MEHDİYEVİN MEDİAYA "ƏXLAQ DƏRSİ" VƏ... - 25 ilin məsuliyyətindən qacmaq cəhdi

"Düzdür, bəzi insanlar mətbuatımızın hazırki vəziyyətində məni də günahlandırırlar..."

"Bir sıra ölkə KİV-lərinin öz səhifələrini səxavətlə iftira kampaniyası üçün tribuna qismində təqdim etdikləri, üstəlik, böhtan atılan tərəfin cavab haqqını görməzdən gəldiyi bu günlərdə dünya erməniliyi Qərbin və Rusiyanın ictimai rəyində Qarabağın erməniləşdirilməsi istiqamətindəki təbliğatı əhəmiyyətli dərəcədə gücləndirmişdir".

Bu sətirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin növbəti məqaləsinin giriş hissəsindən götürülüb. O, bu dəfə Azərbaycanın xarici siyasətini, mətbuatını, ziyalılarını, diasporunu tənqid edib, onların Ermənistanın dünya çapında apardığı məkrli işə qarşı məqsədyönlü fəaliyyət ortaya qoya bilmədiklərini yazıb.

"Erməni diasporunun fəaliyyət xüsusiyyətlərini, iş prinsipini, təbliğatın yaxın və uzaq hədəflərini dərk etmədən onunla effektiv mübarizə aparmaq qeyri-mümkündür. Xarici siyasət, təbliğat və lobbiçilik məsələlərində konseptual baxış olduqca vacibdir. Bu da bizim diplomatlarımızın, politoloqlarımızın və beynəlxalq münasibətlərlə məşğul olan tədqiqatçılarımızın öhdəsinə düşən bir vəzifədir" - deyə R. Mehdiyev vurğulayıb.

Mehdiyev daha sonra qeyd edib ki, şəxsən ona Azərbaycanın xarici siyasət konsepsiyası ilə bağlı ortaya qoyulmuş hər hansı əsaslı, düşünülmüş, sağlam təfəkkür və strateji baxış ehtiva edən heç bir elmi tədqiqat işi məlum deyil.

Maraqlıdır, bu zaman AMEA prezidenti hakimiyyətdə yüksək post tutduğu illərdə bir dəfə də olsun dilinə almadığı Xalq Cümhuriyyəti dövründən sitatlar gətirib: "Müqayisə üçün deyim ki, cəmi 23 ay yaşamış Xalq Cümhuriyyəti dövründə bu məsələ diplomatlarımızı və ideoloqlarımızı dərindən narahat etmişdir. Görkəmli ədib, diplomat və ictimai xadim Yusif Vəzir Çəmənzəminlinin qələmə aldığı həcmcə kiçik, lakin məzmunca olduqca dolğun “Xarici siyasətimiz” əsəri bu axtarışların bariz nümunəsidir. Əsərin yazılma üslubu və strukturu xarici siyasət konsepsiyasının mahiyyətinə çox uyğundur. Diplomatlarımız, politoloqlarımız və tarixçilərimiz bu əsəri diqqətlə mütaliə etməli və onun xüsusilə də giriş hissəsindəki müddəalarından nəticə çıxarmalıdırlar. Çünki müstəqil Azərbaycanın dövrün şərtlərinə uyğun qələmə alınmış belə bir dolğun nəzəri əsərə çox ehtiyacı var".

Ramiz Mehdiyev daha sonra Qarabağ münaqişəsi və effektiv təbliğat problemi kontekstində Azərbaycan KİV-lərinin vəziyyətindən bəhs edib. Bu zaman media və onun rəhbərləri haqqında sərt tənqidi, hətta aşağılayıcı ifadələr işlətməkdən çəkinməyib: "Çox təəssüf ki, bir çox hallarda bizim qəzet və elektron informasiya vasitələrimiz qərəzsiz analizlər təqdim etmək, xalqı maarifləndirmək və gercək təhlükələr haqqında təhlillər vermək əvəzinə, ölkə üçün həssas məsələlərdə susmağa üstünlük verirlər. Əgər onlar bununla xalqa xidmət etdiklərini düşünürlərsə, çox səhv edirlər. Mətbuat cəmiyyətin aynasıdır və bu ayna dövlət siyasətini və ictimai-siyasi proseslərin inkişafını həqiqi mahiyyətinə uyğun əks etdirməlidir. Əgər mətbuat bunu edə bilmirsə, deməli o, ya səriştəsizdir, ya da qərəzlidir. Hər iki halda o, cəmiyyət üçün faydasızdır. Heç kim üçün sirr deyil ki, ölkəmizdə çıxan qəzetlərin və fəaliyyət göstərən informasiya agentliklərinin bir çoxu cənab Prezidentin iradəsilə dövlətdən davamlı maliyyə yardımı alır. Dövlət başçısının qayğısı nəticəsində bir çox jurnalistlər və redaktorlar mənzillərlə təmin ediliblər. Bəs görəsən onlar öz dövlətlərinə və vətənlərinə hansı faydanı veriblər?"

AMEA prezidentinin sonrakı fikirləri isə daha kəskin olub: "Çeynənmiş, bir-birini təkrarlayan tezisləri, içi boş fikirləri tirajlamaqla ölkəyə heç bir fayda verilə bilməz. Həqiqi mətbuat nümayəndəsi dövlət və xalq qarşısındakı mənəvi məsuliyyətini dərk etməlidir".

Tənqidlərinə uzun illər faktiki ölkənin ikinci şəxsi olmuş məmur kimi deyil, “kənar müşahidəçi” kimi davam edən R.Mehdiyev yerli mətbuatın bu istiqamətdəki fəaliyyətinin faydalılıq əmsalıından, təbliğat effektinin çox aşağı olmasından gileylənib: "Vətəndaşlara əsaslı, faktlara söykənən, həqiqəti əks etdirən araşdırmalar təqdim olunmalıdır. Hamımıza yaxşı məlumdur ki, Azərbaycan KİV-lərinin bir çoxu davamlı olaraq öz auditoriyasını itirməkdədir. Maraqlıdır, informasiya müharibəsi şəraitində biz yerli əhalinin belə etimad etmədikləri KİV-lərə necə ümid edə bilərik? Ölkə başçısı öz tərəfindən milli mətbuatımızın inkişafı üçün əlindən gələni edib. Redaktorlar da öz növbələrində zəhmət çəkib, ictimaiyyəti sanballı yazılarla, aktual xəbərlərlə vaxtlı-vaxtında təmin etsinlər".

Bu yerdə Ramiz Mehdiyevin müxalifətsayağı tənqidlərini saxlayıb, ona ritorik suallar ünvanlamaq yerinə düşər: Prezident Administrasiyasının rəhbəri olduğu 24 il ərzində media bilavasitə onun kurasiyasında olub. Bu müddətdə Azərbaycan mətbuatının hansı ağır şərtlər, basqılar altında çalışması məlumdur. Senzura, məhkəmə iddiaları, jurnalistlərin həbsi, fiziki zorakılıqlara məruz qalması, tirajlı qəzetlərin susdurulması və bu sayaq çoxsaylı problemlər medianın həyat tərzinə çevrilib. Baş ideoloqun YAP-ın qurultayının yekun bəyanatına öz əlləri ilə ölkənin ən populyar üç müxalif nəşrini "arzuolunmaz" yazması da yaddaşlardan silinməyib.

Mehdiyev məqaləsində bir anlıq tənqidlərinə fasilə verib medianın düşdüyü vəziyyətə görə öz günahlarını da yada salıb: "Düzdür, bəzi insanlar mətbuatımızın hazırki vəziyyətində məni də günahlandırırlar. Ancaq bu vəziyyət əksər hallarda mətbuat nümayəndələrinin bir çoxunun intellektual səviyyəsindən, dünyagörüşündən, şəxsi keyfiyyətlərindən, mənəvi dünyasından və həyat fəlsəfəsindən qaynaqlanır. Əgər əqidə, mənəviyyat, intellekt və əxlaq dəyişməsə, kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir".

Bu cümlələri quraşdırmaqla Mehdiyev məsuliyyəti öz üzərindən atıb media rəhbərlərinə yükləmək istəyir. Kobud desək, "nə olsun ki, biz onlara belə tapşırırdıq, problem onların şəxsiyyətindən, mənəvi keyfiyyətlərindən qaynaqlanır". 

Bu zaman yəqin ki o, qəzet rəhbərləri ilə Prezident Administrasiyasındakı kabinetində həftəlik planlaşdırmalarını xatırlayır. Bu tapşırıqlar medianı məhv edən, cəmiyyəti iyrəndirən, siyasi rəqibləri qurşaqdan uşağı vuran hər cür qara piar elementləri ilə dolu idi. Hakimiyyət qəzetlərini, nüfuzdan, tirajdan məhrum edən əsas faktor da Mehdiyevin seçib ictimai rəyə itələdiyi bu mövzular idi.

Məqalənin sonunda "şah əsərini" tənqid edib yerə qoyan akademik müdrik görkəm alaraq hər kəsi deyilənlərdən lazım olan nəticəni çıxarmağa, öz payına düşən məsuliyyəti dərk etməyə çağırıb. 

Bunu 25 ildə öz tutduğu vəzifənin məsuliyyətini dərk etməyən, əlindəki inzibati, siyasi gücü cəmiyyətin yıpradılmasına, onun güzgüsü olan medianın sındırılmasına həsr etmiş 83 yaşılı Ramiz Mehdiyev deyir. Deyiləcək başqa söz yoxdur!...

"AzPolitika.info"

635x100

Şərhlər

Oxucu 2020-09-01 00:08:30

Saytın adını dəyişdirib, ramiz.az qoymaq lazımdır.

İlqar əmədov 2020-08-31 19:48:00

Bu yazılarda təəcüblü bir şeyytoxdur.Son 25-27 ildə işlə təmi olunaraq yüksək vəzifələrə təyib edilmişlərin hamısının işini araşdıran olsa eyni səhnənin şahidi olarsınız.Çünki bunlar iqtidarn qoyduğu normativlər üzrə işləyiblər.Ona görə də rüşvət.korrupsiya,büdcə yeyintiləri ilə milyonlar sahibi olanlar hətta işdən azad edildikdə belə sorğu-sualdan azad edilirlər.Misal: Ziya Məmmədov,İbrahimovlar.Fazil Məmmədov,icra başçıları və sairə.Nə üçün onlar qanunla cəzalanmadılar?Bunlar sistemin düz və namusla qurulmadığını,təsadüfi adamlara bilərəkdən vəzifə verildiyini təsdiqləyir.Rüşvətlə təyin olunanlar bəs necə olmalı idilər ki?ty

Ziyalı 2020-08-31 00:04:21

Ağsaqqalın bir cümləsində səhv varsa deyin səhv deyir.

Qoca Molla 2020-08-30 17:28:52

Deyesen bezi insanlar sakitce oturub menim Yasinimi gozlemekde cetinlik cekirler

Vətəndaş 2020-08-30 16:06:10

Mehiyevin azərbaycandakı vəziyyətlə əlaqədar tərifləncək chəti yoxdur və bunu hamı bilir.Ancaq bir məqam düşündürücüdür.Axı bu ərəfədə Baş nazir.Hadı Rəcəbli,B.Əyyubovda toylar ediblər.Niyə onların toyları belə ajiotajla tənqid edilmir? Çünki o toylarda da məmurlar iştirak ediblər...

Mahirə 2020-08-30 12:32:54

YAP-ın 30 il mövcudluğu orada uzaq olduqlarını dəfələrlə üzə çıxardığı kadrları ilə sübuta tam yetrib.Buna kifsyə qədər sübut var.Deməli sistem və idarəçilik metodları dəyişməli və arenaya yeni,pozulmamış,YAP-dan çox uzaq olan insanlar çıxarılmalıdır.mənəviyyat,əxlaq.intelektdən

RİZVAN 2020-08-30 12:29:16

Fərz edək Mehdiyev səhv təkliflər verib. Bəs qərar qəbul edənlər?Onlar da kənarda saxanıla bilməz!Axı idarəçilik ağıl,təcrübə və yoxlanılmış qərarlar verilməlidir.Dövlət zarafatla idarə olunmur.

Təqaüdçülər qrupu 2020-08-30 12:18:12

Ağsaqqaldan məsləhət alarlar! Onları atmış rəsmi Bakı deyəsən, bu BaşSaqqalla ikicə Kremlliyə bağlı qalıblar?

Amin 2020-08-30 09:49:51

Bu yaz; onun q'l'mind'n ,;xmay;b O bu savada malik deyil Görəsən onun siyasi texnoloqu kimdir?Qaldö idi Azərbaycanda dövlətçiliuk tənəzül edir Əsas reallıq budur

Mahir 2020-08-30 09:30:46

"Əgər əqidə, mənəviyyat, intellekt və əxlaq dəyişməsə kuratorların yenilənməsi əbəsdir" deməklə bu nəyə işarə edir? Sarı simə vurur...Yenə dilini faragat qoymur.Təhdid edir.

Nazim 2020-08-29 22:28:54

Bunun nazi ile cox oynanilir...

Mehemmed 2020-08-29 21:15:39

Serhsiz qoca .’’’’’’’’’’’’’’’’

Səid 2020-08-29 20:44:19

Həqiqətən deyiləcək başqa söz yoxdur!!! Ramiz müəllim görəsən hakimiyyətdə olduğunuz dövrdə yadınıza belə düşməyən mövzular niyə birdən birə yadınıza düşüb?! Milli mübarizə, itaətsizlik, cəmiyyətin haqsızlığa etirazı və s. səbəblərdən "Yenilməz Batalyon" filminin nümayişini qadağan etdirdiyiniz dövrlər nə tez yadınızdan çıxıb?!! Deyəsən sizin ifanızda daha çox sensasiyalı görəcəyik...

Son yazılar