“MTN işi ilə bağlı yalnız bu qurumun əməkdaşları deyil, həm də digər qurumların bəzi əməkdaşları, məhkəmə və prokurorluq sistemində çalışan müəyyən şəxslər, pula satılan jurnalistlər, hal şahidləri və digərlərinin məsuliyyətə cəlb olunması zəruridir. Çünki onlar bu cinayətlərin törədilməsində iştirak edən insanlardır”.
Bunu hüquqşünas Müzəffər Baxışov bildirib. Lakin hüquqşünas hesab edir ki, bunun baş verməsi üçün Prezident Administrasiyasının (PA) göstərişi lazımdır:
“Təəssüflər olsun ki, Azərbaycanda yalnız konkret şəxslər barəsində göstəriş verilir və bu göstərişdən sonra onlar cinayət məsuliyyətinə cəlb edilir. İctimaiyyətə isə baş verənləri belə təqdim edirlər ki, MTN-də baş verən cinayətlərlə bağlı müvafiq şəxslər məsuliyyətə cəlb edilib.
MTN tərəfindən əsassız olaraq həbs edilən, ittiham aktları prokurorlar tərəfindən təsdiqlənən bir çox şəxsin işi məhkəməyə göndərilib və məhkəmədə onların barəsində əsassız qərarlar qəbul edilib. Şəxsən mənə bir Azərbaycan vətəndaşı olaraq hansı şəxslərin qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi bəllidir.
Lakin nə qədər ki, Prezident Administrasiyası tərəfindən MTN-lə qanunsuz əməkdaşlıq edən jurnalistlərin, hakimlərin və digərlərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı göstəriş verilməyəcək, kimsə məsuliyyətə cəlb edilib cəzalandırılmayacaq”. (Moderator.az)


Şərhlər