AKADEMİK VƏ PONTİ PİLAT – Ramiz Mehdiyevin “əllərini yumaq” cəhdi

Ponti Pilat Roma İmperiyasının Yəhudi əyalətindəki prefekti, Suvarilər rəisi, bir növ canişini olub. Onun obrazı Mixail Bulqakovun “Master və Marqarita” əsərində xüsusi yer tutur. Qədim dini rəvayətə və bəzi tarixi mənbələrə görə, Sinedrionun (yəhudilərin dini şurasının) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsa peyğəmbərə ölüm hökmü verməkdən üç dəfə çəkinib. Lakin o, dini şuranın tələbi və bir növ həmin dövrün nankorluqları, satqınlıqlar, cəmiyyətin biganəliyi və s. ucbatından İsa peyğəmbərin qətlinin qarşısını ala bilməyib. 

İncildəki rəvayətə görə, Pilat bu zaman İsa peyğəmbərin töküləcək qanında günahı olmadığına işarə olaraq, qədim yəhudi ənənəsinə uyğun şəkildə xalqın qarşısında su götürüb əllərini yuyur. İvrit dilindəki məşhur “Netilat Jadajim” ‎- yəni, “əllərimi yuyuram” ifadəsi də buradan əmələ gəlib...

Ramiz Mehdiyev son məqaləsi ilə həmin rəvayəti xatırladır və 30 ilə yaxın müddətdə cəmiyyətimizdə, elmimizdə, mədəniyyətimizdə, ziyalı təbəqəsində, mətbuatda və s. sahələrdə yaranan bütün eybəcərliklərdəki müstəsna rolunu danmağa, boynundan atmağa və özünü bir növ Ponti Pilat obrazında təsəvvür edərək, “əllərini yumağa” çalışır. Lakin Pilat doğrudan da İsa peyğəmbərin edamının qarşısını almağa çalışdığı halda, R.Mehdiyev əksinə, cəmiyyətimizin şah damarını təmsil edən bütün münasibətlər, mənəvi dəyərlər sisteminin mümkün qədər tez qətl edilməsi üçün əlindən gələni edib. İndi isə yaranmasında danılmaz və xüsusi rolu olduğu təbliğat maşınının özünün üzərinə gəlməsinə, “qanunun sərt üzü”nü özünün və yaxınlarının üzərində hiss etməsinə dözməyən Mehdiyev bütün məsuliyyəti cəmiyyətin, xalqın, bəzi hallarda isə hətta üzvü olduğu hakimiyyətin üzərinə atır və bu zaman nə qədər qəribə olsa da, dini mənbələrə istinad edir və yazır: “Neqativ irsin təsirlərində məni, yaxud bir başqa müasirimizi günahlandırmaq doğru olmazdı. Ziyalıların konyuktura uyğun formalaşdırılması ənənəsinin kökü kəsildikcə, tədricən azad, öz baxışı və iradəsi olan yaradıcı nəsillər yetişəcəkdir. Belə dəyişikliklər zaman məsələsidir və onlar mütləq baş verəcək... Cəmiyyətimiz təfəkkürünü islah etmək, mədəniləşmək, mənəviyyatını saflaşdırmaq, intellektini artırmaqla özü bu dövrü yaxınlaşdırmalıdır. Müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: “Hər hansı bir qövm öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz”...

...İsa peyğəmbəri satan və ondan üz döndərən bəzi həvarilərin xəyanəti, Məhəmməd peyğəmbərin ölümündən sonra səhabələr arasında baş verən nifaqlar, onun nəvəsi İmam Hüseynin ailəsi ilə birlikdə özünü müsəlman hesab edən bir cəmiyyətin qorxaqlığı və hərisliyi səbəbindən xaincəsinə şəhid edilməsi insan xislətinin naqisliyinə dəlalət edən danılmaz tarixi sübutlar deyilmi? Peyğəmbərlərin belə öhdəsindən gələ bilmədiyi bir missiyanın yerinə yetirilməsini məndən gözləyənlər ya çox sadəlöhv, ya da hədsiz dərəcədə qərəzli şəxslərdir...

Göründüyü kimi, ən böyük “əsəri” icra strukturlarının idarə edilməsindən tutmuş parlamentin formalaşdırılmasına qədər bütün idarəçilik sisteminə çökdürülmüş korrupsiya, məddahlıq, saxtakarlıq mexanizmi olan akademik bütün günahları cəmiyyətin, xalqın üzərinə atır və onu aşağılayaraq, bu münasibətə layiq olduğunu sübut etməyə çalışır.

R.Mehdiyevin mətbuat haqqında dedikləri isə nə qədər həqiqətdirsə, bir o qədər də özünün fəaliyyətinin yaratdığı acınacaqlı durumun etirafıdır: “Azərbaycan mətbuatının problemləri və onun inkişaf perspektivləri məni daim narahat edən məsələlərdən olub. Mən bu barədə öz fikirlərimi yazmışam və KİV redaktorları ilə görüşlərimdə də mövqeyimi dəfələrlə onlara çatdırmışam. Administrasiyanın rəhbəri olduğum dövrdə də, indi də Azərbaycan mətbuatının vəziyyəti məni əsla qane etməyib... Televiziyaların loqolarını və studiyalarını, saytların dizaynlarını dəyişməklə, köhnə aparıcıları, qonaqları yenilərilə əvəzləməklə, əsassız tənqid dozasını artırmaqla azad, mütərəqqi, cəmiyyətin problemlərinə həssas yanaşan, əqidəli mətbuat yaratmaq cəhdləri əbəsdir... Məsələnin həlli mətbuatın roluna sistemli baxışdan və ictimai iradədən keçir.”

Sözsüz ki, KİV redaktorları R.Mehdiyevin barəsində söz açdığı həmin görüşlərdə nələrin deyildiyini, hansı tapşırıqların verildiyini və bunların nə mətbuatın azadlığına, nə inkişafına, nə də əqidəsinə xidmət etmədiyini çox gözəl xatırlayır və bilirlər. İctimai iradəyə gəldikdə isə, R.Mehdiyevin xüsusi rol aldığı vətəndaş cəmiyyətinə basqılar, ictimai fəallara qarşı bəzən absurd səviyyəyə çatan, milli-mənəvi dəyərlərin tapdanması ilə müşayiət olunan, bütün əndazələri aşan mənəvi və fiziki təzyiqlərdən sonra hansı ictimai iradədən söhbət gedə bilər?

“Karantin günlərində müxtəlif məclislər təşkil etməklə, inzibati xəta törədən və sosial şəbəkələrin müzakirə mövzusuna çevrilən yüksək vəzifəli şəxslərin heç biri hələ də əlləri qandallı məhkəmə önünə çıxarılmayıb”. Əslində, məhz bu fikir R.Mehdiyevin yazdığı son məqalələrin ən yığcam ifadəsi və məqsədi sayıla bilər. Ümumilikdə isə bütün yazdıqlarının əsas məğzi tutduğu ali vəzifəni itirməsinin yaratdığı hikkə, yeni vəzifəsindən bərk-bərk yapışmaq, məmur tayfasının oğru-quldur kəsiminin üzərində nüfuz və təsirini saxlamaq istəyindən və nəhayət, kürəkəninin qandallanmasının yaratdığı hiddətdən qaynaqlanır.

“Hər zaman belə olub, belə də olacaq. Satılmaq istəyənlər satılacaq, əqidəsini dəyişmək istəyənlər dəyişəcək və belə insanların öz hərəkətlərini əsaslandırmaq üçün həmişə bir bəhanəsi tapılacaq...” Bunu da R.Mehdiyev deyir və düz deyir. Lakin gərək bu sıraya vətənini, xalqını satanları da əlavə edəydi...

Həm də mənəviyyatın, ləyaqətin, əqidənin satılması barədə danışan hörmətli akademikdən soruşan lazımdır ki, malik olduğu və dəyəri hər halda 100 milyonlarla ölçülən var-dövlətini, mal-mülkünü, cah-cəlalını necə əldə edib, bəlkə o da nəyisə satıb? Axı aldığı rəsmi məvacib bütün bunlara malik omaq üçün qətiyyən yetərli deyil. Deməli, ortada nəsə satılıb. Görəsən nə?...

Yeri gəlmişkən, tarixdə əvvəldə barəsində söz açdığımız Ponti Pilatın sonrakı həyatı haqqına çoxlu ziddiyyətli məlumatlar mövcuddur. IV əsrdə yaşamış Yevseviyə görə o, Qaliyaya Vyennə göndərilib və orada da özünə qəsd edərək, həyatıyla vidalaşıb. Digər apokrif yazıda göstərilir ki, onun cəsədi Tiber çayına atılıb, lakin bu hal çay sularında coşqunluq yaratdığından cəsəd çıxarılıb və Vyennə aparılaraq Rona çayı sularında batırılıb. Nəhayət, hadisə təzədən təkrarlandığından cəsəd çıxarılaraq Alp göllərinin birində batırılıb...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Nerman 2020-09-03 06:49:18

Ramiz Mehdiyev heqiqeten de emellerinden peşmandırsa, tövbe etmek isteyirse bilsin ki Allah heqiqeten de tövbeleri qebul edir; R.Mehdiyev önce Allaha semimi tövbe etmeli, haram topladığı bütün emlakı evsiz-eşiksizlere bağışlamalı ve insanlara qarşı töretdiyi emelleri xalqa açıqlayıb halallıq istemelidir. Bunu etse dine esasen, o Allahın sevimli bendesi kimi de qebul oluna biler.

Aborigen 2020-09-02 21:04:09

Əgər ramiz mehdiyev 2 il vəzifədə olsaydı bu deyilənləri çox asanlıqla səmimi hesab etmək olardı: yarıtmaz adam vəzifəyə gəldi, dərhal iç üzü məlum oldu və vəzifədən uzaqlaşdırıldı. Ay camaat, bu adam İYİRMİ BEŞ il dövlətin aparıcı şəxslərindən biri olub! Bəs niyə susmuşdunuz? Niyə onu tərifləyib göylərə qaldırmışdınız? Niyə onun əməlləri ilə barışmısınız? Niyə onun qarşısında ikiqat olmusunuz? Bəs indi nə istəyirsiniz?...

Eldar 2020-09-02 19:48:07

Pilatın hakimiyyəti böyük şiddət və edamlarla müşayiət olundu [3]. Vergi və siyasi zülm, Pontius Pilatenin yəhudilərin dini inanclarını və adətlərini təhqir edən hərəkətləri, Romalılar tərəfindən amansızlıqla yatırılan kütləvi xalq qiyamlarına səbəb oldu. Pilatın çağdaşı olan İsgəndəriyyə filosofu Filo, onu heç bir mühakimə olunmadan törədilmiş çoxsaylı edamlarda günahkar olan qəddar və pozğun bir zalım kimi xarakterizə edir. Yəhudi kralı I Agrippa, İmperator Caligula'ya yazdığı bir məktubda Pilatın çoxsaylı cinayətlərini də sadalayır: "rüşvət, zorakılıq, soyğunçuluq, pis rəftar, təhqir, məhkəmə qərarı olmadan davamlı edamlar və sonsuz və dözülməz qəddarlığı"

Son yazılar