"Haqqımızı, ədalətimizi kimlərinsə tapdamasına imkan da verməyəcəyik”
Müsavatın Qadınlar Təşkilatının sədri Ellada Məmmədli də başqanlıq seçkisinin qanunsuzluqlarla təşkilində İsa Qəmbəri günahlandırıb.
O, seçki qanunsuzluğu ilə bağlı bir neçə fakt sadalayıb və partiya rəhbərliyini bu şikayətlərə hörmətlə yanaşmağa səsləyib.
Qocaman müsavatçı Əlövsət Sadıqlı isə çıxış edərək bildirib ki, Məclisə namizədliyini versə də, bülletendə ümumiyyətlə adı olmayıb. O, bununla bağlı şikayətini say komissiyasına rəsmi şəkildə təqdim edib.
***
16.52
Partiya Hikmət Hacızadə isə çıxışında sadalanan qanun pozuntularının araşdırılmasını və faktlarla bağlı tədbir görülməsini tələb edib. O həmçinin narazı müsavatçıları yola davam etməyə səsləyib.
Arif Hacılının tərəfdarı Səxavət Soltanlı isə çıxış edib və narazılıqlarla və narazılarla razılaşmadığını bildirib. Onun çıxışı isə zaldakıların narazılığına səbəb olub. S.Soltanlı fikrini arqumentlərlə əsaslandırmağa çalışsa da, alınmayıb və bu da əlavə gərginliyə səbəb olub. Sonda S.Soltanlı bildirib ki, qurultayda baş verən təhqirlərə görə hər bir tərəfin tərəfdarını bağışlamaq lazımdır.
***
16.25
Arayışda qurultay nümayəndələrinin seçkisi dövründə, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin formalaşdırılması və onun fəaliyyəti dövründə, seçki kampaniyası zamanı təbliğat dövründə, seçki prosesi dövründə və qurultayın işində baş verən qanunsuzluqlar göstərilib və sadalanıb. Ə.Talışxanlı vurğulayıb ki, qurultayın nəticələri ləğv olunmalıdır.
Q.İbadoğlu isə bildirib ki, arayış və sadalanan faktlar seçki komissiyasına təqdim ediləcək: “Seçki komissiyasına müraciət edəcəyik. Pozuntular araşdırılıb bir ay müddətinə bizə izahatlar verilməlidir və günahı olan partiya üzvləri cəzalandırılmalıdır. “Biz Müsavat daxilində demokratiyanın inkişafında maraqlıyıq”,- deyə Q.İbadoğlu qeyd edib.
***
16.15
Q.İbadoğlunun tərəfdarı Əlövsət Talışxanlı isə çıxışında bildirib ki, seçkiyə qədər hər şey həll olunmuşdu. O, seçkiyə ən çox müdaxilə edən şəxsin köhnə başqan İsa Qəmbər olduğunu vurğulayıb. O öz hərəkətləri ilə A.Hacılının seçilməsinə şərait yaradıb.
Sonra seçki pozuntuları barədə hazırlanan arayış təqdim edilib. Sadalanan pozuntuların arasında onadək rayon təşkilatlarının seçkili orqanlarının Divan tərəfindən buraxılması, bəzi rayon təşkilatlarında qurultay nümayəndələrinin seçim kvotası süni olaraq artırılması, bəzilərində isə məqsədli şəkildə aşağı salınması sadalanıb. Həmçinin bildirilib ki, bəzi rayon təşkilatlarında qurultay nümayəndələri konfrans və ya ümumi yığıncaq keçirilmədən müəyyənləşdirilib. Bir rayonda isə qurultay nümayəndəsi qurultaya bir neçə gün qalmış partiyadan qovulub. Bəzi rayonlarda siyahıya sonradan dəyişiklik edilib. Bəzi rayonlarda isə yığıncaqlar zamanı kvorum olmayıb, səsvermə düzgün aparılmayıb və sair.
***
16.02
Daha sonra Q.İbadoğlu tədbirdə seçki günü baş verən qanun pozuntuları çəkilmiş videoları yayımlayıb. O bildirib ki, başqa verən qanunsuzluqlar videoya çəkilib və bunlar partiya rəhbərliyinə təqdim ediləcək. “Videolarda görünür ki, səsvermənin gizliliyi pozulub, insanlar qrup şəklində səs verirlər, zalda bülletenləri qaralayan şəxslər bir-biri ilə məsləhətləşir və sair”.
***
15.49
Q.İbadoğlunun tərəfdarı Vurğun Əyyub isə çıxışında bildirib ki, başqanlıq seçkisi ilə bağlı narazılıqlar və qanunsuzluqlar kifayət qədərdir: “Seçki günü də müəyyən narazılıq və qüsurlar bizim gözümüzün qarşısında olub və həmin gün bunları bildirmişik”.
O, partiyadaşları tərəfindən kəskin tənqid və təhqirlərə məruz qaldığını da vurğulayıb: “Heç vaxt düşünməzdim ki, partiyada tərbiyədən və əxlaqdan kənar fikirlər danışan adamlar peyda ola bilər. YAP-çılardan eşitmədiyim təhqir və böhtanları bunlardan eşitdim. Deyirlər ki, 2003-də Vurğun Əyyub qaçıb gizlənibmiş”.
V.Əyyub həmçinin yeni başqan Arif Hacılının qardaşı Vaqif Hacıbəylini də Müsavatın işlərinə qarışmaqda günahlandırıb: ““Əhrar” Partiyasının sədri Müsavatda “nadzor” olmaq niyyətindədir”. O deyib ki, Müsavatın seçkisinə haram qatanlar olub və bu faktlar araşdırılmalıdır.
***
15.30
Qubad İbadoğlu deyib ki, təkcə seçki günü deyil, bundan əvvəl də prosesə haram qatanlar olub. O, partiyanın güclənməsi üçün bir neçə təklif irəli sürüb və bunu tərəfdarları ilə bölüşüb. Q.İbadoğlu həmçinin deyib ki, irəli sürülən təkliflərin 2015-ci il yanvarın 1-də qədər yerinə yetirilməsi üçün vaxt verirlər.
***
15.19
Bu gün- oktyabrın 6-da Müsavat Partiyasının başqanlıq seçkisində uduzmuş namizəd Qubad İbadoğlu öz tərəfdarları ilə görüşür. Musavat.com-un tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, Müsavat Partiyasının qərargahında keçirilən görüşdə yüzdən artıq müsavatçı iştirak edir.
Tədbiri Müsavatın himni ilə başlayan Qubad İbadoğlu çıxışında bildirib ki, Müsavat bir nəfərin, bir ailənin partiyası deyil. “Məqsədimiz partiyanın güclənməsidir. Seçkiyə qatılmağımızın da səbəbi bu idi”,- deyən Q.İbadoğlunun sözlərinə görə, onların mübarizəsi vəzifə mübarizəsi deyil: “Bizim mübarizəmiz haqq-ədalət mübarizəsidir, bunu davam etdirəcəyik. Haqqımızı, ədalətimizi kimlərinsə tapdamasına imkan da verməyəcəyik”. /musavat.com





Şərhlər