"Bu, Vaqif Hacıbəyliyə ağlına gələni danışmağa haqq vermir"
Müsavat Partiyasında son günlər yaşanan mübahisələrdə adı tez-tez hallanan partiyanın keçmiş başqan müavini Vurğun Əyyubun Hafta.az-a müsahibəsini təqdim edirik.
- Qurultaydan sonra Müsavat Partiyasının üzvləri arasında gərgin mübahisələrə səbəb olan müzakirələr baş verir. Sizin də adınız bu proseslərdə hallanır. Məqsədiniz nədir?
- Məqsədimiz Müsavat Partiyasını daha da gücləndirmək və daxili demokratiyanı inkişaf etdirməkdir. Qurultayla bağlı konkret narazılıqlar və faktlar var. Partiyanın uyğun orqanları bu faktlara münasibət bildirməlidirlər. Bizim də tələbimiz budur.
- Faktların olduğunu söyləyirsiniz. Ancaq qarşı tərəf bildirib ki, bizə heç bir konkret faktla bağlı müraciət olunmur. Hər şeyi sosial şəbəkə üzərində həll etməyi düşünürsünüz?
- Xeyr, məsələ ilə bağlı lazım olan qaydada partiyanın müvafiq orqanlarına müraciət edəcəyik.
- Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli ilə münasibətlərinizin gərginləşməsinin səbəbi nədir?
- Həyatım boyu Vaqif Hacıbəyli haqqında heç bir söz deməmişəm. Əksinə, həmişə çalışmışam ki, ona hörmətlə yanaşım. Lakin o, heç bir ehtiyac olmadığı halda ünvanıma təhqiramiz ifadələr işlədib. Bildirib ki, son illərdə “Müsavat”da baş verən mənfi halların araxasında guya mən durmuşam. Bunun səbəbinin nə olduğunu bilirəm.
- Nədir səbəbi?
- Bu insanlara heç cür başa salmaq olmur ki, demokratiya bir seçimdir. Partiya başqanlığına namizədlər içərisində Arif Hacılını dəstəkləməmişəmsə, bu, Vaqif Hacıbəyliyə ağlına gələni danışmağa haqq vermir. Ümumiyyətlə, bu cür söhbətlərdən uzaq durmağa çalışıram. Vaqif Hacıbəyli ünvanıma təhqiramiz ifadələr işlətməyincə, heç zaman onun və digər qardaşının ünvanıma söylədiklərinə reaksiya verməmişəm. Ancaq hər şeyin bir həddi var. Susduqca bu adamlar daha da irəli gedirlər.

Şərhlər