Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Azad Demokratlar Partiyasının təsis qurultayı keçirilib.

Qurultay nümayəndələri saat 10-dan qeydiyyatdan keçiblər. Təxminən 200 nəfərdən çox qurultay nümayəndəsi iştirak edib.

Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər 22 dekabr 2013-cü ildə Təşkilat Komitəsinin yaradıldığını, ötən dövrdə Nizamnamə və Proqramın hazırlandığını qeyd edib. Bu müddətdə 50 rayonda yerli şöbələr yaradılıb, qurultaya 198 nəfər seçilib: “Hazırda 198 qurultay nümayəndısi seçilib və onların 188-i qeydiyyatdan keçib. Təklif var ki, qurultay keçirilsin”.

Bundan sonra, tədbir dövlət himninin oxunması ilə açıq elan olunub. Daha sonra işçi qrupları müəyyən edilib. Qurultayın işini aprmaq üçün sədarət, katiblik seçilib. Eyni zamanda Redaksiya Heyəti və 4 nəfərdən ibarət Mandat Komissiyası da formalaşdırılıb.

Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər bu müddətdə görülən işlərdən danışıb: “Hər hansı bir partiya yaradanda sual olur ki, buna səbəb nədir. Dünya dəyişir. Azadlıq və demokratiya qərbdən şərqə doğru irəliləyir. Dünyanın inkişaf etmiş dövlətləinin hamısı demokratik və liberal dövlətlərdir. Mövcud vəziyyət, Azərbaycanın maraqları da bizim bu yolla getməyimizi məqbul hesab edir. Biz istəyirik ki, elə dövlət qurulsun ki, insanlar bolluq içində yaşasın, dövlət zərurət olmadan vətəndaşın həyatına müdaxilə etməsin. Biz bir qrup bir araya gələrək Azad Demokratlar Partiyası adında siyasi təşkilat qurmaq haqda qərar verdik”.

Bundan sonra partiyanın təsis edilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul edilib. Partiyanın təsis eilməsini alqışlayan qurultay nümayəndələri “Xeyirli olsun” şürları səsləndiriblər.

Qurultayda partiyanın nizamnamə proqramı qəbul edilib. Bu haqda Təşkilat Komitəsinin üzvü Tapdıq Abbas bildirib. O, qeyd edib ki, Paralel qəzetinin xüsusi buraxılışında nizamnamə çap edilib. Həmin sənəd Qurultay nümayəndələrinə paylanılıb.

Daha sonra partiya sədrliyinə namizədlər irəli sürülüb. Namizədlər Sülhəddin Əkbər, Tapdıq Abbas və İlham Baratov olublar.

Tapdıq Abbas və İlham Baratov namizədliklərini Sülhəddin bəyin xeyrinə geri götürüb. S. Əkbər ADP-nin sədri postuna yeganə namizəd olub.

Qurultayda 7 nəfər Təşkilat Komitəsinə uzv seçilib. 50 rayon təşkilatının sədri, eyni zamanda Ali Məclis üzvü seçilib. 17 nəfərsə sərbəst Məclis üzvü seçiliblər.

Nizamnamə bənd-bənd səsə qoyulub. Partiyanın gerbi məsələsi müzakirə olunarkən Sülhəddin Əkbər deyib ki, gerb qara qartaldır. Qartal qaranlığı yararaq aydınlığa doğru istiqamətdir: “Tarixdə dövlətlər ağ və ya qara qoyundan ibarət bayraqlar altında vuruşub. Artıq “qoyun”dan “qartal”a keçməyin zamanıdır".

Nizamnamə qəbul edildikən sonra partiyanın proqram sənədi müzakirəyə çıxarılıb.

S. Əkbər bildirib ki, partiyanın əsas məqsədi liberal dövlət, azad, ədalətli və rifaha əsaslanan cəmiyyət qurmaqdır.