Yusif Bağırzadınin namizəd olmaq cəhdinin qarşısı alınıb

Etibar Məmmədovun lideri olduğu Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 9 oktyabr 2013-cü il tarixli prezident seçkilərində iştirakdan imtina edib. Bu barədə Modern.az saytına partiyanın sədri Yusif Bağırzadə məlumat verib.

“Milli İstiqlal Partiyası bu il keçiriləcək prezident seçkilərinə qatılmayacaq. Hesab edirik ki, seçkilərə gedib, legitim və yaxud qeyri-legitim fikir formalaşdırmağa lüzum yoxdur. Bu haqda partiyanın qərarı olacaq. Biz seçkini boykot etmirik. Biz seçkidə müəyyən bir modellə iştirak edəcəyik, bu, müşahidəçi qismində ola bilər. Bizim qərarımız hesab edirəm ki, düzgün qərardır”-deyə partiya sədri vurğulayıb.

Y.Bağırzadə AMİP-in seçkidə başqa bir namizədi dəstəkləməyəcəyini də deyib: “AMİP seçkidə heç bir namizədi dəstəkləməyəcək. Allah hamıya xeyir versin. Milli Şuranın da namizədini dəstəkləməyəcəyik”.

AMIP-in bu qərarı bu partiyanın necə dərin böhran keçirdiyini bir da gözlər önünə sərdi. Yaxın keçmişimizin ən qüdrətli partiyalarından olan AMİP, qurucusu və lideri Etibar Məmmədovun rəhbərlikdən və siyasətdən aralanmasından sonra siyasi səhnədəki yerini itirdi. Son illər ərzində bir neçə dəfə sədrini dəyişən partiya keçmiş millət vəkili Yusif Bağırzadənin rəhbərliyə gəlməsindən sonra da itirdiyi mövqelərinin heç olmasa bir qismini geri qaytarmağa nail olmadı. İndi isə AMİP hətta ölkənin ən mühüm siyasi hadisəsində belə hansısa formada iştirak imkanında olmadığını nümayiş etdirir.

AzPolitika.info-ya daxil olan məlumata görə, AMİP sədri Yusif Bağırzadə prezident seçkilərində namizəd olmağa cəhd etsə də, partiyanın lideri Etibar Məmmədovun vetosu ilə üzləşib. E.Məmmədov Y.Bağırzadənin AMİP sədri kimi seçkilərə qatılması variantını qətiyyətlə rədd edib. Cənab Bağırzadə partiya liderinin bu qərarından narazı olsa da müqavimət göstərmək iqtidarında olmayıb. Çünki partiyanın digər rəhbər şəxsləri birmənalı şəkildə E.Məmmədovun təlimatları əsasında hərəkət edirlər.

AMİP rəhbərliyinə gəldikdən sonra, xüsusən də 2010-cu ilin parlament seçkilərində kifayət qədər böyük maliyyə xərcləyən Y.Bağırzadə siyasi karyerasını da təhlükə altına atmamaq üçün E.Məmmədovun mövqeyilə razılaşmaq məcburiyyətində qalıb.

Belə görünür ki, AMİP-in qarşıdan gələn seçkilərdə öz namizədi ilə iştirak etməsi variantına Prezident Administrasiyasında da maraq göstərməyiblər. Əks halda iqtidarın siyasi texnoloqları üçün AMİP-i seçkiyə qatmaq o qədər də çətin olmazdı...

Rasim ƏLİYEV

AzPolitika.info