Ceyhun Bayramov Azərbaycan Respublikasının təhsil naziri təyin olunub.Bununla bağlı Prezident İlham Əliyev aprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.  2 övladı var.

****

Prezident İlham Əliyev yeni təhsil nazirinin təyin olunması haqda sərəncam imzalayıb.

Dövlət başçısı bu vəzifəyə hazırda nazir səlahiyyətlərini icra edən təhsil nazirinin müavini Ceyhun Bayramovu təyin edib. Hələlik təyinatla bağlı rəsmi olaraq prezidentin sərəncamı açıqlanmayıb.

Xəbər təhsil sektorundakı mənbələr tərəfindən təsdiq olunur.