Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib.

“Report” xəbər verir ki, nazir özünə iki müşavir və köməkçi təyin edib.

Məlumata görə, Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər.

C.Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub.

C.Muxtarova M.Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.

Modern.az saytı isə xəbər verir ki, sabiq nazir Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsi işdən çıxarılıb.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən həftə vəzifəsindən kənarlaşdırılıb.

Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvələr Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.