"Hakim qollarımızı qeydə almır"
Müsavat Partiyasının rəhbəri İsa Qəmbər sentyabrın 26-da başqan kimi sonuncu mətbuat konfransını keçirib. O, bildirib ki, mətbuat konfransı mətbuatda və cəmiyyətdə partiyanın sentyabrın 27-də keçiriləcək qurultayı və başqanlıq seçkisi ilə bağlı yaranmış çoxsaylı suallar səbəbindən keçirilir.
“Bu qurultay Müsavat üçün çox önəmli bir hadisədir. 8-ci qurultayda partiyanın ötən qurultaydan bu günə qədər tarixi fəaliyyəti müzakirə edilib, qiymətləndiriləcək. Nizamnamə və proqramda müəyyən dəqiqləşdirmələr, dəyişikliklər nəzərdə tutulub, partiyanın yaxın dövr üçün fəaliyyət istiqamətlərinə bir daha baxılacaq və qərar veriləcək,- deyə başqan qeyd edib.
İ.Qəmbərin sözlərinə görə, açıq-aydın görünür ki, qurultayı cəmiyyətinizin maraq dairəsinə gətirən, önəmli bir hadisəyə gətirən qurultayda keçiriləcək seçkilərdir: “Müsavatda hər zaman azad və ədalətli seçkilər keçirilib. Bəlkə də Müsavat Azərbaycanda nadir partiyalardandır ki, seçkilər gizli şəkildə keçirilir, təyinat olmur. Namizədlərin irəli sürülməsi bir hadisədir. Bunun üçün öncədən zaman müəyyənləşdirilir. Onların platformalarını şərh etməsi üçün zaman tanınır və həqiqi bir seçki mühiti tanınır. Bu, Müsavatın ənənəsidir. Amma sabah başlanacaq qurultayda daha önəmli bir addım atılacaq. Bu başqanın dəyişməsi ilə bağlı seçkilərdir”.
İ.Qəmbər qeyd edib ki, Müsavatın keçirəcəyi başqanlıq seçkisi növbəti bir demokratiya nümunəsidir: “Bu, Müsavat Partiyası tərəfindən hakimiyyətə xəbərdarlıqdır ki, Müsavat Partiyası digər demokratik qüvvələrlə birlikdə imkan verməyəcək ki, hakimiyyət Azərbaycanı bir feodal ölkəsinə çevirsin. Bu seçki bunun mesajıdır. Digər tərəfdən, başqan seçkisi azad və ədalətli bir seçki yolu ilə həyata keçiriləcək. Təyinatla olmayacaq, həqiqi bir seçki yarışı ilə olacaq”.
Mətbuat konfransında Türkiyədən gəlmiş qonaqlar, Azərbaycan kültür Dərnəyinin rəhbərləri Cəmil Ünal və İsa Yaşar Tezel də iştirak edirlər.
Mətbuat konfransına qatılan Cəmil Ünal və İsa Yaşar Tezəl də çıxış edərək müsavatçılara uğur arzulayıblar. C.Ünal bildirib ki, İ.Qəmbərin iki dəfədən artıq seçkilərə qatılmaması və nizamnaməyə uyğun addım atması fədakarlıqdır: “Bu, fədakarlıqdır. İsa bəyin ən çox ehtiyac duyulan bir zamanda, çoxlarına örnək olacaq bir hərəkət edib”.
Daha sonra jurnalistlərin suallarını cavablandıran İsa Qəmbər bildirib ki, daha sonrakı başqanlıq seçkisində yenidən namizədliyini verə bilər: “Nizamnamədə bununla bağlı heç bir qadağa yoxdur”.
O, qurultaydan sonra partiyadan qopmaların olacağını istisna edib: “Bir neçə nəfər ola bilər. Amma ciddi bir sarsıntının yaşanacağını gözləmirəm”.
İsa Qəmbər namizədlərin seçki kampaniyasını yaxından izlədiyini bildirib:"Gərginliklər var, bu da normaldır. Seçkidə gərginlik olur. Amma qurultaydan sonra bu gərginlik aradan qalxmalıdır.
Mən kimə səs verəcəyimi artıq bilirəm. Amma dostların xahişini nəzərə alıb fikrimi hələ ki, açıqlamıram. Qurultayın gedişində fikrimi açıqlaya bilərəm".
Başqan daha sonra bildirib ki, hələ ki memuar yazmaq fikrində deyil:"Bunu pensionerlər edir. Pensiya yaşı kişilər üçün 63-dür, mənim isə 57 yaşım var. Yazmaq istədiyim vaxt memuar yazacağam. 22 illik kapitan kimi hakimiyyətin qapısına qol vurmamağa gəldikdə isə biz 2000-ci ildə parlament seçkilərini, bəndəniz isə 2003-cü ildə prezident seçkilərini udub. Sadəcə hakim qollarımızı qeydə almır".

Şərhlər