ERMƏNİSTANIN NÖVBƏTİ HƏYASIZLIĞI – “Barış bulağı” əməliyyatı işğalçı ölkəni təşvişə salıb

Gözləndiyi kimi, Ermənistan Türkiyənin Suriyanın şimal-şərqində başlatdığı “Barış bulağı” hərbi əməliyyatını kəskin şəkildə pisləyən və hətta diplomatik normaları aşan bir bəyanatla çıxış edib.

“AzPolitika.info” xəbər verir ki, Türkiyəni “qardaş Suriya xalqına” qarşı təcavüzdə ittiham edən Ermənistan XİN həyasızlığın növbəti nümunəsini ortaya qoyaraq, beynəlxalq birliyə çağırış edib. Sitat: “Ermənistan beynəlxalq birliyi bu hərbi müdaxilənin və Suriayanın Türkiyə ilə sərhəd bölgəsindəki əhaliyə qarşı kütləvi vəhşiliyin qarşısını almağa, əhalini qorumağa çağırır...”

Göründüyü kimi, əməliyyatın hələ yeni başlamasına, kürd silahlı terror qruplaşmalarına qarşı yönəlməsinə və əhali arasında hər hansı itkiyə dair məlumatların olmamasına rəğmən, Ermənistan yenə öz ampluasında çıxış edərək, guya böyük qırğınlar baş verirmiş kimi bəyanatla çıxış edir.

Bəyanatda həmçinin qeyd edilir ki, bu hərbi müdaxilə guya regionda vəziyyətin daha da pisləşməsinə, ərazidə yaşayan dini və milli azlıqların əzilməsinə, əhali arasında böyük itkilərə və humanitar böhrana səbəb olacaq. Sonda isə xüsusi olaraq vurğulanır ki, Ermənistan Suriyanın ərazi bütövlüyünü dəstəkləyir.

Əslində, özü təcavüzkar ölkə olan, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, əhalisinə qarşı misilsiz cinayətlər törədən, hətta Türkiyənin özünə qarşı ərazi iddiaları ilə çıxış edən işğalçı Ermənistanın belə bir bəyanatla çıxış etməsi növbəti dəfə bu dövlət üçün həyasızlığın, riyakarlığın və naqisliyin sərhədlərinin olmadığını göstərdi. Təkcə onu qeyd etmək kifayətdir ki, kürd terror qruplaşmaları zatən Suriyanın ərazi bütövlüyünü və suverenliyini təhdid altında saxlayırlar və mərkəzi hakimiyyətə tabe deyillər. Əsas hədəfi Türkiyə olan bu qruplaşmaların tərkibində isə kifayət qədər erməni təmsil olunur. Təbii ki, Türkiyənin regionda daha da güclənməsi və milli azlıqlar adı altında terrorçuluq və separatizmlə məşğul olan, ermənilərin də təmsil olunduğu terror qruplaşmalarının başını əzməsi Ermənistanı narahat etməyə bilməzdi.

Yeri gəlmişkən, Ermənistanın daha bir vay-şivəni Türkiyə ordusunun əməliyyat apardığı ərazidə yaşayan ermənilərlə bağlıdır. Ermənistanın Suriyadakı konsulu Armen Sarkisyan bildirib ki, Telaybad şəhərində 16 erməni ailəsi guya Türkiyə ordusunun atəşi altında qalıb. Həmçinin, erməni mətbuatı yazır ki, Türkiyə ordusunun əməliyyat keçirdiyi Qamışlı şəhərində də çoxlu erməni yaşayır və onların həmin ərazilərdən evakuasiya edilməsi gözlənilir. Ancaq nədənsə, Ermənistan Türkiyənin hələ xeyli müddət əvvəl açıq şəkildə əməliyyatın hədəflərini və keçiriləcəyi şəhərləri bəyan etməsinə baxmayaraq, indi əl-ayağa düşərək, bölgədəki erməniləri “xilas etməyə” qalxıb. Hansı ki, doğrudan da həmin ermənilərin taleyi Ermənistan üçün maraqlı idisə onları çoxdan evakuasiya etməli idi.

Türkiyə Ordusunun “Barış bulağı” əməliyyatı isə uğurla davam edir. Bu gedişlə qısa müddətdə Türkiyənin Suriya ilə sərhədlərindəki terror dəhlizi yox ediləcək.

Ümid edək ki, yaxın gələcəkdə Azərbaycan da bu cür əməliyyatı Qarabağ torpaqlarında keçirəcək...

“AzPolitika”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-10-10 14:10:37

Suriyada teroristlər vurulur, Ermənistan sancı çəkir. Təbii ki, ölən ekiz tayı olanda qalan qardaş sanki o vuruldu deyə qıvırılar. Çakallar.

t.ədalətə 2019-10-10 14:10:37

İşğalçı Ermənistan belə Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır! Beləcə, barışıq təklifləri də satqın-separatçı xəyalətmiş? DQMV və ətrafında yaşayan azərbaycanlıları hərbi silalı terrorçular qırıb-qovublar. Aciz evsizləri nəzərə alan BMT TŞ işğalçıların dərhal (qeyd-şərtsiz) Azərbaycan ərazisindən çıxmasını tələb edib! Silahlı terrorçu silahı qoymursa ona adekvat bircə qanuni münasibət-məhvi qalır. İşğalçıya verilən 25 illik şərbəstliyə xarici təzyiqlər də ədalətsiz bəhanələrdir.

t.ədalət 2019-10-10 14:10:37

Türkiyə Silahlı Qüvvələrinin nə vaxtsa DQ ərazisində mövcudluğuna çox qalmayıb.Sanksiyalar rus iqtisadiyyatını çökdürdükcə,işğal edilmiş yurd yerlərimizin geri qaytarılmasına inamımız da artır.Rusiya iqtisadiyyatına yardım göstərmək elə ermənilərə yardım etməkdir.Azərbaycandakı rus casuslarının arzuları da tezliklə puç olar,İnşəllah!

Elli 2019-10-10 14:10:37

İrəli Türk qardaşlarımız, Allah Sizə kömək olsun!Tanrı Sizi qorusun!

Son yazılar