ACP lideri  "klassik mübarizə konsepsiyasında" köklü dəyişikliklər də vəd edir 

Uzun illərdir Amerikada mühacirətdə yaşayan eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev müxalifətin seçkilərdən sonrakı durumunu şərh edib. Təmsil olunduğu düşərgənin prezident seçkilərində böyük ehtimalla məğlub olacağını proqnozlaşdıran eks-spiker 9 oktyabrdan sonra müxalifət funksionerlərinin gözlənilərn istefalarından danışıb. R.Quliyev bildirib ki, müxalifət liderləri məğlubiyyətə görə hələ 2003-cü ildə istefa verməliymişlər.

“Bu proseslərə rəhbərlik edən partiya liderlərinin məğlubiyyətdən sonra istefa verib-verməyəcəklərini deyə bilmərəm. Çünki məqlubiyyətə görə istefa vermə ənənəsi yaşasaydı, onlar 2003-cü ildən çıxıb getməliydilər və praktiki olaraq bu gün meydandakı siyasətçilərin heç biri ortalıqda olmamalı idi”.

R.Quliyev seçkilərdən sonra da siyasi fəaliyyətini davam etdirəcəyini deyib.

“Mənə gəldikdə isə vəziyyət bir qədər fərqlidir. Çünki mən hakimiyyətə gəlməkdən çox, bu iqtidarın əleyhinə mübarizə aparıram. Hakimiyyətə gəlmək mübarizəsində iştirak etməyə imkan vermirlər. Ona görə də nə qədər ki, bu hakimiyyət mövcuddur, mənim mübarizəm də davam edəcək. Sözsüz bu seçkilərdən sonra klassik mübarizə konsepsiyasında köklü dəyişiklik edəcəyəm. Qələbəyə söz verməsəm də, hər halda hakimiyyəti laxlatmağa, zəiflətməyə nail olacağıma inanıram.

İndiki liderlərlə müəyyən işbirliyi qurmaq perspektivini görmürəm. Onların “azad seçkilər olsaydı udardıq, ona görə də siyasətdən getməyəcəyik” idealogiyası ilə heç bir yerə gedib çıxmaq mümkün deyil”-deyə R.Quliyev vurğulayıb.

Eks-spikerin sözlərinə görə, müxalifətin seçkilərdə məğlub olma səbəbi elə müxalifətin özüdür.

“Hakimiyyət qalib gəlib. Hakimiyyət indi yox, 2013-cü ilin əvvəlindən addımbaaddım öz qələbəsinə yaxınlaşırdı. Bu işi onlar üçün özləri yox, biz müxalifət görürdük. 2013-cü ilin birinci beş ayı Milli Şura adlanan amorf bir təşkilatın yaradılmasına sərf edildi. Sonrakı bir ay yarım vahid namizəd seçməyə həsr olundu. Və vahid namizəd seçiləndən 15 gün sonra dərhal alternativ namizəd ideyası ortaya atıldı. Heç bir məna kəsb etməyən memarandum yazmağa on günlərlə vaxt sərf edildi. Müqayisə üçün deyim ki, ABŞ-ın müstəqillik deklarasiyası bir gecəyə yazılıb, ertəsi gün də qəbul edilib.

İndi azad seçkilərin mövcudluğuna dəlalət edən bir elementin belə, olmadığı şəraitdə hansı qələbədən danışmaq olar?”.(Modern.az)

Qeyd edək ki, R.Quliyev indiyə qədər bir neçə dəfə bəyan edib ki, yeni taktika və strategiya üzərində işləyir, mübarizədə yeni metodlar tətbiq edəcək. Hətta 2005-ci ildəki qayıdış uğursuzluğundan sonra yeni "strategiya" hazırlamaq üçün bir neçə il kölgəyə də çəkilmişdi. Cəmi bir neçə ay əvvəl isə ACP lideri elan etmişdi ki, 2013 onun üçün sonuncu şansdır. Lakin indi də, göründüyü kimi seçkisonrası "mübarizədən" danışmağa başlayıb.

Yeri gəlmişkən, R.Quliyev azsaylı tərəfdarlarını hələ də inandırmağa cəhd edir ki, 9 oktyabra qədər ölkəyə gələcək, seçki pozulacaq və 3-4 ay sonra keçiriləcək seçkidə o da namizəd olacaq. Buna isə BMT-nin bu günlərdə qəbul edəcəyi hansısa qətnamə sayəsində nail olacaq.

R.Quliyevin bu vədləri azsaylı tərəfdarları arasında ironik gülüşlə qarşılanır.

R.Əliyev