Sarkisyanı əvvəlki baş nazir Karen Karapetyan əvəzləyəcək

Ermənistanın baş naziri Serj Sarkisyan istefaya gedib. "AzPolitika.info"nun məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Əziz soydaşlarım. Sizə sonuncu dəfə dövlət başçısı kimi müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Baş verən situasiyada bir neçə həll yolu var, lakin mən onlardan heç birinə getməyəcəm. Bu mənə görə deyil. Mən baş nazir postumu buraxıram. Küçə hərəkatlarə mənim baş nazirliyimə qarşı keçirilir. Mən sizin tələbinizi yerinə yetirirəm” - Sarkisyan bəyan edib.

Ermənistan mətbuatı müxalif qüvvələrlə hökumətin razılığa gəldiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, razılığa görə, Sarkisyan istefaya getdikdən sonra onu əvvəlki baş nazir Karen Karapetyan əvəzləyəcək.

***

“Mənim addımım” hərəkatının lideri Nikol Paşinyan sərbəst buraxılıb. O, Ermənistan baş nazirinin birinci müavini Karen Karapetyanla danışıqlar nəticəsində azad edilib.

“Fəaliyyətimizin məntiqi dəyişməyib. Axşam Respublika meydanında mitinq olacaq. O vaxtadək mən şəraitlə tanış olmalıyam. Bundan sonra qərar qəbul edəcəyəm. Hərəkatın tutulan tərəfdarları azad edilməlidir”, - N.Paşinyan vurğulayıb.

Bu dəqiqələrdə Ermənistanın keçmiş baş naziri və indiki vitse-premyeri Karen Karapetyan bəyan edib ki, Baş prokurora etiraz hərəkatının liderləri-deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyanın toxunulmazlığının ləğv edilməsinə dair parlamentə göndərdiyi təqdimatı geri çağırmaq üçün müraciət edib. Xəbər verildiyi kimi həmin deputatlar ötən gün polis tərəfindən saxlanılıblar, prokurorluq onların barəsində cinayət işi qaldırmağa hazırlaşırdı.

Lakin Paşinyanın və tərəfdaşlarının saxlanılması tamamilə hakimiyyətin əleyhinə işləyib, ötən gün axşam İrəvanın Respublika meydanına 160 minə yaxın nümayişçi çıxıb. Bu gün səhərdən isə İrəvanın küçələri yüz minlərlə etirazçının nəzarətindədir.

“Bu gün b236335_srciz qərar qəbul etdik və mən Baş prokurora müraciət etdim ki, toxunulmazlığın ləğvi barədə vəsadəti geri çağırsın. Və mən indi cənab Paşinyanla görüşə gedirəm, çalışacam danışıqlar aparaq və həll yolu tapaq. Sabahkı gün (24 aprel-“soyqırım” günü) olduqca mühümdür və mən əminəm ki, biz yaranmış vəziyyətdən asılı olmayaraq məntiqi həll yolu tapa biləcəyimizi bütün dünyaya sübut edəcəyik”-Karen Karapetyan bildirib.

Bu gün Ermənistan prezidentinin iqamətgahında baş nazir Serj Sərkisyan, baş nazirin müavini Karen Karapetyan və spiker Ara Babloyanın iştirakı ilə müşavirə olub. Müşavirədə hansı qərarın qəbul edildiyi məlum deyil. Ötən gün Serj Sərkisyan İrəvandakı “Armenia-Mariott” otelində Paşinyanın ayağına gedib və onunla görüş keçirib. Lakin Paşinyan bildirib ki, Sərkisyanla ancaq onun istefasının şərtlərini müzakirə edə bilər. İndi vitse-premyer Karapetyanın Paşinyana hansı təkliflərlə getdiyi maraq doğurur, istisna deyil ki, Sərkisyan artıq növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılaşıb. Çünki etiraz hərəkatı hər saat böyüməkdədir və əsgərlər, müəllimlər, həkimlər, dövlət qulluqçuları bir-birinin ardınca xalqın tərəfinə keçir.

Bu dəqiqələrdə İrəvanda nümayişçilərin bir qrupu parlament və hökumət binalarının, o cümlədən prezident iqamətgahının yerləşdiyi Baqramyan prospektinə daxil olub. Minlərlə nümayişçi prospekti tikanlı məftillərlə bağlamış polis kordonu qarşısında dayanıblar və deputatları xalqın tərəfinə keçməyə çağırırlar. Onların arasında 2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərin iştirakçıları, bu döyüşlərdə ölənlərin ailə üzvləri də yer alır.

“Biz deputatlarla görüşmək istəyirik, onlara demək istəyirik ki, bu gün hamı küçələrə çıxıb. O cümlədən polislərin və deputatların uşaqları, ailə üzvləri. Biz onları xalqın qarşısına çıxmağa çağırırıq”, - aprel döyüşlərinin iştirakçılarından biri deyib. Nümayişçilər habelə Ermənistan Polisinin rəhbəri Vladimir Qasparyana müraciət edərək nümayişlərdə saxlanılmış gəncləri, aprel döyüşlərinin iştirakçılarını azadlığa buraxmağa çağırıblar.

İrəvan küçələrində dramatik vəziyyət hökm sürür. Belə ki, nümayişçilərin iki böyük dəstəsi öndə xalqın tərəfinə keçən əsgərlər olmaqla Sayat Nova prospektində birləşiblər.

Bir dəstə İrəvan Dövlət Universitetinin əsas binası istiqamətindən hərəkət edib, digər dəstə isə Xancyan küçəsi istiqamətindən irəliləyib.

Nümayişçilərin qarşılaşması prospektdə böyük izdihama səbəb olub, etirazçıların sayı durmadan artır. Əsasən tələbələrdən və gənclərdən ibarət kütlə Serj Sərkisyanın istefasını tələb edir.

Etiraz hərəkatının lideri Nikol Paşinyanın həbs edilməsi belə kütlənin əzmini qıra bilməyib. Nümayişçilər polislə toqquşmaya girmədən olduqca intizamlı hərəkət edir, polis kordonları ilə bağlanan küçələrdən dönüb başqa küçələrə istiqamət alırlar.

Ermənistanın digər iri şəhərlərində də izdihamlı aksiyalar keçirilir. Parlamentin spikeri Aro Babloyan Nikol Paşinyan və onun fraksiyasından olan digər deputatların saxlanıldığı təcridxanaya yollanıb. O, etirazçıların liderləri ilə danışıqlar aparmağa ümid edir.

***

İrəvanda etiraz aksiyalarının 11-ci günü start götürüb.Mitinq təyin olunduğu (08:15) vaxtdan gec başlayıb. Etirazçılar yenidən küçələri və nəqliyyatı iflic vəziyyətinə salmağa cəhd edirlər.

İrəvanda Serj Sarqysanın baş nazir olmasına etiraz tələbi ilə keçirilən aksiya itaətsizlik aksiyalarına çevrilib. Nümayiş iştirakçıları şəhərin bir neçə başlıca küçəsini bağlayaraq, hökumətə qarşı şüarlar söyləyirlər.

Hazırda İrəvanın Acapnyak rayonunda vəziyyət çox gərgindir.

İrəvanda 11 universitetin tələbələri aksiyalara qoşulub.

İrəvanda Tibb Universitetinin tələbələri də aksiyalara qoşulublar. Onlar etiraza ağ xalatla çıxıblar.

İrəvanda Dövlət Universitetinin tələbələri isə müxtəlif istiqamətlərdə yolları kəsməyə başlayıblar.

Ermənistandakı aksiyalara hərbçilər də qoşulub. Onların İrəvandakı hərbi hissələrdən birinin əsgəri olduğunu “Azadlıq" radiosuna bu şəxslərdən biri təsdiqləyib. Digərləri isə jurnalistlərlə əlaqə yaratmaqdan imtina ediblər.

İrəvandakı etirazlara “Armpoçt” dövlət şirkətinin işçiləri də qoşulub. Onlar ölkədə kütləvi tətil elan ediblər. İrəvanda yerləşən Respublika Xəstəxanasının həkimləri də aksiyalara qoşularaq, Alabyan küçəsini bağlayıblar.

Gümrüdəki aksiyalarda küçələrə tələbələrlə bərabər dövlət idarələrinin işçiləri də küçələrə çıxıb. Hazırda şəhərdə etirazlara nəzarət edəcək qədər polis işçisinin olmadığı bildirilib.

Vigen Sərkisyan isə jurnalistlərə açıqlama verərək yenidən Azərbaycanı hər şeydə ittiham edib. O, qondarma Qarabağ rejiminin dünən Azərbaycan ordusuyla bağlı yaydığı videonun həqiqət olduğunu bildirib. Ölkədəki vəziyyəti Azərbaycanın üzərinə yıxmağa çalışan Sərkisyan Bakının İrəvandakı vəziyyətdən istifadə edə biləcəyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hakimiyyətinin yaydığı bu yalan məlumatları təkzib edib.

Aprelin 22-də Ermənistanın Baş Prokurorluğu müxalifətdə olan deputatlar Nikol Paşinyan, Ararat Mirzoyan və Sasuna Mikaelyanın qanunsuz toplantı keçirdikləri üçün tutulduqlarını təsdiqləyib.