Müsavat Partiyasının 27 sentyabr qurultayında yeni başqan seçilməlidir. Qurultayqabağı durumla bağlı “Media forum” saytının suallarını cavablandıran Müsavat başqanının müavini Mehman Cavadoğlu bildirib ki, önəmli olan Müsavatdakı seçki prosesinin özüdür: “Buradakı şəffaf seçki mühiti və azad rəqabət şəraiti bütün cəmiyyətə nümunə olmalıdır. Əslində, bu, partiya həyatında yenilik də deyil, onilliklər ərzində hər seçkidən-seçkiyə təkmilləşən bir ənənədir. Müsavatda keçirilən bütün seçkilər həmişə ölkə gündəminin bir nömrəli mövzusuna çevrilib ki, bu da partiyadaxili demokratiyanın yüksək səviyyədə olmasının əyani sübutudur. İndi də bəzən həddini aşan “Feysbuk” dartışmalarını nəzərə almasaq, proses bütövlükdə normal məcrada gedir”.
Başqanlığa namizədlərdən konkret olaraq hansını dəstəkləməsi ilə bağlı sualın cavabında Mehman Cavadoğlu bildirib: “Mənim başqanlığa iddia edən namizədlərin hamısına böyük hörmətim var. Ömrünün mühüm bir hissəsini Müsavat ideallarının gerçəkləşməsi uğrunda mübarizəyə həsr etmiş bütün müsavatçılar kimi onlar da uzun illərdən bəri partiyada göstərdiyi fəaliyyətlə bu iddiaya haqq edib.
Xüsusilə xalq hərəkatının ilk günlərindən müstəqillik mücadiləsinə atılan, nəinki Müsavatda, bütövlükdə ölkənin siyasi həyatında danılmaz uğurlara imza atmış Arif Hacılının böyük zəhmət və fədakarlığını qabartmaq istərdim.
Gənc yaşlarından siyasi mübarizənin ağır yükünü və acısını çəkən Tural Abbaslının əzmkarlığını, Səxavət Əlisoyun partiya qarşısındakı xidmətlərini də qeyd etməmək mümkün deyil.
Amma günümüzün siyasi reallıqları məni Qubad İbadoğlunun namizədliyi üzərində dayanmağa məcbur edir. Bu gün ölkədə yaranmış sosial durum iqtisadi problemləri cəmiyyətin ən üstün prioritetlərindən birinə çevirib və Qubad bəy nəinki bu problemlərin mahiyyətini yaxşı bilən bir mütəxəssisdir, həm də həmin problemlərin həlli yolları ilə bağlı çoxsaylı proqram və konsepsiyaların müəllifidir. Onu ölkə daxilində də, onun hüdudlarından kənarda da yaxşı tanıyır və rəyi ilə hesablaşırlar.
İkincisi, indi demokratik dünyaya inteqrasiya hər gün dünənkindən daha çox aktual olur ki, bunun üçün də geniş və hərtərəfli beynəlxalq əlaqələrə malik olmaq çox vacibdir. Qubad bəyin belə geniş əlaqələri isə heç kimə sirr deyil.
Nəhayət, unutmaq olmaz ki, yeni insanların, xüsusilə gənclərin siyasətə gəlişi həm də yeni liderlərin meydana çıxmasını zəruri edir”.
Mehman Cavadoğlu 1955-ci il dekabrın 11-də İsmayıllıda anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Sovet kəndi”, “Ədalət”, “Müxalifət” qəzetlərində çalışıb. 1992-ci ildə “Azərbaycan” qəzetini rəsmi dövlət qəzeti kimi bərpa edərək onun ilk baş redaktoru olub. 1990-cı illərin ortalarında “Rezonans” qəzetinə baş redaktorluq, “İntibah” qəzetinə təsisçilik edib. 1992-ci ildən Müsavat Partiyasının üzvü, liderlərindən biridir.

Şərhlər