"Siz bu günə qədər bir nəfəri də işdən çıxarmaq səlahiyyətinə malik olmayan bir adam məni işdən çıxarmağla hədələdiniz..."
Milli Şuranın üzvü Rəsul Quliyev qurumun bu günkü sessiyası ilə bağlı fikirlərini açıqlayıb. Bu sessiyada gözlənilənlərin əksinə olaraq, Milli Şuranın üzvlüyündən uzaqlaşdırılan şəxslər arasında Rəsul Quliyev olmayıb. Belə təkliflər səslənsə də, iclası aparan Cəmil Həsənli deyib ki, əgər növbəti sessiyaya qədər R.Quliyev özü istefa verməsə, onda onu üzvlükdən xaric edərlər.
AzPolitika.info-nun məlumatına görə, R.Quliyev bu bəyanatlara əsəbi reaksiya verib. Eks-spiker yazır:
"Milli Şuranın növbəti sessiyası təəssüf hissindən başqa hiss yaratmadı. Sessiya bir neçə heç kimin fikir vermədiyi konstruktiv çıxışdan başqa, yadda 20 ildir söylənilən ekiz çıxışlar, real tətbiqi fantaziya olan şüarlardan ibarət oldu. Bundan başqa qaraguruhçu elementlərin baş qaldırması, abırlarını saxlayan intellektualların səslərini çıxarmaması MŞ-nın gələcəyinin necə formalaşacığından xəbər verir.
MŞ bəyənat qəbul etdi. Bəyanat yaxşı bəyanatdır. Ancaq bu bəyanat yazılı şəkildə paylanmalı, maksimum bir dəqiqə ərzində qəbul olunmalı, sonra "bəs bundan sonra nə etməliyik" məsələsi müzakirə olunmalı idi.
Milli Şuranın mənim təkliflərimə məhəl qoymaması bir tərəfə, üzv olmayan Rövşən Qəmbərin (İsa Qəmbərin qardaşı-red) təklifini gündəmə gətirməsi və sessiyada iştirak edənlərin buna heç bir reaksiya verməməsi ‘’demokratiyaya gedən yolun başlanğıcıdır.’’
Cəmil müəllimin qismən yaranmış hörmətinə sahib çıxmaq istəyənlər xüsusən çanfəşanlıq etdilər.
Hörmət etdiyim Cəmil müəllimin mənim barəmdə "əgər özü getməsə, noyabrda çıxararıq" deməsini demokratiyanın ‘’zirvəsi’’ hesab etmək olar. İlk növbədə Cəmil müəllim professordur, bu adına hörmət etməlidir. İkincisi o respublikanın demokratik prezidenti olmaq istəyirdi. Bu arzuda olan adam ən azı "noyabrda müzakirə edərik" deməli idi. Əgər kiçik bir iclasda bir neçə qaraguruhçunun səsini kəsmək üçün belə sözlər işlədilirsə, onda bu boyda respublikanın idarəçiliyində nələr baş verərdi.
MŞ-nın tutduğu yol heç bir yerə aparmayan yoldur. Yuxarıda verilən bəyanatlara oxşar bəyanatlar çox verilib Azərbaycanda. Bu münvalla həmin bəyanatı 2015 və 2018-ci illərdə də vermək lazım gələcək, MŞ o mətni saxlamalıdır ki, bir də yenidən yazmasın.
Oradakı çıxışlardan başa düşdüm ki, bu adamların heç birinin İ.Əliyevin nə sonuncu çıxışlarından xəbərləri var, nə də 2014-cü il büdcə lahiyəsinə diqqət yetiriblər. Onlar bu günə qədər anlamayıblar ki, İ.Əliyev siasi kursunu artıq qismən dəyişmək barədə qərar qəbul edib və görüləcək işlər MŞ-nın tamamilə axırına çıxacaq. Onlar hələ də anlamayıblar ki, bu gün parlamentdə olan partiyaları gücləndirib müxalifət standartlarına yaxınlaşdırmaq planı mövcuddur. Əsas məsələ, daxildə rüşvətlə real mübarizə başlayacağından xəbərsizdilər. Onlar hələ də başa düşməyiblər ki, daxildə hökumət idarələri ilə əlaqələrin elektron poçtu ilə aparılması nə deməkdir .
Çıxışlar yenə də İ.Əliyevin bu gün-sabah yıxılacağı eyforiyası üzərində qurulub. Belə bir MŞ-nın perspektivi yoxdur.
Əgər növbəti sessiyada MŞ konkret azad seçkilər uğrunda mübarizə aparacaq və bir ay müddətində plan və proqramını xalqın müzakirəsinə verəcək qərarını müzakirə etməsə mən heç vaxt belə bir şuranın üzvü olmayacağam. İş elə gətirib ki, həyatım boyu heç kim heç vaxt məni işdən azad etməyibdir. Hətta H.Əliyev belə bir işi görməyə cəsarət etmədi. Ancaq siz bu günə qədər bir nəfəri də işdən çıxarmaq səlahiyyətinə malik olmayan bir adam məni işdən çıxarmağla hədələdiniz, alqışlar!. MŞ üzvlərindən kifayət qədər məni dəstəkləyənlər var, istəsəm sizin məni çıxarmanıza problem yarada bilərəm. Ancaq nəyin xatirinə? Sizinlə birlikdə 2015 və 2018-ci illərdə bəyanat vermək xatirinə bu işi görmərəm. MŞ-nın üzvlərinin hər birinə münasibətim onun konkret Azərbaycanda demokratiyanın qələbə çalması üçün nə etməlidir fikrinin əsasında formalaşır. Öz şəxsi ambisiyalarını xalqın marağından üstün görənlərlə necə bir komandada olmaq olar?"
R.Quliyevin bu bəyanat-açıqlamasının ən maraqlı məqamı, sözsüz ki, İlham Əliyevin ö siyasi kursunu dəyişməyə başladığı, ölkədə rüşvətlə mübarizə aparacağı haqda fikirlərdir. R.Quliyev bu açıqlaması ilə faktiki olaraq İlham Əliyevə ümid bəslədiyini etiraf etmiş olub.
Yeri gəlmişkən, bəzi müşahidəşilərin fikrincə, R.Quliyevin son vaxtlar müxalifəti hədəfə götürməsi onun hakimiyyətlə yaxınlaşmaq cəhdidir. Bu günkü açıqlamasından sonra bu ehtimalı ciddi qəbul etmək olar.
Rasim ƏLİYEV
AzPolitika.info

Şərhlər