Qərb ölkələri Belarusda davam edən inqilabi proseslərin bundan sonrakı inkişaf ssenarilərindən narahatdır. Liderlərin bəyanatlarından belə aydın olur ki, gələcəkdə Rusiyanın aktiv müdaxiləsi Ukraynada baş verən hadisələri təkrarlaya bilər. Ona görə də Lukaşenko hakimiyyətini sərt təzyiq altında saxlamaqla bərabər Rusiya prezidenti Vladimir Putinlə intensiv müzakirələr gedir. Belə ki, dünən Avropa Birliyinin (AB) liderləri ilə Rusiya prezidenti arasında telefon danışıqları olub. Tərəflər Belarusda yaranmış durumu müzakirə ediblər.
Telefon diplomatiyası dünən səhər Almaniya federal kansleri Angela Merkel ilə Putinin söhbəti ilə başlayıb. Kremldən bildirilib ki, Belarusdakı vəziyyət ətraflı nəzərdən keçirilib: “Rusiya tərəfi respublikanın daxili işlərinə xaricdən istənilən müdaxilə cəhdlərinin qəbuledilməz olduğunu, bunun böhranın eskalasiyasına apardığını vurğulayıb. Vəziyyətin tezliklə normallaşacağına ümid ifadə olunub”.
Berlinin açıqlamasında isə qeyd olunub ki, Merkel dinc nümayişçilərə qarşı zorakılığın tətbiqindən çəkinmək lazım olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, siyasi məhbuslar dərhal azad olunmalı, fəaliyyətdə olan hökumət isə böhranın həlli üçün müxalifət və cəmiyyətlə dialoqa başlamalıdır.
AB-nin digər lider ölkəsi – Fransanın prezidenti Emmanuel Makron da Putinə zəng edib. Rusiya prezidenti fransalı həmkarına da eyni sözləri deyib və Belarusun daxili işlərinə kənardan müdaxiləni və Minskə qarşı təzyiqləri yolverilməz sayıb.
Avropa Birliyi Şurasının sədri Şarl Mişel ilə söhbətində isə Putin “bəzi dövlətlərin Belarus rəhbərliyinə təzyiqlərindən və ölkədə daxili siyasi vəziyyəti destabilizasiya etmək cəhdlərindən” narahatlığını bildirib. “Hadisələrin konfrantasion inkişaf variantına yol verilməməsi üçün qarşılıqlı maraq ifadə olunub”, – deyə Kremlin açıqlamasında deyilir. AB mənbələri isə tərəflərin Belarusda dialoqa yardım etmək üçün müxtəlif imkanları, o cümlədən ATƏT-in vasitəçiliyini müzakirə etdiklərini bildiriblər: “Şuranın sədri və Rusiya prezidenti Belarusda böhranın sülh yolu ilə həlli üçün daxili siyasi dialoqun qurulmasının ən yaxşı yollarını müzakirə ediblər. Variantlardan biri ATƏT-in vasitəçiliyidir. Tərəflər təmasları davam etdirmək qərarına gəliblər”.
Ş.Mişel bəyan edib ki, Belarus xalqının öz gələcəyini özünün həll etmək hüququ var.
ABŞ prezidenti Donald Tramp da Belarus böhranına münasibətini açıqlayıb. O, Ağ Evdə jurnalistlərə açıqlamasında deyib ki, Rusiya ilə bu məsələni müzakirə edəcək. Tramp özünəməxsus tərzdə bildirib ki, Belarusda heç vaxt xüsusi bir demokratiya olmayıb: “Demokratiya görmək mənim xoşuma gəlir. Lakin belə görünür ki, Belarusda o qədər də çox demokratiya yoxdur”. Tramp Belarusdakı etirazların çox böyük və dinc xarakterli olduğunu vurğulayıb.
"AzPolitika.info"

Şərhlər