Putin Ukraynada sabitliyi pozmaqda davam edəcək və Rusiya cəmiyyətinin diqqətini daxili böhrandan yayındırmaq üçün Qərblə qarşıdurmaya gedəcək.

Almaniya və Fransanın Ukraynanın şərqində uzunmüddətli atəşkəsə nail olmaq cəhdləri çətin ki uğur qazansın. Rusiya prezidenti Vladimir Putin uzunmüddətli sülh arzusundan danışsa da, sözü ilə əməli düz gəlmir.

29 iyunda Merkel-Oland-Poroşenko-Putin telefon söhbəti ərəfəsində Rusiya prezidenti ehtiyatda olan hərbçilərin iki aylıq hərbi toplanışı barədə əmr verib. Rusiya üçün nadir olan bu əmr Rusiya qoşunlarının Ukrayna sərhədində artırılması və Donbas və Luqanskda separatçıların aktivliyinin artması ilə eyni vaxta düşüb.

Ukraynada və Qərbin siyasi dairələrində Putinin Ukraynanın şərqində zoraılığın aradan qaldırılmasında maraqlı olması barədə bəyanatlarına şübhə ilə yanaşır və Rusiyanın gizli hərbi təcavüzünün davamını gözləyirlər.

Turan-ın Rusiyanın Ukraynaya hərbi təcavüzünün sosial-iqtisadi zəmini barədə versiyası düz çıxır və böhranın dərinləşməsi göstərir ki, Putin Ukraynada sabitliyi pozmaqda davam edəcək və Rusiya cəmiyyətinin diqqətini daxili böhrandan yayındırmaq üçün Qərblə qarşıdurmaya gedəcək.

Rusiya iqtisadiyyatının vəziyyəti barədə son məlumatlar da qarşıdurmanın davam edəcəyini göstərir. RF Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin I rübündə ÜDM 2013-cü ilin IV rübü ilə müqayisədə 18 faiz azalıb. 2014-cü ilin sonu üçün İİN 0,5 faiz artım gözləyir. Rusiya Bankının proqnozuna görə, artım 0,4 faiz olacaq. İİN-in 2014-2017-ci illər üçün proqnozuna görə, RF-də ÜDM artımı illik ifadədə II rübdə 0,9 faiz olacaq, sonra 3 və 4-cü rüblərdə dinamika 0,1 faizə düşəcək. 2014-cü ildə ölkədə iqtisadi artım 1,3%-dən 0,5%-ə düşəcək. Dünya Bankının "Qlobal iqtisadi perspektivlər" adlı yeni məruzəsində belə deyilir.

Moody's beynəlxalq reytinq agentliyi Rusiyanın suveren kredit reytinqi proqnozunu "sabit"dən "mənfi"yə azaldıb. Reytinq özü Bаа1 səviyyəsində qalıb. Bu barədə agentlik məlumat verir. Moody's agentliyi bildirir ki, 2014-2018-ci illərdə orta illik ÜDM artımı 1,7%-dək azalacaq.

“Sberbank”ın Makroiqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Yuliya Tseplayevanın sözlərinə görə, inkişaf səviyyəsi qalsa, 2014-cü ilin sonu üçün Rusiyadan kapital axını 105 mlrd dollar olacaq. Bu halda ÜDM artımı 2014-cü ildə 0% təşkil edəcək.

Forexpf.ru bildirir ki, apreldə PMI indeksləri çox aşağı səviyyədə (emal sənayesində 48.5, xidmət sektorunda 46.8) olub və II rübdə resessiyanın olduğunu göstərib. Yəqin ki, bu, investisiyaların sonrakı azalması və ev təsərrüfatlarının xərclərinin aşağı səviyyəsi ilə bağlıdır. Çünki əmək bazarı pisləşir. Demoqrafik dəyişikliklər işsizliyi aşağı səviyyədə (5.3%) saxlasa da, əmək haqqı artımı yavaşıyır. Apreldə məşğulluğun illik artımı real ifadədə 0.8% düşüb. Bu, 2011-ci ilin fevralından minimaldır.

Bu şəraitdə Putin müharibəni dayandıra bilməz, çünki xarici təhdid olmasa, bu, etirazçı elektoratı hərəkətə keçirəcək. Statistik məlumata görə, 2013-cu ildə kasıbların sayı 300 min artaraq 16 mln-a çatıb və bu rəqəm artır.

Rusiya iqtisadiyyatının investisiyaya, texnologiyalara, nou-hauya ehtiyacı var. Bunlarsız böhranı cilovlamaq mümkün olmayacaq. Amma “Qərb cəbhəsindən” informasiyalara görə, Rusiyanın dostları və müttəfiqləri hətta Ukraynanın xilası üçün yardım əli uzatmağa tələsmir. Vəziyyət ciddidir, Rusiya iqtisadiyyatının flaqmanı olan kosmik sənaye də iflasa uğrayır. RBK-nın məlumatına görə, yaxın illərdə bu yarışda Çin Rusiyanı sıxışdıracaq. Orbitdə iki ölkənin peyk sayı bərabərdir: son 3 ildə çinlilər onların sayını 117-yə (+72%), Rusiya 118-ə (+20%) çatdırıb. 2013-cü ilin sonunda Çin lunoxodunu buraxıb, 2020-ci ildə Aya insan göndərməyə, öz orbital stansiyasını tikməyə hazırlaşır. Çin raket buraxılışına görə ABŞ-a çatır, sahənin inkişaf tempinə görə birinci yerə çıxıb. Rusiyanın kosmos xərcləri son 10 ildə 14 dəfə artıb və 2013-cü ildə $10 mlrd olub (dünyadakı xərclərin 14%-i). Amma kosmosdan gəlirləri azdır. RBK-nın məlumatına görə, kosmos kommersiyasının gəlirlərinin 1,6%-i Rusiyanın payına düşür. Space Report 2014 məruzəsinin müəlliflərinə görə, dünya üzrə bu rəqəm ötən il $240 mlrd olub.

Rusiya iqtisadiyyatının bərbad vəziyyətini o fakt da göstərir ki, ilk dəfə RF Mərkəzi Bankının sədri Elvira Nabiullina qapalı rejimdə deputatlar qarşısında hesabatla çıxış edib, deyə RBK bildirir. Elvira Nabiullinaya və həmkarlarına müraciət edən Duma büdcə və vergi komitəsinin rəhbəri Andrey Makarov deyib ki, MB-ın hesabatları və başqa maliyyə sənədlərinə qapalı şəkildə baxılmalıdır. "Maliyyə ilə bağlı istənilən müzakirə, istənilən ehtiyatsız söz ciddi ziyan vura bilər", deyə o bildirib.

Rusiya telekanalları və başqa KİV-lər ya susur, ya da ölkənin sosial-iqtisadi problemlərini ört-basdır edərək, diqqəti Ukraynaya yönəldir.

Bu halda Ukraynanın şərqində qeyri-sabit vəziyyətin qalacağını gözləmək olar. Rusiyada böhranın kəskinləşməsi və nəticə olaraq ölkədə narazılığın artması Putini daha qətiyyətli fitnəkarlıq hərəkətlərinə təhrik edəcək. Bunun isə Ukrayna cəmiyyəti üçün daha ciddi nəticələri olacaq.

Turan Analitik Xidməti