ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Amerika vətəndaşı Səid Nurinin Bakıdan buraxılmamasına dair sualı cavablandırıb

“Azadlıq” radiosunun məlumatına görə, cavab belə olub: "Azərbaycandakı səfirliyin və Dövlət Departamentinin rəsmiləri bu məsələyə görə Bakıda, Vaşinqtonda Azərbaycan rəsmiləri ilə əlaqə saxlayıblar, bu işi davam etdirəcəklər. Səid Nurinin ölkədən çıxması qadağan olunub. Biz Azərbaycan hakimiyyətini Səid Nurini tam izahatla təmin etməyə çağırırıq və işi yaxından izləyirik. Onunla daimi əlaqə saxlayırıq və bütün mümkün konsulluq xidməti ilə təmin edirik. Konsulluq əməkdaşımız sentyabrın 5-də onunla görüşüb”.

Xatırladaq ki, Səid Nuri 1981-ci ildə doğulub. Vaxtilə müxalif “Yeni Fikir” Gənclər Təşkilatı sədrinin müavini olub. 2005-ci ildə hakimiyyəti zorla ələ keçirmək ittihamı ilə 3 il şərti olaraq azadlıqdan məhrum edilib. 2006-cı ildə siyasi mühacir kimi Amerikaya gedib. Sonra ABŞ vətəndaşlığı alıb.

Onun Azərbaycandan çıxışına qadağa sentyabrın 4-də qoyulub. Sentyabrın 5-də Baş Prokurorluq rəsmi açıqlama yayaraq bildirib ki, Səid Nurinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlıdır: “Səid Nurinin həmin cinayət işi üzrə şahid qismində dindirilməsi və həyata keçiriləcək bəzi istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. O, Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə bağlı müvafiq dövlət orqanına müraciət etməyib. Qüvvədə olan qanunvericiliyə görə, bu halda Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyəti Səid Nuriyə münasibətdə tanınmır”.