Bu gün Milli Şuranın növbəti sessiyası keçirilib. Sessiyanın gündəliyinə ictimai-siyasi vəziyyət, yeni üzvlərin qəbulu və cari məsələlər daxil edilib.
Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, sessiyaya qurumun 85 üzvündən 40 nəfər qatılıb. Onun sözlərinə görə, bəzi üzvlər xaricdə olduğundan, digərləri isə obyektiv və subyektiv səbəblərdən iştirak etmir: “Ancaq yetərsay olduğundan sessiya səlahiyyətlidir”.
Daha sonra C.Həsənli Milli Şuraya yeni üzvlərin qəbulu məsələsinin sessiyanın gündəliyinə daxil olunmasını təklif edib. Lakin Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil bu təklifə etiraz edərək qurumun tərkibinin genişləndirilməsinin gərəksiz olduğunu deyib.
O, qarşıdan bələdiyyə seçkilərinin gəldiyini xatırladaraq qurumun strukturlarının işləmədiyini vurğulayıb: “Milli Şuranın tərkibinin genişləndirilməsi vaxtından əvvəl qoyulan məsələdir. Milli Şura komissiyalarını, strukturlarını lazımi şəkildə işlədə bilmir. Keçən sessiyada biz bələdiyyə seçkiləri ilə bağlı müzakirə apardıq. Biz seçkilərdə iştirak etməklə bağlı qərara gəlməliyik. Milli Şuranın tərkibinin genişləndirilməsi bizə nə verəcək?”
C.Həsənli isə cavabında may ayının sonunda qurumun seçkilərlə bağlı müzakirəyə başlayacağını qeyd edib.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuradan istefa verib. APA-nın xəbərinə görə, bu barədə qərarı qurumun sessiyasında KXCP sədri Mirmahmud Mirəlioğlu açıqlayıb.
Milli Şuraya yeni üzvlərin qəbulu ilə bağlı məsələnin müzakirəsi zamanı M.Mirəlioğlu AXCP üzvlərinin Milli Şuranın üzvlüyünə daxil olunmasına etirazını bildirib və partiya olaraq qurumdan istefa verdiklərini bəyan edib. O, partiyasının qərargahının bundan sonra da Milli Şuranın üzünə açıq olacağını deyib.
AXCP sədri Ə.Kərimli isə deyib ki, üzvlüyə təklif etdiyi adamlar onsuz da Milli Şuranın işində fəal iştirak ediblər: “Lazım gələrsə, mən onların bəzilərinin namizədliyini geri götürə bilərəm. Partiyanın Rəyasət Heyətinin üzvü Məhəmməd Talıblının namizədliyini geri çəkirəm. Məhəmməd bəy partiya rəhbərliyində təmsil olunur. Qənimət Zahidin namizədliyini geri götürə bilərik. Bizim burada heç bir şəxsi, qrup marağımız yoxdur. İndi doğrudanmı KXCP-nin buradan çıxmasına səbəb yeni üzvlərin qəbul edilməsidir? Əgər səbəb budursa, yeni üzvlərin qəbulu dayandırıla bilər. İstəmirik KXCP Milli Şuradan getsin”.
C.Həsənli isə deyib ki, quruma yeni üzvlərin qəbulu məsələsi Koordinasiya Mərkəzində müzakirə olunub və hər şey razılaşdırılıb: “Əgər məsələni müzakirə edən zaman Mirmahmud Mirəlioğlu etiraz etsəydi, onda biz anlayardıq”
Bundan əvvəl isə Milli Şuranın üzvü, hüquq müdafiəçisi Akif Hüseynov Milli Şuradan istefa verib. O da quruma yeni üzvlərin qəbuluna etiraz edib: “Biz özümüz bu gün bir iş görə bilməmişik. Milli Şuraya yeni üzvlərinin qəbulun onun güclənməsinə yox, dağılmasına xidmət edəcək”.
C.Həsənli isə deyib ki, yeni üzvlərin qəbulu bu gün də, bundan sonra da qəbul keçiriləcək: “Müraciət edənlərin qəbulunu Koordinasiya Mərkəzi müzakirə edir və sessiyaya tövsiyə edir. Kim qəbula etiraz edirsə, bu onun öz işidir. Bu adamlar Milli Şuranın işinə xeyri olacaq”.
A.Hüseynov buna etiraz olaraq qurumdan istefa verdiyini bəyan edib və iclası tərk edib. C.Həsənli isə "8 ay bizimlə bir yerdə gəlib, indi getmək yaxşı deyil" - deyə cavab verib.

Şərhlər