Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan iş adamı İlham Rəhimov "AzPolitika.info" saytında gedən “NİGAHDAN DƏRHAL SONRA PUTİNLƏ TANIŞLIQ İSTƏDİ…” başlıqlı yazıya reaksiya verib. Və qəribə də olsa, yazıda göstərilən məlumatlar, faktlar barədə danışmaq əvəzinə, 6 ay evli olduğu Rəbiyyət Aslanovanı müdafiə etməyə cəhd edib. Ancaq nə demək istədiyini özündən başqa çətin ki, kimsə başa düşüb. Böyük ehtimalla, özünün qoyduğu "Bəzi KİV-lərdə Sizə qarşı “diqqət” artıb. Buna münasibətiniz necədir?" sualını belə cavablandırıb:

"Hazırda xaricdəyəm. Bir də mən müəllifi bəlli olan yazılara cavab verirəm, anonimlərə yox. İnsanları qaralamaq, yeri gəldi-gəlmədi böhtan və yalanla rəngləmək tarixən mövcud olub. Bu yazılar da o qəbildəndir. Məsələn, Milli Məclisin deputatı, professor Rəbiyyət xanım Aslanova haqqında deyilən fikirlər. Rəbiyyət xanım cəmiyyətimizdə kifayət qədər tanınmış, ziyalı bir xanımdır. Uzun illərdir tanıyıram, ona və övladlarına həmişə böyük hörmətim olub, indi də var... Belə xırda-xuruş, primitiv proseslərdən iyrənmək lazım deyil, onları səbirlə aradan qaldırmaq lazımdır. Həyat davam edir, biz hamımız bir-birimizi tanıyırıq. Bəzilərinin subyektiv fikirlərinin anonim olaraq ifadə etməsindən asılı olmayaraq onların ünvanı təxminən bilinir. İnsan ömrü bir karvan yoludur, o karvan hərəkətdədir. O ki, qaldı dediyiniz yazılar, anidir, onlar karvanın gedişinə mane ola bilməz.

Hazırda kitablarımın başqa dillərə tərcümə edilib çap olunması ilə məşğulam. Bu yaxınlarda üç dildə, Ankarada türk dilində, Londonda ingilis dilində və Bakıda Azərbaycan dilində çap ediləcək və onların təqdimatı keçiriləcək. Bir də Moskva şəhərində Avropada ən böyük hesab olunan ticarət mərkəzinin tikintisini yekunlaşdırırıq, vaxtımın əsas hissəsini bu proyektləri başa çatdırmağa sərf edirəm".

Əlbəttə, İlham müəllimin vaxtını elmə sərf etməsi təqdirəlayiqdir. Zatən Azərbaycanda onun başqa sahələrdə uğur qazanması çətindir, hətta baş verənlərdən sonra mümkünsüz görünür...

Yazılanların yalan olması haqda iddialara gəlincə isə, hörmətli İlham müəllim Rəbiyyət xanımın 60 yaşından sonra onunla nigaha girməsinin, cəmi 6 ay evli qaldıqdan sonra (onun da 3 ayını ayrı yaşayıblar) boşanmasının səbəbini açıqlamaqla, bu evliliklə bağlı bütün söz-söhbətə son qoya bilər. Ağılabat bir açıqlama olmayana qədər isə, bu evliliyin arxasında siyasi məqsədlər durduğu barədə ehtimallar aktuallığını qoruyacaq və bu barədə hələ bundan sonra da çox yazılacaq.

Digər məsələlərə gəldikdə isə, hər halda prezident bir şey bilməsəydi, Rəbiyyət Aslanovanın oğlunu öz ətrafından uzaqlaşdırmazdı. Bu faktı İlham müəllimin nəzərə alıb-almaması isə heç nəyi dəyişmir. 

AzPolitika.info