Söyün Sadıqov Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlardan və Abbas Abbasovun cəbhədəki vəziyyətə münasibətindən danışdı
“Son 22 ildə Ermənistan və Azərbaycan sərhədində döyüşlər baş verib. Ancaq bunlar irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxarmayıb. Bu dəfə də belə olacaq. Çünki nə hakimiyyət, nə xalq müharibə istəyir”.
Bu sözləri “Yeni Müsavat”a Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos” FMMM) keçmiş prezidenti Söyün Sadıqov bildirib.
S.Sadıqov cəbhə xəttində son günlər baş verənlərə münasibət bildirərkən qeyd edib ki, Azərbaycanda politoloqların bu hadisələrdə Rusiya barmağını axtarması Moskvanın imkanlarını qiymətləndirmələrindən irəli gəlir.
S.Sadıqov qeyd etdi ki, Moskvanın öz həllini tapmamış bir çox beynəlxalq problemləri var: “Odur ki, Moskva postsovet məkanında daha bir münaqişənin olmasında maraqlı deyil. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan Rusiyanın strateji müttəfiqləridir.
Bu gün Rusiya bunda son dərəcə maraqlıdır. ABŞ və Avropa Birliyi isə Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların başlanmasında maraqlıdır. Bununla onlar, Rusiyanı yeni gərginlik ocağına cəlb etmək istəyirlər”.
Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentlərini yaranmış problemi həll etməyə çağırdığını deyən S.Sadıqovun sözlərinə görə, Rusiya hər iki ölkənin dostu olaraq qalmaqdadır:
“Rusiya Dağlıq Qarabağ münaqişənin həllində əsas vasitəçilərindən biridir. Mən əminəm ki, yaranmış vəziyyətdən çıxış yolu Soçidə tapılacaq”.
Kremlin Azərbaycanı zorla Avrasiya İttifaqına qoşulmağa təhrik etməsi fikrinə isə onun cavabı belə olub: “Rusiya heç kimi güclə Avrasiya İttifaqına üzv etmək istəmir. Azərbaycanın Avrasiya İttifaqına üzv olması tək Rusiyaya yox, Azərbaycana da sərf edir. Bu gün Rusiya ilə Azərbaycan arasında əmtəə mübadiləsi Avropa Birliyi və Amerika ilə olduğundan iki dəfə çoxdur. Əmtəə mübadiləsi ölkənin əsas rifah göstəricilərindən biridir”.
S.Sadıqov əlavə etdi ki, Rusiyada yaşayan azərbaycanlılar Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı ideyasını dəstəkləyirlər, bununla yanaşı münaqişənin dinc yolla tənzimlənməsinin tərəfdarıdırlar: “Onlar erməni xalqını da çağırırlar ki, Qarabağ münaqişəsini dinc yolla həll etsinlər.
Nə qədər ki, Azərbaycan və Ermənistan arasında Qarabağ konflikti həll olunmayıb, iki xalq arasında gərginlik Rusiya və ətraf ölkələrə təsir göstərəcək”.
Baş nazirin sabiq müavini Abbas Abbasovun cəbhədə baş verənlərə münasibətini isə S.Sadıqov belə ifadə etdi: “Mən əminəm ki, Abbas Abbasov xalqının düşüncəsini əsl vətənpərvər kimi paylaşır”.
“Müharibə olacağı halda Azərbaycana gələcəksinizmi” sualına isə müsahibimiz belə deyib: “Mən həmişə öz xalqımla bir olmuşam, vətənpərvər olaraq qalıram. Mənim xalqıma həmişə mənə güvənə bilər”.
Qeyd edək ki, bir neçə gündür cəbhə xəttində intensiv atışmalar gedir. Hər iki tərəfdən itkilər var. Avqustun 8-də prezidentlərin Rusiyanın Soçi şəhərində görüşü gözlənilir.

Şərhlər