MR-in keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov tərəfindən şərlənərək həbs olunan keçmiş hərbçi Nizami Ağasıyev hürriyyet.org saytına başına gələnlərlə bağlı müsahibəsində bildirib. V.Ələsgərovun nazirliyi dönəmində Naxçıvan MTN-in əməkdaşları tərəfindən həbs olunan N.Ağasıyev, İŞİD-ə məlumat ötürməkdə ittiham edilərək, idarədə ağır işgəncələrə məruz qalıb. Son günlər isə məlum olur ki, əslində, Nizami Ağasiyev MTN-ə tamamilə başqa səbəblərdən aparılıb və “İŞİD-lə əməkdaşlıq”da ittiham olunması naməlum bir qadının müraciəti əsasında quraşdırılıb. N.Ağasıyev artıq azadlıqdadır və yenidən öz işinə qaytarılmasını istəyir.
V.Ələsgərovun bugünlərdə yekunlaşan məhkəməsində isə ifadə verib. Keçmiş hərbçi deyib: “Mən onda sual verdim ki, bəs sənin evində 5 nəfər gözləyənin varsa, mənim evimdəkilər kim idi?! Və yaxud, əgər sən Allahı tanıyırdınsa, niyə içəridə telefonu uzadıb deyirdin ki, zəng vur, gəlsin görək Allah kişidir, ya arvad? Allahı tanıyırdınsa, niyə məni terror təşkilatı ilə əlaqədə ittiham edirdin?! Hansı ki, əgər mən işgəncələrə dözməyib bunu yazsaydım, həm özüm, həm də tayfam biabır olardı. O, heç nə demirdi, sadəcə başını aşağı salıb susurdu.
Məhkəmə zamanı ona elə sözlər deyilirdi ki, onun kişiliyi, şərəfi olsa, o başı bədəndə saxlamaz. Belə ki, yenə də xidmət etmək istədiyini deyirdi, tutulmamaq istəyirdi”.
N.Ağasiyev deyir ki, məhkəmə günahsız olduğunu sübut edəndən sonra öz işinə bərpa olunmağa çalışıb: “Mən zərərçəkmiş şəxs qismində tanındığm günün səhəri hərbi məhkəməyə gedib, məhkəmənin sədri ilə görüşdüm. O da etiraf etdi ki, həqiqətən Vəli Ələsgərovun atdığı böhtana görə mənim ailəm dağılıb, işdən uzaqlaşdırılmışam. Hansı ki, mən sentyabrın 2-də MTN-in “podval”ında döyülə-döyülə Vəli Ələsgərov mənim evimə 2 nümayəndə göndərib. Onlar deyiblər ki, mən guya oğlan uşağına təcavüz etdiyim vəziyyətdə tutulmuşam. O sözə görə də mənim ailəm dağıldı və xidmətdən uzaqlaşdırıldım.
Məhkəmənin sədri mənə dedi ki, hərbiyə müraciət elə, mənə sorğu göndərsinlər, o sorğu əsasında məhkəmənin qərarını poçt vasitəsilə göndərim. Məhkəmə qapalı keçirildiyi üçün mənə arayış vermədilər.
Mən hərbiyə müraciət etdim, rəsmi məktub da göndərdim. Amma mənə heç bir cavab gəlmədi”.

Şərhlər