Tağı Əhmədovdan mesaj: “Akif Çovdarova çatdır aldığı əmanəti geri qaytarsın”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarovun və onun keçmiş işçisi, hazırda məhbəs yoldaşı Akif Əliyev istintaqa ifadəsində hər şeyi müdirinin tapşırığı ilə etdiyini deyib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A. Çovdarovun rəhbərlik etdiyi Baş İdarənin 3-cü idarəsinin rəis müavini işləmiş A.Əliyev adaşı ilə bir çox cinayətlərdə ortaq olub.
Bu dəstənin qurbanı olan şəxslərdən ən məşhuru və ictimaiyyət tərəfindən daha çox müzakirə ediləni Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov oldu.
A.Əliyev istintaqa ifadəsində bu epizod üzrə Akif Çovdarovun T.Əhmədovdan 1 milyon manat aldığını deyib: “Metropolitendə olan ticarət obyektlərinin gəlirlərinin mənimsənilməsi ilə bağlı siqnal materialı və ya əməliyyat-qeydiyyat işi var idi. 3-cü idarədə işlədiyimdən həmin materialın mənə hər hansı aidiyyəti olmayıb. Tağı Əhmədov işdən azad edildikdən sonra Akif Çovdarovun verdiyi göstəriş əsasında həmin material yenidən bərpa edilərək əməliyyat-texniki tədbirlər davam etdirildi. Akif Çovdarov idarə rəisi Rəsul Rəsulova Tağı Əhmədovun ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı ayrıca qüvvə ayrılmasını və neft idarəsinin əməkdaşlarının da cəlb olunmaları barədə göstəriş verdi.
Bununla əlaqədar Bakı Metropolitenində olan bir çox ticarət obyektlərinin sahibləri, bir sıra metropoliten işçiləri Milli Təhlükəsizlik Nazirliyinin Komendaturasına çağırılaraq əməkdaşlar tərəfindən izahatları alınıb. Mən Akif Çovdarovun tapşırığı ilə izahatların düzgün tərtib olunmasına nəzarət edirdim, amma izahat alınması prosesində iştirak etməmişəm. Bütün bu prosesə isə Rəsul Rəsulov başçılıq edərək Akif Çovdarova məruzə edirdi. Araşdırma zamanı məlum oldu ki, metropolitendəki ticarət müəssisələrindən əldə olunan vəsait mənimsənilib. Akif Çovdarov mənə etibar etdiyi üçün bu barədə onunla söhbət etdik və dedi ki, Tağı Əhmədov metropolitendəki ticarət obyektlərindən gələn gəlirlərin mənimsənilməsinə görə həbs olunacağından qorxub məsuliyyətdən yaxa qurtarmaq üçün rəhbərliyə çıxış axtarıb, amma nazirlə əlaqə saxlaya bilmədiyi üçün MTN əməkdaşı Tural Rzayevə müraciət edib. Tural isə məsələnin həllinin onun səlahiyyətində olmadığını deyəndən sonra, o, Rəsul Rəsulovla əlaqə saxlayıb. Bundan sonra eşitdim ki, Akif Çovdarov Əhmədovun məhkəmədə işləyən oğlu ilə Bakıda Ordu İdman Klubunun qarşısında görüşərək ondan 1 milyon dollar alıb və bundan sonra eks-metropoliten rəisi ilə bağlı tədbirlər dayandırılıb.
2015-ci ilin oktyabr ayının 17-də nazir Eldar Mahmudov vəzifədən azad ediləndən sonra Tağı Əhmədov Rəsul Rəsulova zəng edərək pulunu tələb etdi. Rəsul bu barədə mənim yanımda Akif Çovdarova məruzə edərkən o, “mənim Tağıya verməyə 3 milyon dollarım yoxdur” dedi. Mən bu vaxt Akif Çovdarovun Tağı Əhmədovdan 1 yox, 3 milyon dollar pul aldığını bildim”.
Tağı Əhmədov da istintaqa ifadəsində Rəsul Rəsulov vasitəsilə Akif Çovdarova 3 milyon dollar çatdırdığını təsdiqləyib.
Cinayət işinin materiallarından görünür ki, T.Əhmədov sabiq nazir Eldar Mahmudovun vəzifəsindən çıxarılandan 1 gün sonra, pulunu geri tələb etməyə başlayıb. Bu məqsədlə 2015-ci ilin oktyabrın 19-da Rəsul Rəsulova SMS-lə “Salamlar, Akif Çovdarova çatdır aldığı əmanəti geri qaytarsın” deyə yazıb. Qarşı tərəfdən cavab gəlmədiyini gördükdə isə MTN-in binasının yanına gələrək oradan R.Rəsulova zəng edib və aralarında 1 dəqiqəlik danışıq qeydə alınıb.
Tağı Əhmədovun telefonlarının dinlənilməsi ilə bağlı nazirliyin Monitorinq Mərkəzinin keçmiş sədri general Teymur Quliyev də ifadə verib. O bildirib ki, T.Əhmədovun telefonunun dinlənilməsinin təşəbbüskarı 6-cı Bİ-nin əməkdaşı Tural Rzayev olub, həmin tapşırıq Baş İdarənin rəisi Akif Çovdarov tərəfindən təsdiqlənib, sabiq nazir Eldar Mahmudov tərəfindən tədbirin keçirilməsinə icazə verilib.
Qeyd edək ki, APA-nın əldə etdiyi məlumata görə, Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş bəzi MTN əməkdaşlarının ifadələri məlum olub. Şahid qismində dindirilmiş MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 3-cü İdarəsinin sabiq rəisi Rəsulov Rəsul Mösüm oğlu ifadəsində göstərib ki, MTN-də 6-cı Baş idarəsinin tərkibində olan Nəqliyyat idarəsində rəis müavini işləyərkən 6-cı Baş idarənin rəisi Akif Çovdarov ona bildirib ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədova MTN-nə avtomaşın alınması ilə bağlı imkanı daxilində kömək etməsi barədə onun sözünü çatdırsın. O da Akif Çovdarovun bu sözlərini Tağı Əhmədova görüşdə çatdırıb, Tağı Əhmədov isə deyib ki, imkanı yoxdur.
Tağı Əhmədovla Hüseyn Cavid parkında cəmi bir dəfə görüşüb, həmin görüşün təşəbbüskarının onun, yaxud Tağı Əhmədov olmasını dəqiq xatırlamır. Lakin onu bilir ki, o vaxta qədər onun Tağı Əhmədovla bir neçə dəfə telefon danışıqları olub. Tağı Əhmədov işdən çıxdıqdan sonra Bakı Metropoliteni ilə əlaqədar şikayətlər barədə ona öz narahatlığını bildirib və bu telefon danışıqlarının birində onlar Hüseyn Cavid parkında görüş təyin edib görüşüblər. Həmin görüş təxminən 5-10 dəqiqə çəkib. Görüşdə Tağı Əhmədova bildirib ki, həmin şikayətlər və Bakı Metropoliteninin əməliyyat təminatı sahəsi onun rəisi olduğu idarəyə aid deyil. O, Tağı Əhmədova hər hansı köməklik göstərə bilməyəcəyini deyib və sağollaşıb. Nə öz adından, nə də Akif Çovdarovun adından Tağı Əhmədovdan heç bir məbləğdə pul istəməyib, ümumiyyətlə, hər hansı məbləğ barədə razılaşmayıb.
Hətta bir dəfə Orxanı otaqdan çıxarıb, ona döymək lazım olmadığını dedim. Otaqda olmadığım müddətdə Şövqünün başqa əməkdaşlar tərəfindən döyüldüyündən xəbərim yoxdur. Yalnız Orxan Osmanovun Şövqüyə şillə vurduğunu görmüşəm. İdarə rəisi Akif Əliyev bir dəfə otağa gəlib Şövqüyə bir neçə sual verib getdi. Suallar metroda ticarət obyektlərindən yığılan pulların Tağı Əhmədov tərəfindən mənimsənilməsi barədə idi. Şövqü Əhmədov əmisinin əleyhinə ifadə vermədikdə, Orxan Osmanov onu vururdu. İzahatı alındıqdan sonra isə buraxıldı.
Həmçinin, Akif Çovdarovun Tağı Əhmədovdan və yaxınlarından hər hansı məbləğdə pul alıb-almamasından məlumatı olmayıb. Bundan başqa o, Tağı Əhmədova onun hakim işləyən oğlu Rauf Əhmədov barəsində heç nə deməyib, ümumiyyətlə Rauf Əhmədovun MTN-in nəzarət-buraxılış məntəqəsinə gəlməsini, gəlməyəcəyi təqdirdə onun başına torba salınıb qara maskalılar vasitəsilə nazirliyə gətirdəcəyi barədə heç bir söz deməyib.
"Bildiyimə görə həmin vaxtlar əməkdaşı olduğum Baş idarənin Nəqliyyat idarəsi tərəfindən Bakı Metropolitenində müəyyən əməliyyat tədbirləri həyata keçirilib, bəzi Metropoliten işçiləri MTN-ə dəvət olunub, orada izahatları alınıb. Lakin mən heç vaxt bu məsələlərə qarışmamışam, çünki bu mənim səlahiyyətlərim daxilində deyildi. Tağı Əhmədovla telefon danışıqlarımız onun oğlu Raufa görə narahatlığı ilə əlaqədar olub. Bundan başqa, Tağı Əhmədovla Akif Çovdarov arasında olan pul məsələsindən məlumatım olmayıb, Akif Çovdarov pulla bağlı Tağı müəllimə söz çatdırmaq barədə mənə heç bir göstəriş verməyib, Akif Çovdarovun Tağı Əhmədovdan 3.000.000 manat məbləğində pul tələb edib almasından, həmçinin Tağı Əhmədovun qardaşı oğlu Əhmədov Şövqü Xeyrulla oğlunun və Tağıyev Elşən Namiq oğlunun 11 aprel 2014-cü il tarixdə MTN-ə dəvət edilib orada qanunsuz saxlanılmaları və döyülmələrindən xəbəri olmayıb", - deyə o ifadəsində qeyd edib.
Lakin istintaq belə qənaətə gəlib ki, Rəsul Rəsulov qeyri-səmimilik nümayiş etdirib, yaxın münasibətlərdə olduğu Akif Çovdarovu müdafiə xarakterli ifadə versə də, onunla zərər çəkmiş şəxs Tağı Əhmədov arasında keçirilmiş üzləşdirmə zamanı Tağı Əhmədovun ifadəsini onun üzünə qarşı təsdiq etməsi ilə Rəsul Rəsulovun işin hallarına zidd ifadə verməsi müəyyən edilib.
Şahid qismində dindirilmiş Atakişiyev Nurxan Aslan oğlu isə ifadəsində göstərib ki, 2014-cü ilin mart-aprel aylarında “Land Rover Discovery” markalı nəqliyyat vasitəsini idarə edərək sürücüsü olduğu Akif Çovdarovla birlikdə Ruslan Əhmədov və Əli Əhmədov adlı şəxslərlə görüşməyib. Ümumiyyətlə, Ruslan Əhmədov (Tağı Əhmədovun oğlu) və Əli Əhmədov (Tağı Əhmədovun qardaşı oğlu) adlı şəxsləri tanımır, onlarla heç vaxt heç bir tanışlığı, ünsiyyəti olmayıb. İdarə etdiyi “Land Rover Discovery” markalı nəqliyyat vasitəsinin yük yerinə qara rəngli idman çantasında 3.000.000 manat pulun onun iştirakı ilə qoyulması, onun Əli Əhmədovla kənarda gözləməsi, Ruslan Əhmədovun “Land Rover Discovery” markalı maşına əyləşərək Akif Çovdarovla söhbət etməsini xatırlamır. Ümumiyyətlə, Akif Çovdarovla arasında həmişə “pərdə” olub, sonuncu öz işləri barədə heç vaxt onunla heç bir söhbət etməyib.
İstintaq Nurxan Atakişiyevin də ifadəsində qeyri-səmimilik nümayiş etdirdiyi qənaətinə gəlib, Akif Çovdarovu müdafiə xarakterli ifadə versə də, onunla şahid Əhmədov Əli Xeyrulla oğlu arasında keçirilmiş üzləşdirmə zamanı Əli Əhmədovun ifadəsini onun üzünə qarşı təsdiq etməsi ilə Nurxan Atakişiyevin işin hallarına zidd ifadə verdiyi ortaya çıxıb.
Şahid qismində dindirilmiş, ləğv olunmuş MTN-in Energetika və nəqliyyat sahələrində təhlükəsizlik baş idarəsinin 3-cü idarəsinin 2-ci şöbəsinin sabiq əməliyyat müvəkkili Bağırov Rüfət Zülfüqar oğlu ifadəsində göstərib ki, Tağı Əhmədovun qardaşı oğlu Şövqü Əhmədovu MTN-in əsas girişində, komendaturada görüb. Həmin vaxt işlədiyi baş idarənin 2-ci idarəsinin rəisi Akif Əliyev ondan Şövqü Əhmədovdan izahat alınmasına köməklik göstərməsini xahiş edib. O da xidməti otağından çıxıb komendaturaya gəlib, orada Şövqü Əhmədovu görüb. Şövqü Əhmədovun yanında olan 3-cü idarənin 2-ci şöbəsinin rəis müavini Orxan Osmanov ona Şövqüdən izahat almağı tapşırıb. Orxan Osmanov ona deyib ki, ümumi suallar versin, daha sonra özü əlavə suallar verəcək. Otaqda videokamera da quraşdırılıb, onun işləyib-işləmədiyini dəqiq bilməyib. Orxan Osmanov hərdən otağa daxil olub Şövqüyə suallar verib, onun sualları əsasən metrodakı ticarət obyektləri barədə olub. Özü məsələnin mahiyyətini bilmədiyi üçün sualları əsasən Orxan Osmanov, bir də metropolitenin kuratoru Tural Rzayev verib.
R. Bağırov bildirib ki, Orxan Osmanov onun yanında Şövqü Əhmədovun sifət nahiyəsinə bir neçə dəfə şillələr vurub, daha sonra otaqdan çıxıb, bir müddət sonra qayıdıb yenidən vurub. "Hətta bir dəfə Orxanı otaqdan çıxarıb, ona döymək lazım olmadığını dedim. Otaqda olmadığım müddətdə Şövqünün başqa əməkdaşlar tərəfindən döyüldüyündən xəbərim yoxdur. Yalnız Orxan Osmanovun Şövqüyə şillə vurduğunu görmüşəm. İdarə rəisi Akif Əliyev bir dəfə otağa gəlib Şövqüyə bir neçə sual verib getdi. Suallar metroda ticarət obyektlərindən yığılan pulların Tağı Əhmədov tərəfindən mənimsənilməsi barədə idi. Şövqü Əhmədov əmisinin əleyhinə ifadə vermədikdə, Orxan Osmanov onu vururdu. İzahatı alındıqdan sonra isə buraxıldı", - deyə o bildirib.


Şərhlər