“VİRUS GÜCÜNÜ İTİRƏCƏK, BU, QAÇILMAZDIR” – “Özünü qoruyub, mümkün qədər gec yoluxmalısan”

Koronavirusun mənbəyilə bağlı mübahisələr davam edir və hələ də bununla bağlı konkret qənaət formalaşmayıb. ABŞ və digər ölkələr Çini ittiham etsələr də, ortada ciddi sayılacaq fakt yoxdur.

Virusun tanınmasından 6 ay vaxt keçsə də, onunla bağlı çox şey hələ də məlum deyil. Ortada olan iddialar isə mübahisəlidir, bir ölkədə irəli sürülən fikir, başqa ölkədə təkzib olunur.

Bu günə qədər vurusla bağlı bilinən təkzibolunmaz detallar hansılardır? Təbiidirmi, yoxsa süni? Bu günə qədər koronavirus neçə mutasiya yaşayıb və bunlar nə qədər təhlükəlidir? 6 ay ərzində koronavirusla bağlı araşdırmalar nələri üzə çıxarıb?

Vaksinlərdən nə gözləmək olar və onların tətbiqi nə verəcək? Vaksinlər uğurlu olsa onların bütün dünyada tətbiqi və əvvəlki həyata dönüş nə qədər vaxt tələb edəcək?

Tanınmış həkim Müşfiq Hüseynov "AzPolitika.info"-ya bildirib ki, COVİD-19-un yayılmağa başladığı ilk gündən, virus, onun quruluşu və yayılma arealı haqqında saysız konspiroloji iddialar ortaya atıldı. Həkimin sözlərinə görə, bəzən bu iddalar diametral əks istiqamətli idilər: "Bəzilər dedi ki, bu Amerikanın bioloji silahıdır, digərləri isə, əksinə, iddia etdilər ki, bu Çində yaradılıb və ölkədəki bütün xarici şirkətlərin müflisləşməsinə hesablanıb. Hətta iş o yerə çatdı ki, dünyanın qərb hissəsi “niyə Çin həqiqətləri bizdən gizlətdi?” iddiası ilə maddi təzminat açmaq fikrinə düşdü. Amma bu iddialar sübut olunmadı. Olması heç mümkün də görünmür. Yəni bu gün "COVİD-19 laboratoriya proyektidir" demək üçün əlimizdə heç nə yoxdur. Şəxsi fikrimi ilk gündən demişdim. Bu, digər koronaviruslar kimi canlı orqanizmlərdir, sədəcə şəraitdən aslı olaraq mutasiyaya uğrayır. Bundan öncəki analoqları kimi (Sars, Mers və s) bir müddət sonra öz-özünə yox olacaq, daha doğrusu, insanla birlikdə dinc yanaşı yaşamaq üçün uyğunlaşacaq".

Həkim bildirib ki, hələlik bizə məlum olan odur ki, COVİD-19-un 3 əsas mutantı müəyyənləşdirilib: "Kembric Universitetinin alimləri müəyyən etdilər ki, şərti olaraq A tip virus Amerika və Avstraliyada, B tip Çin, İran və İtaliyada, B tipinin mutantı olan C tipi isə digər ölkələrdə yayılıb. İlk günlərdə peyvəndin tez tapılacağına ümid edilirdi. Çünki COVİD-19 bundan öncəki “qohumu”, artıq peyvəndi tapılmış SARS-dan çox da fərqlənmirdi. Yadınızdadırsa, ilk vaxtlar Rusiya və Qazaxıstan epidemioloqları belə peyvəndin istehsalına yaxınlarda başlayacaqlarını elan etmişdilər. Hətta Azərbaycan Elmlər Akademiyası da bunu bəyan etmişdi. Amma olmadı. Dünyada vaksin istehsalında lider ölkələr var. Bunlar təbii ki, ABŞ, Çin, İngiltərə, Yaponiya, İsrail, Almaniya və Fransadır. Əslində, bu ölkələr tibbi sektorda da dünya liderləri sayıla bilər. Yəni burda təsadüf elementi yoxdur. Qısa desək, Rusiya, Qazaxıstan, Ukrayna və ya Azərbaycan kimi ölkələrin vaksin kəşf və istehsal etmə şansı yoxdur. Amma nüfuz savaşı davam edir. Artıq İngiltərə və Amerika ilə yanaşı Çin və Rusiya da vaksin istehsalına başladığını elan etdi".

Müşfiq Hüseynovun sözlərinə görə, hazırda iki ölkə - ABŞ və İngiltərə bu işdə liderdir. Son məlumatlara görə, bu iş İngiltərədə Oksford Universitetinin laboratoriyasında artıq bitib, istehsal prosesinə başlayıblar, hətta ilkin sifariş də gəlib. Ehtimal olunur ki, payızın ilk aylarında vaksin kütləvi şəkildə insanlara vurulacaq.

"İstənilən halda, vaksini gözləmək lazım deyil, ən məsləhətlisi özünü qoruyub, virusa mümkün olduğu qədər gec yoluxmaqdır. Virus canlı orqanizmdir və zamanla öz gücünü itirəcək. Bu, qaçılmazıdır. Hər zaman bu fikrin tərəfdarıyam ki, kiçik ölkələr özlərini qorumalıdır, hər mənada. Elə insanlar da”, - həkim vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar