Oktyabrın 14-də Müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningtarı qəbul edib.

Görüşdə ikitərəfli hərbi əməkdaşlıq, həllini gözləyən məsələlər müzakirə olunub.

Nazir uğurlarla yanaşı maneəçilik yaradan amillərdən də danışıb. Özəlliklə, 907-ci aradan qaldırılmamasına təəssüfünü bildirib. Bu düzəliş Amerikanın Azərbaycana dövlət yarımını məhdudlaşdıran qərardır.

PREZİDENT SEÇKİLƏRİ MÜZAKİRƏ EDİLİB...

Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı da söhbət olub. Səfər Əbiyev seçkinin ədalətli, demokratik və azad şəraitdə yekunlaşdığını əsas gətirərək prosesi müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkə nümayəndələrinin bütövlükdə müsbət rəy verdiyini qeyd edib. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, eləcə də ABŞ Dövlət Departamentinin prezident seçkiləri ilə bağlı qeyri-obyektiv və həqiqətə uyğun olmayan bəyanatlarla çıxış etmələrindən narahatlığını bildirib:

«Son illər Azərbaycanda keçirilən bütün seçkilərə ATƏT-in adıçəkilən missiyası nədənsə davamlı olaraq mənfi rəy verir. Burada ikili standartın təzahürlərini hiss etməmək mümkün deyil».

Səfər Əbiyev deyib ki, 2008-ci ilin fevralında Ermənistanda total saxtakarlıqla keçirilən prezident seçkilərinə ABŞ Dövlət Departamenti və ATƏT-in DTİHB ümumilikdə müsbət rəy verib:

«Hətta İrəvanda küçələrə axışan minlərlə insana hökumət silahlı təzyiqlər göstərməsinə, azı 10 seçicinin qətlə yetirilməsinə baxmayaraq Ermənistanın rəhbərliyinə heç bir ciddi beynəlxalq təpki olmadı. Fərqli yanaşmanı doğuran səbəblər nədir?»

SƏFİR DEYİB Kİ...

Səfər Əbiyev bütün bunların ciddi təhlilə ehtiyacı olduğunu, siyasi proseslərin qiymətləndirilməsində ikili standartların yolverilməzliyinə vurğulayıb.

Richard Morningstar Səfər Əbiyevin fikirləri ilə razılaşdığını və 907-ci düzəlişin nəzərdən keçirilməsinin zəruriliyini bildirib. Səfir deyib ki, seçkilər artıq arxada qalıb və İlham Əliyev qalibdir:

«Edilən tənqidlər prezident seçkilərinin nəticələrinə təsir etmir. İlham Əliyev qalibdir».

Görüşdə əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.(azadliq.org)